Ötən bazar günü Bakının Sabunçu rayonunda 32 yaşlı Babayev Şəmsi Qiyaz oğlu məişət münaqişəsinin qurbanı olub.
Oxu.Az xəbər verir ki, bu barədə “Sputnik Azərbaycan”a Sabunçu Rayon Polis İdarəsindən bildiriblər.
Şəmsi Babayev 3 saylı Şəhər Kliniki Xəstəxanasında keçinib. O, qan itirmədən ölüb, həkimlər onun həyatını xilas edə bilməyiblər.
İlkin istintaq zamanı Ramana qəsəbəsinin sakininə bıçaq yarasını onun həyat yoldaşı, 26 yaşlı Gülnar Sultan qızı Mirzəyevanın vurduğu məlum olub. Əməliyyatçılar şübhəli bilinən şəxsi saxlayıblar.
İlkin dindirilmədə saxlanılan şəxs törətdiyi əməli etiraf edib, amma ərini öldürmək istəmədiyini bildirib. Onun sözlərinə görə, Babayev ilə onun arasında mübahisə yaranıb, əri onun xəyanət etməsindən şübhələnib. Saxlanılan şəxs iddia edir ki, əri onu vurmaq istəyərkən o, bıçağa özünü qorumaq üçün əl atıb.
Zərbə budun içəri tərəfinə vurulub. Gülnar Mirzəyeva özünü itirdiyindən heç təcili yardım da çağırmayıb. Bir müddət sonra Mirəzəyevanın atası ona zəng edib. O, atasına ərini ağır yaraladığını deyib. Bunu eşidən ata onlara gəlib və yeznəsini xəstəxanaya aparıb, amma artıq gec idi. Qeyd edək ki, Mirzəyevanın himayəsində azyaşlı uşaq var.
Fakt üzrə istintaqı rayon üzrə prokurorluq aparır.
12:10
Bakıda qadın ərini qətlə yetirib.
Oxu.Az xəbər verir ki, Sabunçu Rayon Prokurorluğundan “Report”a verilən məlumata görə, Ramana qəsəbə sakini, 1990-cı il təvəllüdlü Gülnar Mirzəyeva əri, 1984-cü il təvəllüdlü Şəmsi Babayevi bıçaqlayaraq öldürüb.
Hadisə məişət münaqişəsi zəminində baş verib.
Faktla bağlı araşdırma aparılır.
FOTO: Sputnik / Murad Orujov
E.Ə.
www.oxu.az