Bu gün İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Biləsuvar rayonunda Cəbrayıldan olan məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı 4 saylı qəsəbədə sahibkarlığın güzəştli kreditləşdirilməsinə dair işgüzar forum keçirib.
Oxu.Az xəbər verir ki, SKMF-dan verilən məlumata görə, tədbirdə 100-ə yaxın məcburi köçkün sahibkar iştirak edib.
SKMF-dan icraçı direktor Şirzad Abdullayev bildirib ki, fondun fəaliyyətində əsas prioritetlərdən biri məcburi köçkünlərin sahibkarlıq fəaliyyətinə cəlb olunmasının stimullaşdırılması məqsədilə onların maarifləndirilməsi və dövlətin güzəştli kreditlərinin verilməsidir.
“İndiyədək 1300 məcburi köçkün sahibkara 30,8 mln. manat, o cümlədən Cəbrayıldan olan 244 məcburi köçkünə 1,5 mln. manat güzəştli kredit verilib, bu kreditlərin reallaşdırılması nəticəsində 2700-ə yaxın yeni iş yerinin yaradılması mümkün olub.
Təkcə 2014-cü ilin ötən dövrü ərzində 100 məcburi köçkün sahibkara 4,9 mln. manat güzəştli kredit (bugünkü forumda verilən kreditlər də daxil olmaqla) verilib ki, bu kreditlər hesabına 250-ə yaxın yeni iş yerinin yaradılması nəzərdə tutulur”, - Ş.Abdullayev deyib.
Qeyd edək ki, Forum çərçivəsində Cəbrayıl və Biləsuvar rayonlarından olan 43 sahibkarın investisiya layihəsinin maliyyələşdirilməsinə 414,5 min manat güzəştli kredit verilib. Bu layihələrin reallaşdırılması 60-a yaxın yeni iş yerinin açılmasına imkan verir.
Gülnarə Zeynalova
www.oxu.az