Dələduzluq yolu ilə vətəndaşların 150 min manatdan artıq vəsaitini ələ keçirən şəxs saxlanılıb.
Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Bildirilib ki, Lənkəranda müxtəlif vədlərlə vətəndaşları aldadaraq onların pul vəsaitlərini ələ keçirməkdə şübhəli bilinən H.Məmmədov polis əməkdaşları tərəfindən saxlanılıb.
Araşdırmalarla müəyyən edilib ki, H.Məmmədov zərərçəkmişlərə özünü müxtəlif qurumlarda tanışları olan şəxs kimi təqdim edərək təqaüd düzəltmək, yüksək maaşlı işlə təmin olunma və digər yalan vədlər verib. Bu yolla, o, vətəndaşların ümumilikdə 150 min manatdan artıq pul vəsaitini ələ keçirib.
Faktla bağlı cinayət işi başlanılıb, H.Məmmədov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.
