Sənaye sektorunda 2026-cı ilin yanvar-avqust aylarında 44.6 milyard manat məbləğində məhsul istehsal edilib, bu da ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 0.4 faiz azdır.
Bu barədə Oxu.Az-a Dövlət Statistika Komitəsindən məlumat verilib.
Bildirilib ki, emal sənayesində səkkiz ayda 14912.1 milyon manat məbləğində və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 3.4 faiz çox məhsul istehsal olunub və sənaye xarakterli xidmətlər göstərilib.
Emal sənayesində 2026-cı ilin yanvar-avqust aylarında daha çox artım avtomobil, qoşqu və yarımqoşquların istehsalı (+89.3%), əczaçılıq məhsullarının istehsalı (+48.4%), mebeldən başqa ağacın emalı və ağacdan məmulatların istehsalı (+38.7%), toxuculuq sənayesi (+28.8%), tütün məmulatlarının istehsalı (+16.3%), kağız və karton istehsalı (+14.1%), rezin və plastik kütlə məmulatlarının istehsalı (+9.2%), tikinti materiallarının istehsalı (+9.0%), dəri və dəridən məmulatların, ayaqqabıların istehsalı (+8.0%), qida məhsullarının istehsalı (+7.9%), metallurgiya sənayesi (+6.9%), elektrik avadanlıqlarının istehsalı (+5.4%) sahələrində olub.