Dəfələrlə narkotiklə bağlı cinayətlərə görə mühakimə edilən Azərbaycan vətəndaşı arvadı ilə bərabər Yaroslavl (Rusiya) şəhərində heroin satıb.
Bu zaman narkotik alverçisi cəzaçəkmə müəssisəsində olub, ona görə də arvadının fəaliyyətinə koloniyadan rəhbərlik edib.
Oxu.Az xəbər verir ki, bu barədə bu gün “RN”-a Rusiya Narkotiklərin Dövriyyəsinə Nəzarət Federal Xidmətinin (NNFX) mətbuat xidmətindən bildiriblər.
Cinayətkar biznesin təşkilatçısı telefonla heroin alınmasına dair satıcı, sonra isə alıcı ilə razılaşırmış.
Onun arvadı – Rusiya vətəndaşı heroini qablaşdırır, bağlamalara ayırır və narkotiki yaşadığı yerdə saxlayırdı. Qadın narkotiki evdən çıxmadan satırdı, heroin bağlamalarını evin həyətinə atırdı.
Yaroslavl vilayəti üzrə Rusiya Narkotiklərin Dövriyyəsinə Nəzarət Federal Xidməti (NNFX) istintaq şöbəsinin topladığı məlumata əsasən narkotik satıcılarının cinayətkar fəaliyyətinə dair dəlillər onlara dair ittiham hökmünün çıxarılması üçün kifayət edib. Onların əhalinin sağlamlığına və ictimai mənəviyyata qarşı bir neçə ağır cinayət işlədikləri müəyyən edilib.
Məhkəmə narkotik satıcısını 18 il azadlıqdan məhrum edib. Onlar cəzalarını ciddi rejimli islah koloniyasında çəkəcək. Onun arvadı isə barmaqlıq arxasında 8 il keçirəcək.