"Əhalinin artması, iqtisadiyyatların inkişaf etməsi və süni intellektin enerji tələbatını sürətlə yüksəltməsi nəticəsində daha çox elektrik enerjisinə ehtiyac yaranır. Bu artan tələbatın qarşılanması üçün isə təbii qaz kimi enerji resursları mühüm rol oynamağa davam edəcək".
Oxu.Az xəbər verir ki, bunu Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) XRG şirkətinin Azərbaycan üzrə ölkə meneceri Tolqa Demir 31-ci Bakı Enerji Forumu çərçivəsində keçirilən "Qaz sessiyası - bazarlar, nəqliyyat marşrutları və geopolitika" adlı panel sessiyada bildirib.
O bildirib ki, bu gün enerji sənayesi əvvəlkindən daha mürəkkəbdir:
"Çünki sənaye üç əsas amil arasında tarazlıq yaratmalıdır: enerji təhlükəsizliyi, əlçatanlıq və dayanıqlılıq. Buna bəzən "enerji üçlüyü" də deyilir. Sadə şəkildə desək, hər kəs etibarlı, münasib qiymətli və eyni zamanda ətraf mühitə dost enerji həlləri istəyir. Nəticə etibarilə bu həllər həm ev sahibi ölkələrin, həm də beynəlxalq tərəfdaşların əməkdaşlığı nəticəsində formalaşacaq. Biz bunu həm Birləşmiş Ərəb Əmirliklərində, həm də Azərbaycanda görürük. Uğurun əsasında güclü və etibarlı tərəfdaşlıqlar dayanır".