Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Azərbaycanı silkələyən həbsxana qaçışları – FOTO
Şirvana etap ötürülən məhbusların qatardan qaçması böyük müzakirələrə səbəb olub. Xatırlatmaq üçün qeyd edək ki, Biləcəri stansiyasında qatardan qaçan məhbuslar – 1980-cı il təvəllüdlü Etibar Ələkbər oğlu Məmmədov və 1983-cü il təvəllüdlü Əli Rasim oğlu Ağamidir. Əli Ağami kriminal aləmdə “Krutoy Elvin” kimi tanınan 1983-cü il təvəllüdlü Elvin Nəziyevin qətlində ittiham olunub.
Oxu.Az-ın məlumatına görə, Femida.az müxtəlif illərdə Azərbaycan həbsxanalarından qaçan məhbuslarla bağlı araşdırma aparıb. Məlum olub ki, bu cürə hallar Azərbaycan yenicə müstəqillik əldə edən illərdə daha çox baş verib. Qaçışların böyük əksəriyyəti isə siyasi mahiyyət kəsb edib.
Həbsxanaya etap edilən məhbuslar hansı vaqonlarda aparılır?
Həbsxanaya etap edilən müttəhim və ya cinayətkarları hər zaman “Stalipinka” deyilən qatarlarda aparırlar. “Stalipinka” qatarın yedəyinə birləşdirilən vaqona deyilir. Güclü mühafizə olunur. Oradan isə qaçış qeyri- mümkündür. Yəni, oradan qaçmaq üçün gərək fövqəladə ağıllı olasan. Oğru aləmində buna deyirlər ki, gərək “Başın Leninin başı olsun”. Yəni ki, bu qaçış hər iki tərəfdən planlaşdırılmış və sifarişli olur. Belə qaçışlar lapdan alınmır. Bir-birini tanıyan, əlbir olan cinayətkarları isə heç vaxt eyni vaqonda aparmırlar. Belə işlərdə “məsuliyyətsizlik” sözü çox yersiz görünür. Belə cinayətləri ancaq cinayətkar qrupla əlbir olanlar törədir, əsasən də bu kimi cinayətlərdə polis işçisinin əli olur.
Azərbaycanı silkələyən həbsxana qaçışları...
Dağıstanlı “qanuni oğru” Abuzər Abuzərov Azərbaycanda necə həbs olunub?
1996-cı ilin avqustunda Rusiya Federasiyası Dağıstan Respublikasının Dərbənd şəhər sakini Hətəm Hətəmovun sifarişi ilə 50 min ABŞ dolları müqabilində, dağıstanlılar Abuzər Abuzərov və Allahverdi Babayev Azərbaycan Respublikasının vətəndaşları Qabil Ağayev, Hüseynağa Zərbəliyev, Afər Kərimov, Səyyad Allahverdiyev, “Hökməli Rasim” ləqəbli Rasim Cəbrayılov və qeyrilərindən ibarət silahlı banda təşkil edərək, Bakı şəhərinin sakini Tofiq Bayramovu oğurlamış, əlləri və gözləri bağlı vəziyyətdə Novxanı bağlarında 13 gün saxlayaraq, zərərçəkənin Rusiya Federasiyasında kommersiya fəaliyyəti ilə məşğul olan qardaşından hədə-qorxu ilə 300 min ABŞ dolları tələb ediblər. Sonrakı istintaq-əməliyyat tədbirləri nəticəsində həmin bandanın hələ 1995-ci ildə Bakı şəhər sakini Tahir Cəfərovu və İran İslam Respublikasının vətəndaşı Məmmədhüseyn Qaraxanlını da oğurlayaraq külli miqdarda pul tələb etdiyi müəyyən olunub.
Yüksək peşəkarlıqla həyata keçirilmiş istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri ilə bandanın yuxarıda adları qeyd edilən üzvləri də həbs olunublar. (Mənbə: Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin 30 dekabr 2002-ci ildə birgə yaydığı məlumat)
Qeyd olunan məlumatda adı keçən Abuzər Abuzərov Dağıstanda fəaliyyət göstərən kriminal avtoritet idi. Onun Azərbaycanda həbs olunması digərlərini narahat edirdi. Tezliklə kriminal avtoritetlər onun həbsdən qaçırılması üçün plan hazırlayıblar. Bu işdə onlara Azərbaycan hüquq mühafizə işlərində çalışmış yüksək rütbəli şəxslər kömək ediblər.
Dağıstanlı avtoriteti həbsxanadan qaçırdan vəzifəli şəxs kim idi?
Kriminal avtoritetin Dağıstana qaçmasına DİN-in Cinayət Axtarış Baş İdarəsinin keçmiş baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Hacı Məmmədov başçılıq edib. Bu barədə detallar Hacı Məmmədovun 10 mart 2005-ci il tarixdə keçirilən Qara Kəmər əməliyyatı zamanı həbsindən sonra üzə çıxıb.
Məhkəmə prosesində Hacı Məmmədov kriminal avtoritetin qaçırılmasının onun rəhbərliyi ilə baş tutduğunu etiraf edib. Qeyd olunan hadisə ilə bağlı Azərbaycanda yüksək rütbəli məmurlar da münasibət bildirib.
Uzun illər bu sahədə araşdırma yazıların müəllifi olan jurnalist Aida Eyvazlı müxtəlif illərdə baş vermiş hadisələrlə bağlı xatirələrini bölüşüb.
“Yadımdadır ki, 1991-ci ildə 34 nəfər həbsxanadan qaçmışdı. Onlar “podkop”, yəni yer altı qazma yolu ilə həbsxanadan qaçıblar. Qeyd olunan qaçış həmin illərdə böyük səs-küy yaratmışdı. Qaçanların arasında Namiq, Yevlaxlı Rəşid də var idi. Elə həmin ərəfədə Mingəçevirdə həbsdə olan Yevlaxlı Alik də saxlanma izolyatorundan qaçırılmışdı. Həmin Yevlaxlı Rəşid və Yevlaxlı Alik bölgədə tanınmış cinayətkar idilər. Əvvəl dost olsalar da sonradan cinayətkar arasında nüfuz davası başlayıb.
Kim çox adam öldürsə, o daha güclü idi. Surət Hüseynov yunun ilkin emalı fabrikinə sex rəisi təyin olduqdan sonra direktorluğa iddialı İsrail Qorçiyevin adamı olan həmin Rəşidlə aralarında mübahisələr yaranmışdı. Mübahisələrin birində Rəşidin qardaşı Aslan, yun fabrikindən bac–xərac tələb edib Surətin adamı olan Cümünü ayağından güllə ilə vurub. Bunun isə qisası daha acı nəticə ilə bitmişdi. Cümü Aslanı ağzından atmışdı. Həmin illərdə Yevlaxda qan su yerinə axdı. Münaqişə dərinləşməyə başlayıb, Yevlax küçələrində meyitlər yan-yana düzülür. Cümüylə, Rəşid meydandan silindikdən sonra Yevlax tinlərində Camalla Meydanın adları hallanmağa başlayır. Həmin 1992-ci ilin aprel-may aylarında Yevlax həm də Şuşada vuruşacaq, könüllü taborların mərkəzi sayılırmış.
Bu könüllülər də gah o tərəfə keçirmiş, gah bu tərəfə. Şəhərdə belə bir əsəbi vəziyyət hökm sürdüyü vaxt Camalın qardaşı Nurməmməd qətlə yetirilir. Onun qətli Yevlaxda böyük müsibətə çevrilir. Yas mağarında Camalın anası üzünü oğluna tutaraq deyir ki, qardaşının qanını almasan, südümü sənə halal etməyəcəm. Yas mərasimində isə bütün Yevlax iştirak edirmiş. Vəzifə sahiblərindən tutmuş, polislərə, sıravi müəllimlərə qədər. Havadan qan qoxusu gəlir...
Qardaşının bu cür namərdcəsinə öldürülməyindən qeyzlənən Camal sakitliyini itirir. Hər iki tayfa arasında qan düşmənçiliyi yaranıb şəhərdəki könüllülər batalyonlarını da öz təsiri altına salır. Kür qırağındakı seyrək meşələrdə Meydanın qohumları hərbi təlim keçməyə başlayırlar. Buna belə ad qoyurlar ki, guya Şuşa döyüşlərinə hazırlaşırlar. Meydanın qohumlarından Qara Vəli, Alik (Əli Məmmədov) bu “dərsləri” lap əla öyrənirlər.
Adını qeyd etdiyim Yevlaxlı Rəşid həmyerlisi olan killer Alikin dəstəsində idi. Onlar amansız qətllər törədiblər. Elə buna görə də onların hər ikisi ömürlük həbs cəzasına məhkum edilmişdi. Yevlaxlı Rəşid məhkəməyə gətirilən zaman əvvəlcədən planlaşdırılmış ssenariyə görə qaçırılmışdı. Həmin vaxt söz-söhbət gəzirdi ki, Rəşidi qaçıranlar hansısa tanınmış şəxsin qətlini sifariş etmək məqsədi güdürmüş. Çünki Rəşidi bir başa Ali Məhkəmənin binasından qaçırıblar.
Yevlaxlı Alik görüşdüyü qadının evindən necə qaçıb?
Yevlaxlı Alikin qaçırılmasını isə o vaxt müsahibə götürdüyüm Mingəçevir Polis Şöbəsinin sabiq qərərgah rəisi , polis mayoru Əzizxan Cəbrayılov belə nəql edirdi:
(Fotoda Yevlaxlı Aliklə münasibətdə olduğu qadın Könül Quliyevadır)
“...Səhər saat 06.20 dəqiqədə yuyunmaq üçün yaxınlıqdakı evimə getdim. 07.40 dəqiqədə isə mənə xəbər verdilər ki, müttəhim Əli Məmmədov gecə saat 03- radələrində müvəqqəti saxlama təcridxanasından qaçırılıb. Bundan sonra məlum oldu ki, Əli Məmmədovun istintaq təcridxanasından çıxıb şəhərdə rahatca gəzməsinə burada işləyən polis əməkdaşları tərəfindən şərait yaradılırmış. Həmin günü isə Əli Məmmədov balıq zavodunun həyətində olan yeməkxanaya baş çəkir, sonra isə görüşdüyü qadın Könül Quliyevanın evinə gəlir. İstirahət edəndən sonra saxlanma kamerasına qayıdırmış. Həmin qaçırılan gün isə o polis nəfəri Ədalət Bayramovun iştirakı ilə maşına oturularaq Könülün evinə gəlmiş, polis əməkdaşı isə Könülün evinin altında oturub onun keşiyini çəkirmiş. Səhərə yaxın Alikin çıxmadığını görəndə, qapını döyüb Aliki soruşur. Qadın isə deyir ki, Alik pəncərədən düşüb gedib...”
Aida Eyvazlı həbsxanadan qaçışla bağlı 1993-cü ildə baş vermiş hadisəni xatırlayır.
“30 nəfərə yaxın məhbus dama çıxıb bunt etmişdi. Onlar Lotu Bəxtiyarın gəlməsini tələb edirlərmiş. Məhbusları dinləyəndən sonra deyiblər ki, tələblər yerinə yetirilməlidir.
Bəxtiyar gedəndən iki gün sonra məhbuslar qaçmışdılar. Bu hadisə 7-ci kolonda baş vermişdi. Məhbuslar sexin içərisindən “podkop” ( red- yəni, yeri qazmaqla qaçmaq) etmişdilər. Məhbusların qaçısışında Lotu Bəxtiyarı ittiham edirdilər . O isə öz növbəsində belə çirkin işlərdə iştirak etmədini demişdi. Elə Lotu Bəxtiyar da bu işdən sonra vurulmuşdu”.
Və yaxud da Abuzər Abuzərov. 1995-ci ildə Azərbaycanda adam oğurluqları pik həddə çatmışdı. Cinayətkar qruplar daha çox varlı adamların yaxınlarını oğurlayırdılar. Başında isə çeçenlər dayanırdı. Onlardan biri də Dağıstanlı Abuzər Abuzərov idi. Onun barəsində Nizami rayon Polis İdarəsində qaldırılan cinayət işi də , açıq qalmışdı. Abuzəri ilk dəfə o vaxt Banditizm və Terrorizm İdarəsinin rəisi Sevindik Səfərov həbs etmişdi. Faktla bağlı bir neçə yerə raport yazmışdı. Onun barəsində isə cinayət işi qaldırılmadı. İkinci dəfə isə sonradan Hacı Məmmədovun sifarişlə qətlə yetirdiyi Rövşən Əliyevin təkidi ilə həbs olundu... Sonra aqibəti məlum oldu. Ancaq ki, Abuzər Abuzərov sonradan elə konvoy dəyişdirilərkən qaçırılmışdı deyəsən. Abuzərin bandasında olan Ağamehdi və digər bir neçə nəfərin isə məhkəmələri oldu. Bizim dövrün jurnalistləri o məhkəmələri çox maraqla izləyirdik və yayımlayırdıq.
Qarabağ müharibəsi veteranı, “Bozqurd” batalyonunun komandiri Nurəddin Xoca da zamanında həbsdən qaçan şəxslər sırasındadır. Həmin hadisəni femida.az-a danışan Nurəddin Xoca onlara qaçmaq üçün kömək edildiyini deyir:
“ 1988-ci ildə “Meydan hadisələri” zamanı məni bir qrup fəalla tutdular. Biz azadlıq tələb edirdik. Moskvanın “KQB”si isə xalqın içərisinə girmişdi. Həmin vaxt bizi meydandan götürdülər. Elçibəygili Bayıla, bizi Şüvəlana apardılar. 13 gün həbsxanada aclıq aksiyası etdim. Oradan məni Mərdəkandaki xəstəxanaya apardılar. Xəstəxanada azərbaycanlı həkimlərin köməkliyi ilə oradan qaçdım. Ümumiyyətlə kömək olmasa, oradan qaçmaq qeyri-mümkündür”.
Nurəddin Xocanın sözlərinə görə, Azərbaycan müstəqillik əldə etdikdən sonra həbsxanadan qaçmağa görə ən böyük səs-küy yaradan hadisə 1994-cü il sentyabrın 28-də eks müdafiə naziri Rəhim Qazıyevin, onun müavini Baba Nəzərlinin, özünü separatçı “Talış-Muğan Respublikası”nın “prezidenti” elan etmiş Əlikram Hümbətovun və Faiq Mirzəyevin MTN təcridxanasından qaçması oldu. Bu barədə isə mətbuatda kifayət qədər məlumatlar var.
S.B.
www.oxu.az
"Ali Məhkəmə" teqi üzrə xəbərlər
- Toy baş tutmasa, nişanda verilən qızıllar geri qaytarılmalıdır? - Ali Məhkəmənin mövqeyi
- Maşının texniki baxışdan keçirilməsi üçün rüşvət alan sabiq vəzifəli şəxslə bağlı QƏRAR
- Bakıda 170 minlik "iPhone" "atan" şəxs yenidən hakim qarşısında
- Yeni təyin olunmuş hakimlər Ali Məhkəmədə and içiblər
- Ali Məhkəmədə iqlim dəyişikliyi ilə bağlı tədbir keçirilib
Rəylər