Külli miqdarda dələduzluq etməkdə ittiham olunan "Zamin" əmlak agentliyinin direktoru Oqtay Zərbəliyev, eləcə də həmin agentliyin satış menecerləri - Orxan Əliyev və Natiq Şahmuradovun cinayət işi üzrə məhkəməsi yekunlaşıb.
Oxu.Az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Nigar İmanovanın sədrliyi ilə keçirilən iclasda hökm elan edilərək Oqtay Zərbəliyev yeddi il, Orxan Əliyev beş il, Natiq Şahmuradov isə altı il müddətinə azadlıqdan məhrum ediliblər.
Qeyd edək ki, təqsirləndirilən şəxslər əlbir olaraq agentliyə müraciət edən vətəndaşlara qarşı dələduzluq ediblər.
Qrup üzvləri zərərçəkənlərə güzəştli şərtlərlə ipoteka vasitəsilə mənzil almaqda kömək edəcəkləri barədə yalan vədlər veriblər. Oqtay Zərbəliyev və qrupun digər üzvləri zərərçəkən şəxslərin ümumilikdə 1 490 200 manatını dələduzluq yolu ilə ələ keçirərək verdikləri vədlərə əməl etməyiblər. Hər üç şəxsə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə cinayət işi açılaraq ittiham irəli sürülüb.
Elgün Həsənli