Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Gömrük Komitəsinin "avtoşluq" edən vəzifəli şəxsi: "Yeyib-içməyə tələsirəm"
Dövlət Gömrük Komitəsinin (DGK) avtoxuliqanlıq edən vəzifəli şəxsi saxlanılıb.
Oxu.Az "Qaynarinfo"a istinadla xəbər verir ki, Dövlət Gömrük Komitəsində müfəttiş işləyən, 1980-ci il təvəllüdlü S.F. barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1 (polisin qanuni tələbinə tabe olmama) maddəsi ilə protokol tərtib olunub və iş məhkəməyə göndərilib.
Məhkəmədə məlum olub ki, Dövlət Gömrük Komitəsinin vəzifəli əməkdaşı 6 mart 2025-ci il tarixdə saat 21:00 -da Astara şəhərində "Mercedes" markalı avtomobili insanların sıx olduğu ərazidə sürətlə idarə edib.
O, dərhal Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Dərhal hadisə yerinə Dövlət Yol Polisinin əməkdaşları çağırılıblar. Bu zaman şəxs aqressivlik nümayiş etdirərək "sizin məni saxlamaq hüququnuz yoxdur, sizə nə lazımdır?", "gedin işinizlə məşğul olun, yeyib-içməyə tələsirəm" kimi ifadələr işlədib.
S.F. məhkəmədə avtomobili yüksək sürətlə idarə etdiyini təsdiqləyib: "İşdən gec çıxdığım üçün yorğun idim. Əsəblərimə hakim ola bilmədiyimdən sözügedən hadisə baş verdi".
S.F. bir daha belə hərəkətlərə yol verməyəcəyini, bunu nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş edib.
Məhkəmənin qərarı ilə S.F. 200 manat məbləğində cərimə edilib.