Dekabrın 19-da Bakı Hərbi Məhkəməsində Ermənistan Respublikası vətəndaşlarının ittiham olunduğu cinayət işi üzrə məhkəmə prosesi davam etdirilir.
Oxu.Az xəbər verir ki, məhkəmədə təqsirləndirilən şəxs David Manukyan son söz çıxışını davam etdirib. O, ittiham tərəfinin bildirdikləri ilə bağlı özünün əks arqumentlərini səsləndirib.
Təqsirləndirilən şəxs dövlət ittihamını müdafiə edən prokurorların elan etdiyi məqamlarla razılaşmadığını deyib.
D.Manukyan qondarma rejimin "təhlükəsizlik şurasının iclaslarında" nə iştirakçı, nə də müşahidəçi qismində iştirak etmədiyini, buna onun vəzifə öhdəliklərinin icazə vermədiyini də söyləyib.
D.Manukyan çıxışında öz vəkillərinə təşəkkürünü bildirib.
Təqsirləndirilən şəxs Arayik Arutyunyan son söz çıxışında dövlət ittihamını müdafiə edən prokurorların arqumentləri ilə razılaşmadığını söyləyib.
O, çıxışında özünün və iki qardaşının Qarabağda məktəbdə təhsil aldığını, erməni dilində təhsil almaqla bağlı problem olmadığını deyib. A.Arutyunyan azərbaycanlılarla aralarında heç bir problem olmadığını da bildirib və əlavə edib: "Bir-birimizin tədbirində iştirak edirdik".
Qeyd edək ki, Ermənistan dövlətinin, onun dövlət qurumlarının vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi-yazılı qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi əsasında, eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisində daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə, Azərbaycana hərbi təcavüz etmək məqsədilə yaradılmış, həmçinin Robert Sedraki Koçaryan, Serj Azati Sarqsyan, Vazgen Mikaeli Manukyan, Vazgen Zaveni Sarqsyan, Samvel Andraniki Babayan, Vitali Mikaeli Balasanyan, Zori Hayki Balayan, Seyran Muşeqi Ohanyan, Arşavir Surenoviç Qaramyan, Monte Çarlz Melkonyan və digərlərinin rəhbərliyi, bilavasitə və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədən sözügedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkar müharibənin gedişində törədilmiş çoxsaylı cinayət faktlarına dair cinayət işi üzrə 15 təqsirləndirilən şəxs ittiham edilir.
Həmin şəxslər, yəni Arkadi Arşaviri (Arşaviroviç) Qukasyan, Arayik Vladimiri (Vladimiroviç) Arutyunyan, Bako Saaki (Saakoviç) Saakyan, Davit Rubeni (Rubenoviç) İşxanyan, Davit Klimi (Klimoviç) Babayan, Levon Henrixi (Henrixoviç) Mnatsakanyan, Davit Azati (Azatoviç) Manukyan, Qarik Qriqori (Qriqoroviç) Martirosyan, Melikset Vladimiri (Vladimiroviç) Paşayan, Davit Nelsoni (Nelsonoviç) Allahverdiyan, Qurqen Omerosi (Omerosoviç) Stepanyan, Levon Romiki (Romikoviç) Balayan, Madat Arakeli (Arakeloviç) Babayan, Vasili İvani (İvanoviç) Beqlaryan və Erik Roberti (Robertoviç) Qazaryana Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar.