Binəqədi rayonunda 27 yaşlı qadının başını kəsən şəxs həbs edilib.
Oxu.Az APA TV-yə istinadən xəbər verir ki, Rayon Prokurorluğundan verilən məlumata görə, Dərnəgül qəsəbəsindəki yataqxanada, Füzuli rayon sakini, 1986-cı il təvəllüdlü Aynurə Şahlar qızı Kazımovanın başını kəsərək, qətlə yetirməkdə təqsirli bilinən, 1980-ci il təvəllüdlü Rafiq Eldar oğlu Ələkbərov törətdiyi cinayəti etiraf edib.
Baş əməliyyat müvəkkili Vaqif Aslanov deyib ki, Rafiq Ələkbərov ilkin dindirmə zamanı gənc qadınla bu ilin avqust ayında tanış olduğunu, qadının ərinin bu tanışlıqdan xəbərinin olmadığını bildirib.
Dekabrın 25-də qadına zəng edən Rafiq telefon danışığından Aynurənin onunla soyuq danışdığını hiss edib. Onların evlərinə gələn zaman 1-ci mərtəbədəki pəncərədən mənzildə kənar şəxsin olduğunu görüb. Təkrar evə qayıdıb və yenidən qadına zəng edib.
Aynurə evlərində heç kimin olmadığı və onlara kimsənin qonaq gəlmədiyini bildirib. Rafiq Ələkbərov qadını öldürmək niyyəti ilə onlara gedib.
Saxlanılan Rafiq Ələkbərov hadisəni belə danışıb:
“Uşaqları yatırtmağa keçdi. Dedim, gözümlə görmüşəm, boynuna almadı”.
Bundan qəzəblənən Rafiq özü ilə gətirdiyi bıçaqla onun boğaz nahiyəsindən vurub:
“Sonra da ona aldığım əşyaları evdən götürüb apardım”.
Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə cinayət işi açılıb.