Bakı Apellyasiya Məhkəməsində Bakı şəhər sakini Tural Əliyevin (1987-ci il təv.) CM-nin 120.2.2 (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə), 29,120.2.7 (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd), 221.3 (xuliqanlıq silah və ya silah qismində istifadə olunan əşyaları tətbiq etməklə törədildikdə), Bakı şəhər sakini Ramin Rzayevin (1987-ci il təv.), Səbuhi Məmmədovun (1991-ci il təv.), Masallı rayon sakini Elçin Baxşıyevin (1993-cü il təv.) və Kəlbəcər rayon sakini Seymur Fərzəliyevin (1991-ci il təv.) CM-nin 221.2.1-ci (xuliqanlıq bir qrup şəxs tərəfindən törədildikdə) maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə məhkəmə baxışı yekunlaşıb.
Oxu.Az ittiham aktına istinadən xəbər verir ki, 2013-cü il oktyabrın 16-na keçən gecə Biləcəri qəsəbəsindən Elçin Baxşıyev, Əli Məlikov və Seymur Fərzəliyev deşilmiş-kəsilmiş xəsarətlərlə Kliniki Tibbi Mərkəzə çatdırılıblar, lakin həkimlərin müdaxiləsinə baxmayaraq, Əli Məlikov kəskin qanitirmədən dünyasını dəyişib. Elə həmin gecə Binəqədi RPİ 6-cı polis bölməsinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində Tural Əliyev saxlanılıb.
Araşdırma zamanı məlum olub ki, mərhum Əli Məlikov Azərbaycan Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Natiq Məlikovun oğludur.
Həmin tarixdə Binəqədi rayon prokurorluğunda başlanan cinayət işi istintaqın davam etdirilməsindən ötrü Bakı şəhər prokurorluğuna verilib.
İstintaqla müəyyən edilib ki, oktyabrın 15-i axşam saat 19:00-da Tural Əliyev Biləcəri qəsəbəsində, yaşadığı evdən çayxanaya doğru gedərkən Elçin Baxşıyevin “Toyota Prado” markalı avtomaşında qızla söhbət etdiyini görüb. Tural onlara yoldan uşaq-qadın keçdiyi üçün başqa yerə getməyi təklif edib. Bundan narazı qalan Elçin Baxşıyev Turala gedib öz işi ilə məşğul olmasını məsləhət görüb. Aralarında sözlə mübahisə yaranıb, məsələni sonra həll etmək üçün bir-birlərinə mobil telefon nömrələrini veriblər.
Elçin Baxşıyev avtomaşınla oradan uzaqlaşdıqdan sonra dostları Seymur Fərzəliyev və Əli Məlikovla, Tural isə dostları Ramin Rzayev və Səbuhi Məmmədovla təyin olunmuş yerə gəliblər. Turalla Elçin sülh yolu ilə bir qərara gələ bilmədiklərinə görə aralarında dava başlayıb. Nəticədə Tural cibindən çıxardığı qatlanan bıçaqla əvvəl Elçinə, sonra isə Əli ilə Seymura xəsarətlər yetirib.
Məhkəmə prosesində Tural Əliyev özünü ittihamla təqsirli bilməyərək göstərib ki, Elçinin ondan güclü olduğunu anlayanda bıçağı çıxararaq, ona iki zərbə endirib. Sonra ondan 5-6 metr aralıda Səbuhi ilə dalaşan Əli Məlikova yaxınlaşıb və onu vurub. Həmin vaxt Seymur Fərzəliyev Turala yumruq atıb, lakin o, zərbədən yayınaraq onu da bıçaqlayıb. Hadisədən sonra o, Mehdiabad qəsəbəsində yaşayan qohumlarıgilə gedib, həmin gecə xalası oğlu Samir onu 6-cı polis bölməsinə gətirib.
Təqsirləndirilən Elçin Baxşıyev, Seymur Fərzəliyev və Ramin Rzayev ittiham üzrə özlərini təqsirli bilməyiblər, lakin Səbuhi Məmmədov özünü qismən təqsirli hesab edib.
Zərərçəkənin atası Natiq Məlikov ifadəsində göstərib ki, ayın 15-də saat 21 radələrində Qurban bayramı ilə əlaqədar ailəsi ilə Biləcəridə yaşayan qohumlarıgilə yollanıb. Ora çatdıqdan sonra Əli ilə telefonla danışıb və oğlu ona bir azdan gələcəyini bildirib.
Danışıqlarından 2 saata yaxın vaxt keçsə də Əli gəlməyib, narahat olduqları üçün onun telefonuna zəng etməyə başlayıblar, lakin onun aparatına zəng çatmayıb. Oğlunun dostu Elçinə zəng etdikdə isə onun telefonuna cavab verən qardaşı Elçinlə Əlinin Kliniki Tibbi Mərkəzə aparıldığını deyib. Natiq Məlikov ailə üzvləri ilə xəstəxanaya yollanıb, təxminən 3-4 saatdan sonra Əli reanimasiya şöbəsində vəfat edib.
Şahid Rüstəm Maqsudov ifadəsində göstərib ki, həmin gecə Seymur ona zəng edib Binəqədi şossesində yaralı vəziyyətdə, küçədə qaldıqlarını deyib. O, həmin yerə çatanda hər üçünü yerdə uzanıqlı vəziyyətdə aşkar edib və dərhal telefonundan 103 xidmətinə zəng edib xəbər verib. Təcili tibbi yardım maşını gələnədək Elçinlə Seymuru taksi ilə xəstəxanaya yola salıb, Əli Məlikovu isə təxminən 30-40 dəqiqədən sonra təcili yardım aparıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Tural Əliyev 14 il, Elçin Baxşıyev, Seymur Fərzəliyev, Ramin Rzayev və Səbuhi Məmmədov 5 il müddətinə azadlıqdan məhrumetmə cəzalarına məhkum olunublar.
Təqsirləndirilən şəxslərin apellyasiya şikayəti əsasında cinayət işi Bakı Apellyasiya Məhkəməsinə göndərilib.
Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə birinci instansiya məhkəməsinin hökmü dəyişdirilib. Tural Əliyevin cəzası dəyişdirilmədən saxlanılıb, Elçin Baxşıyev və Ramin Rzayevin cəzaları 4 il 6 aya, Seymur Fərzəliyev və Səbuhi Məmmədovun cəzaları 4 ilə endirilib.
C.H.
www.oxu.az