Əvvəllər ailədə baş verən söz-söhbətlər evin divarlarından kənara çıxmazdı, indi isə bir şey olmamış ər arvaddan, arvad da ərindən polisə şikayət edir. Bu yeni xoşagəlməz tendensiya artıq normal hal alıb. Bundan başqa, keçmiş həyat yoldaşı tərəfindən qarət olunanların da sayı artıb.
Oxu.Az Vesti.Az-a istinadən xəbər verir ki, iyun ayının 18-də Qaradağ rayonu, Lökbatan qəsəbəsinin 1960-cı il təvəllüdlü sakini Bəybala Namazov Pakan LTD MMC-də mühasib vəzifəsində çalışan keçmiş həyat yoldaşı Güləbətin Məmmədovaya hücum edib.
Vesti.Az-a Qaradağ rayon Polis İdarəsindən verilən məlumata əsasən, kişi qadının əlindən içində Pakan LTD MMC-yə məxsus 5000 manat və qadının qızıl sırğaları olan çantasını alıb qaçıb. Fakt üzrə araşdırma aparılır.
Yasamal rayonunda 42 yaşlı E.Əhmədzadə 28-ci polis bölməsinə müraciət edərək evdə olmadığı zaman keçmiş əri 42 yaşlı A.Əhmədzadənin evə daxil olaraq (mənzilin açarı var) toy vaxtı ona hədiyyə edilən qızıl üzüyü oğurladığını bildirib.
Nizami rayonunda isə kişi şikayət edərək, gecə yatdığı zaman arvadının ondan 130 manat və mobil telefonunu oğurladığını deyib.
XXI əsr insan cəmiyyətində də öz izlərini qoyub. Əgər Azərbaycanda əvvəllər “kişi belə etməz” ifadəsi xüsusi məna kəsb edirdisə, qadınlar isə yüngül hərəkətlərdən çəkinib “ağır oturub, batman gəl”ərdilərsə indi çoxları üçün “ağır təbiətlilik” boş sözdür.
Qeyd edək ki, yuxarıda qeyd edilən hadisələr heç də nadir və istisna hallar deyil – bu yalnız cari həftədə qeydiyyata alınan faktlardır.