"Zaha Hadid Architects"in regional market və kliyent meneceri Maryam Novruzi Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən "İnkişaf edən investisiya istiqamətləri: daşınmaz əmlak, turizm və şəhərsalma" mövzusunda yüksək səviyyəli panel müzakirəsinə moderatorluq edib.
Oxu.Az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çıxışından sonra forumun əsas səhnəsində moderator kimi çıxış etmək Maryam Novruzi üçün xüsusi qürur və şərəf mənbəyi olub.
Paneldən əvvəl Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev və Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev əsas məruzələrlə çıxış ediblər.
Panel müzakirəsində Monteneqronun turizm naziri Simonida Kordiç, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Şəhər Ərazilərinin Yenidən Qurulması üzrə Layihələrin İdarə Edilməsi Departamentinin rəhbəri Ramil Cahangirov, "Sea Breeze" şirkətinin təsisçisi və baş icraçı direktoru Emin Ağalarov, "Avant Group"un Direktorlar Şurasının sədri Əli Hüseynov, Azərbaycan Turizm Bürosunun İdarə Heyətinin sədri Florian Sengstschmid, "Zaha Hadid Architects"in direktoru Manuela Gatto, "ADEC LLC - White City" şirkətinin direktoru Rüfət Cavadov və BMT-Habitatın Azərbaycan üzrə ölkə ofisinin proqram meneceri Runze Wang iştirak ediblər.
Müzakirələr zamanı irimiqyaslı şəhərsalma və şəhər regenerasiyası, daşınmaz əmlaka investisiyalar, çoxfunksiyalı layihələr, dayanıqlı şəhər inkişafı, beynəlxalq kapitalın cəlb edilməsi, turizm və hotelçilik investisiyaları, eləcə də investisiyaya hazır turizm məkanlarının formalaşdırılması kimi mühüm mövzular ətrafında fikir mübadiləsi aparılıb.
Maryam Novruzi doğma ölkəsində keçirilən bu mötəbər beynəlxalq platformada "Zaha Hadid Architects"i təmsil etməyin və Azərbaycanın gələcək inkişafına dair mühüm müzakirəyə rəhbərlik etməyin onun üçün xüsusi əhəmiyyət daşıdığını bildirib.