Bakı Ağır Cinayətlər Məhkəməsində şəhər sakini Arif İsgəndərovun CM-nin 181.1-ci (quldurluq) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesinin baxışı yekunlaşıb.
Oxu.Az xəbər verir ki, ötən il dekabrın 16-da Q.Qarayev prospektində Arif İsgəndərov Beyləqan rayon sakini Cəfər Həsənova hücum edərək, ona küt əşya ilə hədə-qorxu gəlib və nəticədə zərərçəkəndən 46 manat pulunu alaraq, hadisə yerindən qaçıb.
Həmin axşam Həsənov Nizami RPİ 25-ci polis bölməsinə müraciət edərək, hadisə barədə məlumat verib. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində şübhəli şəxs səhərisi gün saxlanılıb. Dindirmə zamanı o törətdiyi cinayəti etiraf edib.
Məhkəmə prosesində A.İsgəndərov ittiham üzrə özünü təqsirli hesab edərək, əməlindən peşman olduğunu bildirib. Qeyd edək ki, təqsirləndirilən şəxs əvvəllər CM-nin 180-ci (soyğunçuluq) maddəsi ilə məhkum olunub.
Məhkəmənin hökmü ilə A.İsgəndərov cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 6 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.
C.H.
www.oxu.az