“Azərbaycanda antidempinq qanunun qüvvəyə minməsi ölkəyə gətirilən mallara daha yüksək vergilərin tətbiq edilməsi deməkdir. Məqsəd isə xaricdən gətirilən mallara daha yüksək vergi dərəcələri tətbiq etməklə daxili bazarı qorumaqdır.
Məsələn, bəzi hallarda İran və Türkiyədən daha ucuz məhsul Azərbaycana gəlir, yerli istehsalçı isə bu halda istehsal etdiyi məhsulu sata bilmir”.
Bu barədə iqtisadçı-ekspert Vüqar Bayramov Prezident İlham Əliyevin “Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında” qanunun tətbiqi barədə fərmanını şərh edərkən deyib.
Onun sözlərinə görə, antidempiq ölkədə istehsal olunmayan məhsullara tətbiq ediləcəksə, bu xaricdən gələn məhsulların qiymətini artıra bilər:
“Bu qanunun tətbiqi zamanı hökumətin çox diqqətli olmasına ehtiyac var. Antidempinq tədbirləri o məhsullara tətbiq edilməlidir ki, həmin məhsulların ölkə daxilində istehsalı var. Ölkədə istehsal olunmayan və ya az istehsal olunan məhsullara antidempinq tətbiq ediləcəksə, bu nəticə etibari ilə qiymətləri artıracaq. Bununla da istehlak bazarında yeni qiymət artımları müşahidə edilə bilər.
Bu isə xaricdən gələn məhsulların qiymətinin artması deməkdir. Bu baxımdan məhsulların siyahısı hazırlanan zaman daha həssas və ehtiyatlı olmaq lazımdır”.
V.Bayramov əlavə edib ki, qanunun tətbiqi Ümumdünya Ticarət Təşkilatının (ÜTT) prinsiplərinə uyğundur:
“Azərbaycan ÜTT-ə üzvlük ilə bağlı müraciət edib. Bu istiqamətdə hökumət danışıq və müzakirələr aparır. Buna görə də, ÜTT-nin prinsiplərinə uyğun olaraq antidempinqin tətbiqi vacibdir ki, təşkilat ilə ölkə arasında müzakirə və danışıqlarda hər hansı çətinlik yaranmasın”.
O, həmçinin əlavə edib ki, bu qanun daha çox ərzaq və kənd təsərrüfatı məhsullarına tətbiq ediləcək:
“Güman edilir ki, antidempinq daha çox kənd təsərrüfatı və ərzaq məhsullarına tətbiq ediləcək, amma geyim və texnoloji avadanlıqlara antidempinqin tətbiqi məqsədəuyğun deyil, çünki bu sektor Azərbaycanda, hələ ki, tam inkişaf etməyib.
Hələ ki, həmin məhsulların konkret adları barəsində nəsə demək mümkün deyil, çünki siyahının hazırlanması Nazirlər Kabinetinə tapşırılıb”.
Qeyd edək ki, Prezident İlham Əliyev “Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında” qanunun tətbiqi barədə fərman imzalayıb.
Bu qanun Azərbaycanda iqtisadi maraqların müdafiəsi məqsədi ilə yerli istehsal sahəsinə zərər vuran və ya zərər vurma təhlükəsi yaradan dempinqli, subsidiyalaşdırılmış və ya artmış idxala qarşı antidempinq, kompensasiya və mühafizə tədbirlərinin tətbiqi qaydalarını tənzimləyir.
Qanunda dempinqli idxalın müəyyən edilməsi, dempinqli idxalla bağlı istehsal xərclərinin və mənfəətin hesablanması, dempinqli və ya subsidiyalaşdırılmış idxal nəticəsində yerli istehsal sahəsinə vurulan maddi zərərin müəyyən edilməsi və sair məsələlər əksini tapıb.
Fərmanda Nazirlər Kabinetinə tapşırılır ki, Azərbaycan Respublikası qanunlarının və Prezidentin aktlarının “Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.
Ülviyyə R. Əli
www.oxu.az