Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Zaur Fətizadə: "Cinayətlə mübarizə yalnız inzibati tədbirlər toplusu deyil"
"Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi ilə mübarizə son illərdə nəzarət orqanlarının fəaliyyətində əsas istiqamətlərdən birinə çevrilib".
Oxu.Az xəbər verir ki, bunu "Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizədə nəzarət orqanlarının rolu, vəzifələri və məsuliyyəti" adlı beynəlxalq elmi-praktik konfransda Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətinin İdarə Heyətinin sədri Zaur Fətizadə deyib.
O bildirib ki, bu istiqamətdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin siyasi iradəsi və bu sahəyə göstərdiyi ardıcıl diqqət həlledici rol oynayır:
"Son illərdə ölkəmizdə hüquqi və institusional çərçivənin təkmilləşdirilməsi, eləcə də qabaqlayıcı nəzarət mexanizmlərinin tətbiqi məqsədilə bir sıra irimiqyaslı islahatlar və layihələr həyata keçirilib. Bu mübarizə təkcə hüquq-mühafizə və maliyyə sektorunun işi deyil. Bu, dövlətlərin hüquqi dayanıqlılığına, iqtisadi təhlükəsizliyinə və beynəlxalq reputasiyasına əhəmiyyətli təsir göstərən məsələdir. Əmlakın leqallaşdırılması və ya terrorçuluğun maliyyələşdirilməsi yalnız maliyyə resurslarının gizli axını deyil; bu, korrupsiya, qeyri-qanuni iqtisadiyyat, silahlı münaqişələr və sosial sabitliyə qarşı yönəlmiş risklərin bütövlüyüdür".
Z.Fətizadə deyib ki, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması hallarında maliyyə təhlilinin aparılması və bu təhlilin istintaqa təqdim olunması praktikasının genişləndirilməsi effektiv araşdırmaların açarıdır:
"Bu həm də bir çox hallarda istintaqın başlanmasına səbəb olan ilkin siqnal mənbəyidir. Lakin bu sahədə informasiya texnologiyalarına və məlumat bazalarının inteqrasiyasına olan ehtiyac davam edir".
Z.Fətizadə deyib ki, auditorlar yalnız maliyyə şəffaflığını deyil, həm də risk siqnallarını öncədən müəyyənləşdirən ekspertlər kimi yetişdirilməlidir:
"Auditor nəzarətinin gücləndirilməsi, onların hesabatlarında əmlakın leqallaşdırılması, terrorun maliyyələşdirilməsi riski ilə bağlı qeyd və tövsiyələrin standartlaşdırılması istiqamətində əlavə addımlar atılmalıdır. Bu mübarizə yalnız inzibati tədbirlər toplusu deyil. Bu, hər bir cəmiyyətin ədalət prinsipinə, qanunun aliliyinə və ictimai etimada verdiyi dəyərin göstəricisidir. Bu mübarizədə uğur yalnız nəzarət mexanizmlərinin gücü ilə deyil, bu mexanizmlərin arxasında dayanan peşəkarların vicdanı, təcrübəsi və fədakarlığı ilə müəyyən olunur".
Aləmdə Nəsib
"Maliyyə Monitorinqi Xidməti" teqi üzrə xəbərlər
- Samirə Musayeva: "Maliyyə cinayətləri və çirkli pulların yuyulması transmilli xarakter daşıyır"
- Terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində Koordinasiya Şurasının iclası keçirilib
- Vergi və Mühasibatlıq Zirvə Toplantısının spikerləri bəlli oldu
- Nazirlər Kabineti Maliyyə Monitorinqi Xidməti ilə bağlı qərar verib
- Maliyyə monitorinqi üçün məlumatların dairəsi müəyyən edildi