Pərviz Heydərov yazır...
Ölkədə ciddi bahalaşma müşahidə edilməsə də əhali tərəfindən istehlak qiymətlərinin mövcud səviyyəsi qeyri-qənaətbəxş sayılır. Bunu şərtləndirən səbəblərdən biri, xərclərin çox hissəsinin ərzaq məhsullarına sərf olunmasıdır. Məlum olduğu kimi Mərkəzi Bank (AMB) da 24 iyun 2026-cı il tarixli son qərarı ilə uçot dərəcəsini dəyişməyərək 6.5% səviyyəsində saxladı.
Halbuki, ölkədə işgüzar aktivliyi canlandırmağa ciddi ehtiyac var.
Son rəsmi statistikaya əsasən inflyasiya göstəricisi, yəni istehlak qiymətləri indeksinin artım tempi 2026-cı ilin yanvar-mayında ötən ilin müvafiq dövri ilə müqayisədə 5.6% təşkil edib ki, bu göstərici 2026-cı ilin yanvar-aprel aylarında da eyni idi. İlin ilk üç ayının yekununa görə isə 5.7% təşkil edirdi.
Ərzaq, yenə də ümumi inflyasiya səviyyəsini ən çox müəyyən edən və şişirdən, yəni onu yüksək rəqəm şəklində təşkil etməsini təmin edən əsas faktor rolunda çıxış edir ki, bu dəfə adı çəkilən qrup məhsullar üzrə qiymətlər əvvəlki ilin eyni dövrünə nisbətən qismən yumşaq artıb.
Ötən ilin eyni dövrünə görə 6.7% səviyyəsində...

Əhalinin qazancına gəldikdə isə, Statistika Komitəsinin 2026-cı ilin yanvar-may ayları üzrə açıqladığı son məlumatlara görə, nominal gəlirlər ötən ilin eyni dövrü ilə müqayisədə 10.2% artaraq 37 milyard 699.8 milyon manat təşkil edib. Bu da o deməkdir ki, inflyasiya 5.6% təşkil etdiyindən yanvar-mayda ölkə əhalisinin real gəlirləri 4.6% artıb. Ərzaq inflyasiyasına görə isə 3.5%...
Lakin bir nüans var. O da bundan ibarətdir ki, nominal gəlirlər, ölkədə əhalinin maaş, pensiya, təqaüd və sair şəklində əldə etdiyi bütün növ pulların - gəlirlərin cəmi hesab olunur ki, bu göstərici demək olar, hamını əhatə edir.
Bir də var ki yalnız, rəsmi əmək müqaviləsi ilə muzd olaraq çalışan - işləyən əhali qrupu üzrə hesablanmış əməkhaqqı fondunun həmin işçilərin sayına bölünməsiylə tapılan göstərici.
Yəni, orta aylıq nominal əməkhaqqı göstəricisi...
Nominal gəlirlərin tərkib hissələrindən biri olan orta aylıq nominal əməkhaqqı isə 2026-cı ilin yanvar-aprel ayları ərzində 1 172.1 manata yüksəlib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 6.5% artım deməkdir. Buradan da belə qənaət əldə olunur ki, inflyasiya 5.6% təşkil etdiyindən yanvar-mayda rəsmi muzdla çalışan, işləyən əhali qrupunun real gəlirləri cəmi 0.9% artıb.
Ərzaq inflyasiyası isə 6.7% təşkil etdiyindən muzdla çalışan işçilərin real gəlirləri cari ilin ilk beş ayı ərzində -0.2% bənd həddində "yeyintiyə" məruz qalıb.
Hesab edirəm, əhalinin istehlak qiymətlərinin səviyyəsindən narazı olmasının kökündə də bu amil dayanır. Yeri gəlmişkən, yuxarıda AMB tərəfindən uçot dərəcəsinin sabit saxlandığına toxundum. Adıçəkilən qurum uçot dərəcələrini sonuncu dəfə 2026-cı ilin fevralında 0.25% bəndi azaltmaqla dəyişmişdi ki, aprel ilə may və iyun aylarında isə sabit saxlayıb.
Sual olunur, niyə ? Çünki, qurum 2026-cı ilə dair baza ssenariyə əsasən illik inflyasiya gözləntisini 5.5% idisə, 5.9% səviyyəsinə qaldırıb. Yəni, inflyasiya proqnozunu artırıb. Bu da səbəbsiz deyil. O baxımından ki, AMB açıqlamasında da bəyan edib ki, inflyasiyaya təsir göstərən xarici amillərdə aktivləşmə müşahidə olunur.
Belə ki, sürətlə dəyişən qlobal mühitlə əlaqədar dünyada ərzaq və gübrə qiymətlərinin artması, nəqliyyat-logistika xərclərinin yüksəlməsi, ticarət üzrə tərəfdaş ölkələrdən inflyasiya idxalının genişlənməsi və nominal effektiv məzənnənin də möhkəmlənməsi sürətinin zəifləməsi xarici risk amillərinin gücünü artırır.
Fikrimcə, ölkədə muzdla çalışanların əməkhaqlarının artırılmasına getdikcə ciddi ehtiyac yaranır, daha doğrusu artıq, yaranıb.