Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Bankın yarım milyon manatını mənimsəyən xanımlardan birinə ağır cəza verildi
"Premium Bank"ın yarım milyon manata yaxın vəsaitini mənimsəməkdə təqsirləndirilən bankın sabiq filial müdiri Nəzakət Məmmədxanova və həmin filialın baş xəzinədarı Samirə Əliyevanın cinayət işi üzrə yekun məhkəmə prosesi keçirilib.
Oxu.Az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunaraq təqsirləndirilənlərdən Nəzakət Məmmədxanova 7 il azadlıqdan məhrum edilib və o, məhkəmə zalında həbs olunub, Samirə Əliyeva isə 2 il sınaq müddəti olmaqla azadlıqdan şərti məhrum edilib.
Xatırladaq ki, daha öncəki prosesdə prokuror Nəzakət Məmmədxanovanın 9 il, Samirə Əliyevanın 7 il müddətinə azadlıqdan məhrum olunmasını məhkəməyə təklif etmişdi.
Qeyd edək ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılan istintaqla müəyyən edilib ki, "Premium Bank" ASC-də filial müdiri işləyən Nəzakət Şərəf qızı Məmmədxanova ötən ilin mayın 8-dən mayın 23-dək işlədiyi 5 saylı filialın 461 min 170 manat pulunu qulluq mövqeyindən istifadə edərək mənimsəyib.
Ona bu işdə həmin filialın baş xəzinədarı işləyən Samirə Novruz qızı Əliyeva kömək edib. O, 32 mədaxil qəbzi əsasında 461 min 170 manat pulu bankda olan Nəzakət Məmmədxanovaya məxsus hesab nömrəsindən "M10" proqram təminatında istifadəsində olan mobil nömrə vasitəsilə ayrı-ayrı şəxslərdən kriptovalyuta alaraq internet üzərindən kriptovalyuta alqı-satqısının həyata keçirildiyi "Binance.com" internet saytında onun hesabına yerləşdirib.
Onlar barəsində Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə - külli miqdarda törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə - ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.
Cinayət işində "Premium Bank" zərərçəkmiş qismində tanınıb.
Elgün Həsənli
"Mənimsəmə (israf etmə) cinayəti" teqi üzrə xəbərlər
- Sabiq direktor məhkəmə zalında həbs edildi
- 77 yaşlı sabiq rəis elektron qolbaqda gəzəcək
- Auditorlar Palatasındakı mənimsəmə işi məhkəmədə yenidən araşdırılacaq
- Məhkumların məktəbində 63 min manat mənimsəyən direktor: "Pulu müalicəmə xərclədim"
- "Talassemiya işi" ilə bağlı məhkəmədə hakimin sualı tanınmış həkimi çətin duruma saldı