Bakı Ağır Cinayətlər Məhkəməsində Gürcüstan vətəndaşı 1988-ci il təvəllüdlü Elçin Çobanovun (1988-ci il təv.) CM-nin 120.2.2 (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) və 29,120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə hazırlıq iclası keçirilib.
Oxu.Az xəbər verir ki, bu il yanvarın 6-da “Sahil” bağında Elçin Çobanov şəxsi münasibətlərin aydınlaşdırılması zəminində Bakı ş. sakinləri Həsən Həsənova (1989-cu il təv.) və Orxan Məmmədzadəyə (1993-cü il təv.) bıçaqla xəsarət yetirib, nəticədə Kliniki Tibbi Mərkəzə çatdırılan Həsənov kəskin qanitirmədən dünyasını dəyişib. Daxil olan məlumat əsasında hadisə yeri Səbail RPİ, 39-cu polis bölməsi və prokurorluq əməkdaşları tərəfindən müayinə olunub.
Qətldə şübhəli bilinən şəxs səhərisi gün saxlanılıb və istintaqa ifadəsində bildirib ki, həyat yoldaşı Leylanı oxuduğu Azərbaycan Dövlət Pedaqoji Universitetindən evə gətirərkən “Sahil” bağında naməlum iki nəfərin it gəzdirdiyini görüb. “Yoldaşımın rəfiqələri bizdən qabaqda gedirdi. Qəflətən oğlanlardan biri iti yoldaşımın üstünə qısqırtdı. Bunu nə üçün etdiklərini soruşanda dedi ki, qorxma dişləməz. Buna görə sözləşməyə başladıq, onlardan biri gödəkçəsini əynindən çıxardaraq məni vurmağa başladı. Özümü itirdim, bilmədim necə oldu, neyləmişəm, kimi vurmuşam. Peşman deyiləm, çünki ailəmə sataşıb. Mən heç kimin ailəsinə sataşmamışam”.
Hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib və məhkəmə tərkibi elan edilib.
Məhkəmə baxışı oktyabrın 1-ə təyin edilib.
C.H.
www.oxu.az