"Polşa Banklar Assosiasiyası Azərbaycan bank sektorunu mühüm tərəfdaş kimi görür və iki ölkə arasında strateji əməkdaşlığın daha da dərinləşdirilməsini prioritet hesab edir".
Oxu.Az xəbər verir ki, bunu IX Beynəlxalq Bankçılıq Forumunda çıxışı zamanı Polşa Banklar Assosiasiyasının icraçı vitse-prezidenti Vlodjimirj Kiçinski deyib.
Onun sözlərinə görə, iki ölkə arasında dostluq münasibətləri və artan iqtisadi əməkdaşlıq bank sektorunda yeni tərəfdaşlıq imkanları yaradır:
"Polşa Banklar Assosiasiyası ölkədə fəaliyyət göstərən 550 bankı - kommersiya və kooperativ bankları - təmsil edir və sektor geosiyasi çağırışlara, artan investisiya tələbinə və müştəri gözləntilərinə uyğun olaraq dəyişir. Polşa bank sistemi rəqəmsallaşma səviyyəsinə görə dünya liderləri arasındadır və rəqəmsal bankçılığın 34 qlobal lideri arasında dörd Polşa bankı yer alır".
V.Kiçinski əlavə edib ki, Polşada banklarla dövlət qurumları arasında sıx əməkdaşlıq var və süni intellekt maliyyə xidmətlərində geniş tətbiq olunur.
Aqil Vəlili