Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsinə aptekə basqın edib, qadını hədələyən Fuad Zeynallının cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
Oxu.Az xəbər verir ki, hakim Əfqan Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmə baxışı dekabrın 25-nə təyin edilib.
Qeyd edək ki, bu il iyulun 22-də saat 23:00 radələrində Nəsimi rayonu ərazisindəki apteklərin birində naməlum şəxsin satıcını bıçaqla hədələyərək kassa aparatından 900 manat pul aparması barədə DİN-in “102 - Zəng Mərkəzi” Xidmətinə müraciət daxil olub.
Məlumatla əlaqədar Nəsimi Rayon Polis İdarəsinin (RPİ) 19-cu Polis Şöbəsinin (PB) əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsinin əməkdaşları ilə birgə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən şəxs qısa müddətdə müəyyən edilərək saxlanılıb.
Araşdırmalarla onun Gədəbəy rayon sakini, əvvəllər məhkum olunmuş Fuad Zeynallı olduğu müəyyən edilib. Onun barəsində həbs-qətimkan tədbiri seçilib.
Etibar Məmmədov
www.oxu.az