Pərviz Heydərov yazır...
İqtisadiyyatın qeyri-neft-qaz sektorunun qanadlarından birini sənaye, digərini kənd təsərrüfatı təşkil edir. Qeyri-neft-qaz sektorunun inkişafı ölkəmizdə hələ prioritet elan edilməmişdən qabaq da bu iki sahə əslində həmişə diqqət mərkəzində olub. Ancaq lazımi inkişaf səviyyəsi əldə etməyib. Xüsusən də kənd təsərrüfatında son dövrlər ərzində aşkar durğunluq şəraiti yaranıb ki, bu da mayın 25-də Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə dair keçirilən müşavirədə açıq qeyd edildi.
Odur ki, ölkə başçısı kənd təsərrüfatının inkişafına aid hələ xeyli əvvəl Prezident Administrasiyası ilə Hökumətə hərtərəfli, əhatəli yeni bir Dövlət Proqramının hazırlanması ilə bağlı tapşırıqlarını verdi, sənədin həm dövlət, həm də özəl sektor tərəfindən cəlb ediləcək investisiyaları özündə ehtiva etməli olduğunu qeyd etdi.
"Proqram çox konkret və qısamüddətli olmalıdır", - deyə Prezident İlham Əliyev nəzərə çatdırdı.
Sual yaranır ki, müşavirədən bir neçə saat sonra dərhal təsdiqini tapan "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026−2030-cu illər üçün Dövlət Proqramı" bütün bu tələblərə cavab verirmi ? Yəni, bütün deyilənlər sözügedən sənəddə əksini tapıbmı?
Bəli, qalır sadəcə olaraq, onu keyfiyyətli şəkildə həyata keçirmək.
Bəs, bunun üçün nə etmək lazımdır?
Hesab edirəm, hər hansı bir sahəyə dair qəbul edilən Dövlət Proqramı sənədini uğurla icra etmək üçün tələb olunan birinci şərt ilk növbədə həmin sahədə məhz inkişafa mane olan və yaxud onu məhdudlaşdıran amil və cəhətləri aşkarlayaraq aradan qaldırmaqdan ibarət olmalıdır.
Ölkəmizdə aqrar sektorda indiyədək həyata keçirilən dəstəyə uyğun olaraq müvafiq inkişaf səviyyəsinin əldə olunmamasına əsas səbəb və amil isə düşünürəm ki, rəqabətsizlik şəraiti sayılmalıdır.
Azərbaycan müstəqillik əldə etdikdən indiyədək kənd təsərrüfatına sərf olunan ümumi vəsaitin statistikası dəqiq məlum olmasa da, ötən onilliklər ərzində ayrılan birbaşa subsidiyalar, müxtəlif proqramları üzrə vəsaitlər, güzəştli kreditlər, infrastruktur xərclər və s. ildən-ilə artırılıb.
Bunun müqabilində effektlilik isə adekvat xarakter daşımayıb. Təkcə subsidiyalaşdırma üzrə əldə olunan nəticələr buna əyani sübutdur.
Ümumiyyətlə, dövlət tərəfindən aqrar sektora ayrılan birbaşa maliyyə vəsaiti ilbəil artıb və artır. Cari ildə dövlət büdcəsindən kənd təsərrüfatı xərclərinə 1.2 milyard manat vəsait nəzərdə tutulub ki, bu göstərici 2025-ci il ilə müqayisədə 1.5% (18 milyon manat), 2024-cü ilin icrası ilə müqayisədə isə 11.5% (126 milyon manat) çox deməkdir. 2024-2025-ci illərdə isə bu sahəyə ayrılan illik büdcə xərcləri təqribən 1.07-1.18 milyard manat ətrafında olub.
Bütün bunlardan əlavə, ölkədə irimiqyaslı regional infrastruktur layihələrinə - suvarma kanallarının çəkilməsinə, aqroparkların yaradılmasına, meliorasiya işlərinə milyardlarla manat vəsait xərclənib.
Bununla belə, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsi ÜDM istehsalı həcmində 5.9% paya sahibdir. Düzdür, qeyd oluna bilər ki, inkişaf etmiş ölkələrdə sözügedən rəqəm bundan da aşağı səviyyədədir. Hələ üstəlik, onlarda əhalinin də bizdəki kimi 35.4%-i deyil, cəmi 1-3%-i kənd təsərrüfatında çalışır.
Ölkəmizdə rəsmi məşğul əhalinin 1 milyon yarımdan çox hissəsi aqrar sektorda çalışdığına görə kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq ÜDM-də gərək 15-20% pay təşkil etməli idi.
Bu, nəyi göstərir? Azərbaycanda aqrar sahənin qeyri-müasir səviyyədə inkişaf etdiyini və müasir tələblərə uyğun vəziyyətdə olmadığını. Ümumiyyətlə, bu və ya digər sahədə əməktutumluluğun yüksəkliyi iqtisadi effektivliksizlik göstəricisidir. Belə ki, hansı sahədə ki, işçi qüvvəsinin sayı az məhsuldarlıq isə yüksək təşkil edirsə demək orada texnologiyalardan, mexanizasiyadan və elmi təcrübələrdən istifadə qənaətbəxş səviyyədədir.
Məsələ bundadır ki, sözügedən şəraitin təşəkkül tapması özü də rəqabətə bağlıdır. Əli torpaqdan soyumuş kəndliyə ən müasir texnologiya da versən o, torpağa qayıdan deyil - bunun üçün onda məhsula və məhsuldarlığa maraq olmalıdır. Bazara rahat çıxış və satışdan da əldə edilən nəticəyə maraq olarsa kəndçi öz həyətindən də pul çıxarda bilər. Əsas məsələ budur.
Burada ölkəmizdə hazırda yerli kənd təsərrüfatı məhsulları ilə təminatın rəqəmlər üzrə hansı səviyyədə olmasına toxunmaq istəmirəm. Bu haqda hər şey detallı olaraq açıqlanıb. Sadəcə, buğda istehsalına toxunmaq istərdim ki, ölkə başçısı müşavirədə qeyd etdi ki, biz özümüzü buğda ilə cəmi 55% təmin edirik və bu əmsal əfsuslar olsun ki artmır.
"Biz elə yerində sayırıq. Neçə ildir ki, bizdə elə bu səviyyədə buğda istehsal olunur, baxmayaraq çox böyük təkan verilib, bir çox aqroparklar yaradılıb", - deyə Prezident bildirdi. Yeri gəlmişkən, 1 milyon 573 min ton daxildə istehsal olunur, 1 milyon 267 min ton da idxal olunur. Dövlət başçısı bəyan etdi ki, idxalı azaltmalıyıq.
Qeyd olunan məsələyə ona görə toxunuram ki, ölkəmizdə dövlət tərəfindən aqrar sahədə ən çox dəstək görən, əkini-biçini və tədarükü stimullaşdırılan məhz taxıl istehsalı olub və olaraq da qalır. Effektivlik ona görə aşağıdır ki, bu sahə ilk gündən torpaqların və s. icarəyə cəmləşdirilməsi hesabına xırda təsərrüfatçıların əlindən çıxdı. Buğda əkini-biçini ilə iri fermer və yaxud da imkan sahibləri məşğul olmağa başladılar. Beləliklə də, bu sahə də rəqabət şəraitindən kənarda qaldı.
Bir sözlə, ölkədə aqrar sektorun inkişafı, müxtəlif illər üzrə ayrı-ayrı xüsusi proqramlar və regionların sosial-iqtisadi inkişaf sənədləri ilə idarə və müəyyən olunsa da artıq ortada ən genişmiqyaslı sayıla bilən müvafiq Dövlət Proqramı var. Sənəddə bütün hədəflər açıq şəkildə öz əksini tapıb.
Təkrar qeyd edək ki, aqrar sektorda da bütün hədəflərə gedən yol rəqabət amilinin təşkilindən keçir.