Azərbaycan dövlət büdcəsinin Dövlət Neft Fondu (SOFAZ) transfertlərindən asılılığının azaldılması nəzərdə tutulur.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”ndə deyilir.
Qeyd olunur ki, bu gün dövlət sektorunda xərclənən hər ikinci manat (təqribən 50 faizi) Neft Fondundan edilən transfertlərin hesabına maliyyələşdirilir.
Bu rəqəm 2025-ci ilə qədər 15%-ə endirilməlidir. Neft Fondunun transfert edəbiləcəyi məbləğ onun gəlirləri ilə, yəni neftin qiymətləri ilə sıx əlaqələndirilib.
Bu asılılıq Azərbaycan iqtisadiyyatına neft qiymətlərindəki dəyişikliklərin ciddi təsirinin əsas səbəblərindən biridir.
İqtisadiyyatda özəl investisiyaların payını artırmaq üçün sabit artım tempinin olması çox vacibdir və dövlət büdcəsinin Neft Fondunun transfertlərindən daha az asılı olmasını tələb edir.
U.A.
www.oxu.az