Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Un niyə bahalaşıb?
Pərviz Heydərov yazır...
Ölkədə ərzaq buğdasının biçin dövrü artıq, yetişmək üzrə olduğu bir vaxtda unun qiyməti 7% civarında artıb. Belə ki, aprel ayında 50 kiloqramlıq bir kisə un 25 manat 5 qəpik qiymətə satılırdısa, bu ay sözügedən rəqəm 27 manat 35 qəpik təşkil edir.
Buna sözügedən məhsul növü üzrə təklifin enməsi səbəb olaraq göstərilir. Halbuki, həm ölkəyə idxal qənaətbəxş səviyyədədir, həm də qeyd etdiyim kimi, xammal tədarükü dövrü artıq, yetişmək üzrədir. Odur ki, qiymətlər əslində, dəyişməli deyil.
Ölkəmizdə əhalinin istehlak səbətində əsas yer tutan un niyə bahalaşıb ? Bunun ardınca, çörək də bahalaşa bilərmi?
Yuxarıda qeyd etdim ki, hazırda elə bir mövsümdür ki, unun qiyməti artmalı deyil. Hətta, bir az da dərinə getsək ucuzlaşmalıdır. Çünki buna əsas verən bir sıra amillər mövcuddur.
Sual olunur, necə oldu ki, Ukrayna-Rusiya müharibəsi başlayandan bir qədər sonra dünyada kəskin taxıl böhranı yarandığı halda bizdə bu sahədə heç bir ciddi bahalaşma və sair ortaya çıxmadı, amma indi un qıtlığı yarandığı və buna görə də qiymətlərin yüksəldiyi deyilir?
Bəli, həqiqətən də, bizdə çörəyin və unun qiymətini həmişə hökumət tənzimləyib. Bu da dolayı yolla dövlət büdcəmizə hər il xeyli vəsait itkisi hesabına başa gəlir. O da bəllidir ki, ölkəmiz buğda sarıdan idxaldan asılı ölkələr sırasındadır.
Lakin...
Real olaraq, dünyada taxıl və un tədarükü sahəsində heç bir ajiotaj müşahidə edilmir. Sadəcə olaraq, bu il Rusiyada buğda istehsalının azalacağı gözlənilir ki, ölkəmiz də idxalı əsasən bu ölkədən həyata keçirir. Ancaq, adıçəkilən ölkədə sözügedən gözlənilən azalma heç də, o qədər çox təşkil etməyəcək.
Statistikaya əsasən, ölkəmizə ümumən buğda idxalı özü tələbdən dolayı azalıb və azalmaqda da davam edir. 2023-cü ilin ilk 4 ayı ərzində ümumi dəyəri 123 milyon 989 min 840 ABŞ dolları olmaqla 409 milyon 038 min 750 ton buğda gətirilmişdisə, cari ilin eyni dövründə bu rəqəm 59 milyon 697 min 630 ABŞ dolları olmaqla 266 milyon 609 min 010 ton təşkil edib.
Digər tərəfdən, ölkədə un və çörək məhsullarının istehlakı da enib ki, statistikaya nəzərən bu da davamlı xarakter daşıyır. Məsələn, bu ilin ilk 3 ayı ərzində 262 milyon 100 ton çörək istehsal edilib ki, bu da illik müqayisədə 8,2% aşağı deməkdir.
Odur ki, un istehsalı da azalıb.
2023-cü ilin birinci rübü ərzində 391 milyon 070 ton buğda unu istehsal edilmişdisə, 2024-cü ilin eyni dövründə qeyd olunan rəqəm 6,5% azalaraq 365 milyon 380 ton təşkil edib.
Ümumiyyətlə, əhalinin artmasına baxmayaraq, son vaxtlar ölkədə buğda məhsulları və çörəyin istehsalı azalmaqdadır. 2023-cü ildə unun istehsal həcmi illik müqayisədə 2,6% azalaraq 1 milyon 328 min 750 tona, çörək isə 3,1% azalaraq 1 milyon 207 min 150 tona düşmüşdü.
İdxal həcminin azalması da elə məhz bununla əlaqədardır.
Sözün qısası, un bahalaşmalı deyil, əksinə ucuzlaşmalıdır. Çünki buna həm obyektiv və həm də subyektiv səbəblər var. Unun 7% civarında bahalaşması yalnız spekulyativ amillərin təsirlərinin nəticəsidir.
Bu, tezliklə taxıl biçini mövsümünün başlanacağı ilə əlaqədar qiymətlərin ucuzlaşacağı qarşısını qabaqcadan almaq məqsədi daşıyır ki, qeyd olunan tendensiya da bilavasitə, idxal ilə məşğul olan dairələrin bazara təsir imkanlarının daha güclü olduğunu göstərir.
Unun bahalaşması çörəyin qiymətini yüksəltməyəcək. Əhalinin istehlak səbətində əsas yer tutan bu strateji məhsulun qiymətində spekulyativ təsir və təzyiqlərə son qoymaq üçün yerli istehsal ilə idxalda inhisarçılıq aradan götürülməli və paralel olaraq da ölkədə çörək və digər un məmulatlarının qiymətləri tədricən sərbəst buraxılmalıdır.
Bazar sərbəst olarsa, yerli buğda istehsalı da həm həcmcə, həm də keyfiyyətcə arta bilər. Daxili tələbat müvafiq rəqabət şəraiti yaratmaqla özü bunu stimullaşdırar. Bir az dərinə baxdıqda biz bu sahədə əslində, gecikmişik.
"Ukrayna" teqi üzrə xəbərlər
- Rusiya ordusu Donbasda strateji yaşayış yerini nəzarətə götürüb
- Hər an ölümlə üz-üzə: Donbasda faciələrə məruz qalan azərbaycanlılar
- Rusiya hərbçiləri Donetskdə yaşayış məntəqəsini nəzarətə götürdülər
- Zelenski Ukraynanın bəzi səfirlərini və BMT-dəki daimi nümayəndəsini işdən azad edib
- Slovakiyanın baş nazirindən iddia: "Zelenski mənə 500 milyon avro rüşvət təklif etdi"