“Təfəkkür” Universitetinin prorektoru Tariyel Əhmədovun öldürülməsində təqsirləndirilən Müşfiq Atakişiyev, Dəyanət Quliyev və Samir Quliyevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşmaq üzrədir.
APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Siyavuş Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin vəkilləri çıxış ediblər.
Dəyanət Quliyevin vəkil Ramiz Qarayev deyib ki, hüquqlarını müdafiə etdiyi şəxs həm istintaq, həm də məhkəmədə ifadəsi zamanı dayısı Müşfiq Atakişiyev tərəfindən Tariyel Əhmədovun öldürməsi barədə sifariş almadığını deyib. Həmçinin vəkil təqsirləndirilən Dəyanət Quliyevin hüquq-mühafizə orqanlarına könüllü təslim olduğunu deyib.
Daha sonra digər təqsirləndirilən Samir Quliyevin vəkili Səfər Hüseynov müdafiə etdiyi şəxsin cinayəti könüllü sürətdə etiraf etdiyini nəzərə alaraq məhkəmədən ona sanksiyada nəzərdə tutulmuş cəzadan aşağı həddə cəza təyin edilməsini istəyib.
Müşfiq Atakişiyevin vəkili Kamran Əliyev isə bildirib ki, müvəkkili elan olunan ittiham üzrə özünü təqsirli bilməyib. Vəkil deyib ki, Müşfiq Atakişiyev Tariyel Əhmədovun qətlini sifariş verməyib və bu hadisədən xəbəri olmayıb, ona əsassız ittiham verilib.
Vəkil Müşfiq Atakişiyevin ittiham olunduğu işi üzrə nəzərdə tutulan müddətin keçdiyini nəzərə alaraq cinayət işinə xitam verilməsinin və onun məhkəmə zalından azad edilməsini istəyib.
Zərərçəkmiş şəxsin hüquqi varisi Zaur Əhmədov qərarı məhkəmənin mülahizəsinə buraxdığını deyib.
Sonra hakim Siyavuş Hacıyev təqsirləndirilən şəxslərə son sözlə çıxış etmək təklifi edib.
Təqsirləndirilən Dəyanət Quliyev çıxışı zamanı özünü qismən təqsirli bildiyini deyib. Təqsirləndirilən Samir Quliyev isə özünü Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirli bildiyini deyib.
Daha sonra təqsirləndirilən Müşfiq Atakişiyev son sözə hazırlaşmaq üçün vaxt istəyib.
Proses aprelin 26-da davam etdiriləcək.
Qeyd edək ki, dövlət ittihamçısı Müşfiq Atakişiyev, Dəyanət Quliyev və Samir Quliyevin hər birinin 15 il azadlıqdan məhrum edilməsini istəyib.
Baş Prokurorluğun yaydığı məlumata görə, “Elm və Təhsil Mərkəzi Təfəkkür Universiteti”nin prorektoru Tariyel Əhmədovun 16 sentyabr 2011-ci il tarixdə qəsdən öldürülməsi faktı ilə bağlı başlanmış cinayət işi üzrə həyata keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində cinayəti törətməkdə təqsirləndirilən şəxslər ifşa edilib.
İbtidai istintaq zamanı həmin universitetin rektoru vəzifəsində işləmiş Müşfiq Atakişiyevin Tariyel Əhmədovu öldürməyi qohumu Dəyanət Quliyevə sifariş verməsi, sonuncunun sifarişi əsasında isə Samir Quliyevin cinayəti törətməsinə əsaslı şübhələr müəyyən edilib. Toplanmış sübutlara əsasən rektor vəzifəsində qalmasına və işgüzar nüfuzuna maneə kimi qəbul etdiyi üçün Müşfiq Atakişiyevin qisas məqsədilə pul müqabilində zərərçəkmiş şəxs Tariyel Əhmədovun öldürülməsini öz qohumu Dəyanət Quliyevə sifariş verməsi, sonuncunun isə 40 min ABŞ dolları müqabilində, habelə gələcəkdə maddi və mənəvi dəstək olmaq şərti ilə bu cinayəti sifariş verdiyi həmkəndlisi Samir Quliyevin bir neçə gün zərərçəkmişi izlədikdən sonra Bakı şəhəri, Yasamal rayonunun Şərifzadə küçəsində yerləşən idman meydançalarından birində küt əşya ilə bir neçə dəfə onun baş və bədəninin müxtəlif nahiyələrinə zərbələr endirərək ölümünə səbəb olan xəsarətlər yetirməsi müəyyən edilib.
Müşfiq Atakişiyev (sifarişçi) və Dəyanət Quliyev (sifarişçi) Cinayət Məcəlləsinin 32.3, 120.2.5-ci (sifarişlə adam öldürmədə təşkilatçı), Samir Quliyev (icraçı) isə həmin Məcəllənin 120.2.5-ci (sifarişlə adam öldürmədə) maddəsilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində həbs qətimkan tədbiri seçilib və cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Qeyd edək ki, iqtisad elmləri doktoru, professor Müşfiq Atakişiyev Təfəkkür Universitetinin rektoru olub. “Təfəkkür” Universiteti 2017-ci ildə ləğv edilib.
“Təfəkkür” Universitetinin prorektoru Tariyel Əhmədovun öldürülməsində təqsirləndirilən Müşfiq Atakişiyev, Dəyanət Quliyev və Samir Quliyevin cinayət işi üzrə m...
Rəylər