Goranboy rayon Polis İdarəsinin əməkdaşları Todan kəndində yaşlı cütlüyün qətlinin üstünü açıblar.
Oxu.Az xəbər verir ki, bu barədə Vesti.Az-a Goranboy rayon Prokurorluğunda bildiriblər.
Xatırladaq ki, Todan kəndində noyabrın 22-də şəxsi evlərində 83 yaşlı Tahir Məmmədov və 80 yaşlı Sona Məmmədova qətlə yetiriliblər. Kriminalistlər onların bədənində çoxlu sayda deşik-kəsik yaraları aşkar ediblər.
Dünən Goranboy rayon Polis İdarəsinin əməliyyatçıları qətlə yetirilənlərin həmkəndlisi 39 yaşlı Subhay İbrahimovu saxlayıblar. Saxlanılan şəxs etdiyi hərəkəti etiraf edib.
İlkin istintaq zamanı müəyyən edilib ki, cinayət baş verərkən S.İbrahimov sərxoş olub. Məlumdur ki, İbrahimov onları balta ilə öldürüb.
Yerli KİV-in bəziləri qeyd ediblər ki, İbrahimov Məmmədovları tamahkarlıq ucbatından qətlə yetirib, belə ki, onların pullarına yiyə çıxmaq istəyirmiş. Amma Goranboy RPİ ilkin istintaqı zamanı aydın olub ki, bu, doğru deyil. Müəyyən edilib ki, İbrahimov Məmmədovgilə qonaq gedib. Ev sahibləri onu çaya qonaq ediblər. Masa arxasında İbrahimov köhnə söhbətləri yadına salıb. İş ondadır ki, Məmmədovların kiçik qızı İbrahimov ilə nişanlı olub. Amma üzük geri qayıdıb. Məmmədovların 36 yaşlı qızları sağlamlığına görə ailə qurmayıb. Qız psixi çatışmazlıqdan əziyyət çəkir və hal-hazırda psixi dispanserdədir.
Fakt üzrə araşdırma davam edir.
14:45
Goranboy rayonunda ər və arvadı qətlə yetirən şəxs həbs edilib.
Oxu.Az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində noyabrın 22-də Goranboy rayon sakinləri Tahir Məmmədovu və onun arvadı Sonanı qətlə yetirməkdə şübhəli bilinən Todan kənd sakini Sübhay İbrahimov tutulub.