Pərviz Heydərov yazır...
Rəqəmsal inkişafla məşğulluq və üstəgəl təhsil bir tandem, təşkil edir. Tandem sadə dillə desək, iki və ya daha çox obyektin, şəxsin və ya sistemin eyni məqsəd naminə ardı-ardına və ya paralel olaraq birlikdə, əlaqəli şəkildə çalışması - hərəkət etməsi deməkdir. Təhsilsiz rəqəmsal inkişaf cəmiyyətdə işsizlik, başqa sözlə desəm, iqtisadi böhran yarada bilər.
Prezident İlham Əliyevin 27 fevral 2026-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026-2028-ci illər üçün Fəaliyyət Planı"nın qlobal trendlər hissəsində qeyd edilir ki, yüksək texnologiyalar sahəsində ixtisaslı kadrlara, xüsusilə süni intellekt (Sİ), data elmi, kibertəhlükəsizlik və proqram mühəndisliyi üzrə mütəxəssislərə qlobal miqyasda tələbat təklifi xeyli üstələyir. Və bu vəziyyət, ölkələr arasında kəskin "istedad müharibəsi"nə şərait yaradır.
Başqa sözlə, dövlətlər "rəqəmsal səyyahlar", yüksəkixtisaslı mütəxəssislər cəlb etmək üçün xüsusi viza rejimləri, vergi güzəştləri və stimullaşdırıcı proqramlar tətbiq edirlər. Düzdür, milli kadrlar hazırlamaq və bu sahədə potensialı inkişaf etdirmək zəruri sayılır, ancaq ortaya çıxan kəskin ehtiyacları qarşılamaq və qlobal bilik transferini təmin etmək üçün çevik miqrasiya siyasətinə və cəlbedici ekosistem yaradılmasına da ciddi ehtiyac duyulur.
Beyin axını riskini "beyin qazancı"na çevirmək başlıca hədəf hesab olunur.

Ölkəmizdə real olaraq buna imkan varmı? Bizdə beyin axını riskini "beyin qazancı"na çevirmək nə dərəcədə mümkündür? Yeri gəlmişkən, yuxarıda söhbət açdığım fəaliyyət planının özündə də qeyd edilir ki, bir sıra nailiyyətlərə rəğmən, rəqəmsal inkişafımıza mənfi təsir edən hallar mövcuddur. Bunlar innovasiya ekosisteminin zəifliyi, maliyyələşdirmə mexanizmlərinin çatışmazlığı, rəqəmsal idarəetmədəki boşluqlar, süni intellektin inkişafına mövcud maneələr, kibertəhlükəsizlik riskləri, insan kapitalının və tənzimləyici mühitin yetərsizliyi kimi amillərdir.
Daha bir neçə amillər də qeyd etmək olar ki, fikrimcə, bunlar kifayətdir. Odur ki, rəqəmsal inkişafın sürətləndirilməsi ilk növbədə bunları aradan götürməyi tələb edir. O cümlədən, ölkədə məşğulluqla təminin yeni əsasda və daha keyfiyyətli şəkildə təşkilini hədəf seçməyi vacib sayır.
Hər il ölkənin əmək bazarına demək olar 100 min nəfər işçi qüvvəsi daxil olur. Bunun məsələn, Dövlət Məşğulluq Agentliyi tərəfindən ən yaxşı halda təxminən 60 min nəfərdən bir az çox hissəsinin işlə təmin olunduğu bildirilir. Söhbət, real şəraitdən gedir.
Rəqəmsal inkişaf isə bu prosesə məhdudiyyət yaradacaq.
Ümumiyyətlə, rəqəmsal inkişaf və məşğulluğun təmini bir-biri ilə sıx bağlı məsələlər olsalar da bunların təhsilin real iqtisadi tələblərə cavab vermədiyi şəraitdə ziddiyyət təşkil etməsi qaçılmaz olur. Buna əsla, yol vermək olmaz. Belə ki, rəqəmsallaşma yeni peşələrin, ixtisas sahələrinin yaranmasına yol açmaqla bərabər, həm də mövcud işçi qüvvəsinin əmək bazarının yeni tələblərinə uyğunlaşmasına gətirib çıxarmalıdır.
Ona görə ki, texnoloji infrastruktur üzrə inkişaf proqramçı, sistem administratoru, kibertəhlükəsizlik mütəxəssisi, bulud texnologiyası mühəndisləri kimi ixtisas və peşə sahiblərinə geniş meydan açmaqla, bəzi ənənəvi peşələrə olan tələbatı mənfiyə doğru endirir ki, sonda da bunları tam sıradan çıxarır.
Yeri gəlmişkən, bu gün ölkədə rəsmi işsizlik səviyyəsinin 6%-ə yaxın təşkil etdiyi deyilir. Lakin işsizliyin bir neçə forması vardır ki, bu baxımdan da qeyd olunan rəqəm nisbi xarakter daşıyır. Dövlət Məşğulluq Agentliyində rəsmi qeydiyyatda olan işsiz şəxslərin sayı isə 240-250 min nəfər qeyd olunur. Demək istədiyim odur ki, bu fonda bir sıra peşələrin yox olacağı əslində işsizlik deyil, işin forması üzrə dəyişiklik yaradacaq.
Odur ki, risk altında olanlar mövcud ixtisas, bacarıqlarını artırmalı, yaxud da yeni peşəyə transfer olmalıdırlar. Fəaliyyət Planında müasir texnologiyalar sahəsində insan kapitalının inkişaf etdirilməsi və istedadların ölkəyə cəlb edilməsi məqsədlər sırasında yazılıb ki, bu, mütləq dərəcədə təmin olunmalıdır.
O səbəbdən ki, güclü rəqəmsal iqtisadiyyat üçün ilk növbədə rəqəmsal bacarıqlara malik insan kapitalı tələb olunur. Süni intellektin əvəz edə bilmədiyi tənqidi təfəkkür, emosional zəka və digər kompleks problemlərin həlli və strateji idarəetmə kimi bacarıqlara gəldikdə isə bunlara sərmayə qoyulmalıdır.
Sözün qısası, rəqəmsal inkişafın sürətləndirilməsi elm ilə təhsillə inteqrasiyasız əsla mümkün deyil.