“Şəms MMC” ticarət mərkəzinin sahibi, Bakı şəhər sakini, 1976-cı il təvəllüdlü Mirəli Vəkilağa oğlu Həqzadə ötən il may ayının 16-da küçənin ortasında naməlum şəxs tərəfindən 23 bıçaq zərbəsi almaqla ağır yaralanır. Yaralı xəstəxanada əməliyyat olunsa da gecə saatlarında müəmmalı şəkildə dünyasını dəyişir.
Hadisədən bir qədər sonra mərhumun sifarişlə qətlə yetirildiyi məlum olur. Qətlin sifarişçisinin əslən Qərbi Azərbaycandan olan 1966-cı il təvəllüdlü Rüstəmov Aydın Aslan oğlu, icraçısının isə həmyerlisi, əvvəllər məhkum olunmuş 1974-cü il təvəllüdlü İmanov Şahvələd Mürsəl oğlu olması müəyyənləşir...
Oxu.Az Lent.az-a istinadən xəbər verir ki, sözügedən cinayət işi ilə bağlı keçirilən məhkəmə prosesinin maraqlı məqamlarını təqdim edir.
Proses Bakı Ağır Cinayətlər Məhkəməsindəhakim Əlisoltan Osmanovun sədrliyi ilə keçirilir.
...İstintaqın gəldiyi nəticəyə görə, A.Rüstəmov 1996-cı ildən etibarən M.Həqzadə ilə dərman preparatlarının satışı ilə bağlı kommersiya fəaliyyəti ilə məşğul olub. 2011-ci ilin əvvəllərindən 2013-cü ilədək müxtəlif vaxtlarda M.Həqzadədən “Şəms MMC” firmasının nizamnaməsində dəyişiklik etməklə onu firmanın müəyyən bir hissəsinə rəsmi payçı kimi rəsmiləşdirməsini tələb edib. Lakin M.Həqzadə onun tələblərini rədd edib. Odur ki, A.Rüstəmov tamah məqsədilə onun qətlini sifariş verməklə qisas almaq və ticarət obyektinə payçı olmaq qərarına gəlib.
O, 2013-cü ilin fevral ayından əvvəllər qəsdən adam öldürməyə görə məhkum olunmuş Şahvələd İmanovla cinayət ələqəsinə girərək M.Həqzadənin qətlini sifariş verib və ona bu işin müqabilində 70 min manat pul verəcəyini vəd edib. Buna görə də Ş.İmanova M.Həqzadənin özünü, sonra isə yaşadığı Bakı şəhəri, Ə.Qasımzadə küçəsindəki 72 saylı mənzilini göstərib.
A.Rüstəmovun sifarişinə əsasən Ş.İmanov həmin gündən etibarən adıçəkilən şəxsi öldürmək üçün onun yaşadığı evin qarşısında müşahidə apararaq gözləyib. 16 may, 2013-cü ildə saat 23 radələrində M.Həqzadə “Prado” markalı avtomaşını ilə yaşadığı binanın həyətində dayanarkən Ş.İmanov ona hücum edərək çoxsaylı bıçaq zərbələri endirib. M.Həqzadə qışqıraraq qonşuları köməyə çağırdığından Ş.İmanov yaxalanacağından ehtiyat edərək hadisə yerindən qaçıb.
Cinayəti başa çatdıra bilməyən Ş.İmanovun yarımçıq qoyduğu “işi” A.Rüstəmov davam etdirib. Ertəsi gün günorta saatlarında işlədiyi aptekə gələrək 10 mq “Strefontin K” dərman preparatı götürüb və onu 10 qramlıq şprisə çəkərək cibində saxlayıb. A.Rüstəmov M.Həqzadənin müalicə olunduğu Kliniki Tibbi Mərkəzə yollanıb və qulluq etmək adı ilə gecəni M.Həqzadənin yanında qalıb. Gecəyarısı onun yatmasından və köməksiz vəziyyətindən istifadə edərək M.Həqzadənin qoluna taxılmış kateter vasitəsilə dərmanı venasına yeridib. Dərmanın yüksək təzyiqlə qlikozit intoksikasıyasından M.Həqzadənin ürək fəaliyyəti tam dayanıb.
A.Rüstəmov Ş.İmanova vəd etdiyi puldan 40 min dollar verib. Təqsirləndirilən şəxs qismində istintaqda dindirilən A.Rüstəmov M.Həqzadənin kim tərəfindən bıçaqlanmasını və öldürülməsini bilmədiyini göstərib. Amma sonradan hər şeyi olduğu kimi danışıb.
A.Rüstəmov ifadəsində əvvəllər depolardan dərman alıb apteklərə paylamaqla məşğul olduğunu deyib: “1996-cı ildə aptekə mal paylayan zaman Sarayevo küçəsi, 8C-də yerləşən aptekin sahibi Mirəli ilə tanış oldum. Həmin aptekə hər ay mal verirdim, növbəti ay isə verilən malların pullarını alırdım. Mirəlinin mənə 20 min dollar borcu yaranmışdı. Mənə dedi ki, mənim aptekimin üstündə 2-ci mərtəbədə dükanım var, gəl həmin obyekti sənə verim, mallarını gətir, obyekti işlət, əldə edilən gəlir sənə qalsın, 20 min dollarını götürəndən sonra şərikli işlədərik.
Mən də razılaşdım. Bir müddət işlədikdən sonra alverin hesabına əlimizdə müəyyən qədər pul cəmlədik. Mirəli bu dəfə “gəl pullarımızı birləşdirək, yanımızda boş sahədə obyekt tikək” dedi. Razılaşdım, obyekt tikdik, ticarətimiz daha da genişləndi. Onunla birlikdə bankdan külli miqdarda - təxminən 800 min dollar kredit götürdüm. Bu pullar yeni obyektlərin tikilməsinə sərf olunurdu.
Bu proseslər 1996-cı ildən hal-hazırkı dövrə qədər davam edirdi. Obyektlərin hamısı Mirəlinin adına sənədləşdirilmişdi”.
Təqsirləndirilən şəxs mərhumun əsl adının Həqqi Musəvi olduğunu, 1976-ci ildə Cənubi Azərbaycanda doğulduğunu, sonradan ad və soyadını dəyişdirdiyini bildirib: “Mirəlinin adı Bayraməli idi, Mirəli etmişdi. Atasının əsl adı Vəkil ikən Vəkilağa etmişdi. 1976-ci il təvəllüdlü olsa da sonradan dəyişdirib 1967-ci il yazdırmışdı. Onlar 1988-ci ildə Bakı şəhərinə köçüblər. Əvvəlcə Ucar rayonundan olan bir qadınla ailə qurmuşdu, amma övladı olmadığına görə ayrılmışdı. Sonradan rayonda qadınlara sataşdığına görə onu Ucardan qovmuşdular.
Mirəlinin özünün dediyinə görə, Bakıya gələndən sonra 1990-cı illərin əvvəllərində sabiq spiker Rəsul Quliyevin anasının yas mərasimində hansı yollasa iştirak edib, qonaqlara qulluq göstərib. Yas mərasimində Nizami rayonunun adını unutduğum keçmiş icra başçısının diqqətini çəkmək üçün onun qarşısına bir neçə dəfə yerli-yersiz çay qoymaqla diqqətini cəlb edib.
Ertəsi gün isə icra başçısının yanına gəlib. Rəsul Quliyevin adından onun qəbulunda olaraq ondan “Xalqlar dostluğu” metrosunun yanında obyekt alıb. Bir az pul qazandıqdan sonra “Şəms” firmasını alıb. Ora əvvəl balaca yer olsa da ticarətlə məşğul olub, həmin obyekti tədricən böyüdüb 3500 kv.m-ə çatdırdıq. Mirəli nə kirill, nə də latın əlifbasında yazıb-oxumağı bacarmadığı üçün ona köməklik edirdim, obyektləri bir yerdə icarəyə vermişdik. Amma mənim zəhmətimin əvəzini vermirdi. Dəfələrlə tələb etmişdim ki, obyektlər birgə işlərimizin nəticəsində bu səviyyəyə gəlib. Obyektin nizamnaməsini dəyişib hər ikimizin adına şərikli sənədləşdirməsini təklif etmişdim.
Mirəli isə bu barədə söz düşəndə məni nalayiq sözlərlə söyürdü. Onun bu sözləri və son dərəcə əxlaqsızlığı məni cana doydurmuşdu. Mirəli gördüyü qadınları nəyin bahasına olursa-olsun - ya aldadıb, ya şirin dilə tutub, ya da pul gücünə yoldan çıxarıb yaxınlıq edir, sonra da ayrılırdı. Yola gətirə bilmədiyi qızları aldatmaq üçün küçədən keçən yaşlı qadın, kişiləri ata-anası kimi təqdim edərək həmin qızların evinə elçi göndərir, evlənmək təklif edirdi. Qızların etibarını qazanan kimi öz evinə aparır, onlarla intim əlaqədə olurdu.
Biz birlikdə Həcc ziyarətində olanda Mirəlinin yaxın qohumlarından biri ona əxlaqsız hərəkətlərinə son qoyması ilə bağlı məsciddə tövbə etdirmişdi. Amma Mirəli yenə də tövbələrə məhəl qoymur, öz əməllərini davam etdirirdi. Mirəli həyat yoldaşı Aybənizdən də ayrılmışdı. Öz var-dövlətini həmin qadından olan iki övladına verilməsi üçün rəsmi vəsiyyətnamə vermişdi”.
A.Rüstəmov ifadəsində daha sonra Mirəlinin elektrik cərəyanı ilə onu öldürmək istəməsindən danışıb: “Məni işlədib heç nə verməməsindən, əxlaqsızlıqlarından cana doymuşdum. Hətta bir dəfə məni elektrik cərəyanı ilə öldürmək istəmişdi. Buna görə də onu öldürmək qərarına gəldim.
Bundan əvvəl Mirəli ilə bağlı problemimi əmim oğlu Hafizə danışmışdım. Hafiz isə bu problemi ya Çeçenistanda, ya da İnquşetiyada olan zaman içki məclisində dostlarına dedi. Orada bir nəfər tanımadığım adam mənim nömrəmi aldı və Mirəliyə təsir edib mənə köməklik göstərəcəyinə söz verdi.
2013-cü ilin yanvar ayında mobil telefonuma zəng gəldi, bir nəfər görüşmək istədiyini deyib məni işlədiyim obyektin qarşısına çağırdı. Onunla tanış çıxdıq. Onun əslən Ermənistandan olan Mürsəl kişinin oğlu Şahvələd olduğunu bildim. Şahvələd mənə Mirəli ilə danışacağını, lazım olarsa, onu öldürəcəyini dedi. Bu işə görə 70 min manat istədi. Razılaşdıq. Amma Şahvələdin Mirəlini öldürmək cəhdləri bir neçə dəfə boşa çıxdı.
Mayın 16-da saat 23-də telefonuma zəng gəldi. Zəng vuran qadın “Mirəli yaralıdır, Semaşkodayıq, əməliyyata giririk” dedi. Xəstəxanaya getdim. Həmin gecə bizi Mirəlinin yanına buraxmadılar. Şahvələd zəng vuranda ona obyektə gəlməsini, zəng vurmamasını tapşırdım”.
Təqsirləndirilən şəxs ifadəsində Mirəlini nə yolla olursa-olsun şəxsən özü öldürməyi qərara aldığını göstərib: “Mayın 17-dən 18-ə keçən gecə qəti qərara gəldim ki, nəyin bahasına olursa-olsun Mirəlini şəxsən özüm məhv etməliyəm. Ona görə də işlədiyim aptekə gəlib 10 ampula “Strefantin”i 10 qramlıq şprisə çəkib cibimə qoydum, xəstəxanaya gəldim. Mirəlinin yatdığı palataya qalxdım. Oradakı polis işçisi tualetə keçən kimi şprisi çıxarıb venasına birləşdirilmiş kateterə yeritdim. Sonra kənara çəkilib qonşu çarpayıda uzandım. Təxminən 40 dəqiqə sonra Mirəli “öldüm, öldüm” deyə qışqırdı. Səsə tibb bacısı gəldi. Təzyiqi düşdüyü üçün onu reanimasiyaya apardılar. Sonrasa öldüyünü eşitdim. Polislə birlikdə Mirəlini morqa təhvil verdik.
Mayın 18-də Şahvələdlə görüşüb ona 40 min dollar verdim. Şahvələdə “Mirəlini sən öldürmədin, məcbur olub mən özüm öldürdüm” dedim”.
Təqsirləndirilən şəxs qismində dindirilən Şahvələd İmanov ifadəsində Mirəlini öldürmək deyil, cəzalandırmaq istədiyini göstərib: “Binanın qarşısında ona yaxınlaşdım, bədəninə çoxsaylı zərbələr vurdum. Qışqırıb köməyə adam çağırdığına görə qaçıb getdim. Həmin vaxt üstümdə tapança vardı, onu öldürmək fikrim olsaydı, atəş açardım”.
Zərərçəkmiş şəxsin hüquqi varisi Aybəniz Süleymanova ifadəsində Mirəli ilə birgə nikahdan iki övladı olduğunu göstərib: “Mirəli məndən boşansa da daim bizimlə bir yerdə olur, evə gəlib-gedir, uşaqlara, mənə yaxşı baxırdı. Bizim üçün avtomobil almışdı, sürücü vermişdi. Uşaqlar da, qonşular da bizim boşandığımızı bilmirdilər. Bu barədə Mirəli heç kimə bildirməmişdi, hiss etdirməmişdi. Aydınla Mirəli yaxın idilər, ticarət mərkəzini birlikdə işlədirdilər.
Mayın 16-da Mirəlinin bıçaqlanması xəbərini alan kimi uşaqlarla birlikdə xəstəxanaya getdik. Mirəli uşaqları görüb sevindi, tezliklə sağalacağını dedi. Ertəsi gün onun ölüm xəbərini eşitdik”.
Cinayət işi üzrə ifadə verən şahidlər mərhumun həyat tərzi ilə bağlı ürəkaçan ifadələr söyləməyiblər. Onu “yalan danışmağı xoşlayan, dil qabiliyyətindən istifadə edib adamları aldadan, əxlaqsız həyat tərzi sürən, çox əsəbi, qorxaq, qeyri-səmimi” insan kimi xarakterizə ediblər.
Qeyd edək ki, A.Rüstəmovun anlaqlı olub-olmaması ilə bağlı psixiatrik ekspertiza təyin olunduğundan məhkəmə prosesi iyulun 23-dək təxirə salınıb.