Bakının Bülbülə qəsəbəsində məsciddə qəsəbə sakinini qətlə yetirməkdə təqsirləndirilən 1996-cı il təvəllüdlü Elvin Məmmədovun cinayət işi üzrə məhkəməsi yekunlaşıb.
Oxu.Az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham nitqi ilə çıxışı zamanı təqsirləndirilənin 18 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini məhkəməyə təklif edib.
Müşavirədən sonra hökm elan edilərək Elvin Məmmədov 17 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə ötən il iyulun 26-ı səhər saat 5 radələrində Bülbülə qəsəbəsində baş verib.
Belə ki, İmamzadə məscidində 1990-cı il təvəllüdlü Nadir Səfərovun öldürülməsi barədə Suraxanı Rayon Prokurorluğuna məlumat daxil olub.
Araşdırma zamanı məlum olub ki, Elvin Məmmədov namaz otağında, yatmış vəziyyətdə olan Nadir Səfərova bıçaqla 38 dəfə zərbə vuraraq, onu qətlə yetirib. Həmin gün Elvin Məmmədov 31-ci polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Ona qarşı Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə), 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 120.2.9-cu (köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə) maddələri ilə ittiham irəli sürülüb.
Elgün Həsənli