Bakı Ареllyasiya Məhkəməsində Bakı ş. sakini Sənan Qulamovun CM-nin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesinin baxışı başa çatıb.
Oxu.Az xəbər verir ki, ötən il aprelin 5-də Nizami rayonunun Keşlə qəsəbəsində yaşayan Fəridə Səlimcanovanın yaşadığı evdə, qohumu Sənan Qulamov münaqişə zəminində həyat yoldaşı Əfiqəyə çoxsaylı bıçaq zərbələri vurmaqla, onu qətlə yetirib. Daha sonra Sənan özünü öldürmək məqsədi ilə həmin bıçaqla boyun, qol və qarın nahiyələrindən özünə xəsarətlər yetirib. Lakin ev yiyəsi vaxtına tibbi yardım çağırdığına görə, həkimlər onu 3 saylı kliniki xəstəxanaya çatdırıblar. Cərrahi əməliyyat nəticəsində təqsirləndirilən şəxsin həyatı xilas olunub.
Daxil olan məlumat əsasında hadisə yeri Nizami RPİ 23-cü polis bölməsi və rayon prokurorluğunun əməkdaşları tərəfindən müayinə olunub, yaralı şəxs sağalanadək xəstəxanada, palatanın qarşısında polis postu yaradılıb.
Dindirmə zamanı S.Qulamov cinayəti qısqanclıq zəminində törətdiyini və hadisədən sonra özünə qəsd etmək niyyətində olduğunu bildirib.
Məhkəmə prosesində təqsirləndirilən şəxs ittiham üzrə özünü qismən təqsirli hesab edib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Sənan Qulamov 13 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. Hökmdən narazı qalan təqsirləndirilən şəxs apellyasiya şikayəti verib.
Bakı Apellyasiya Məhkəməsi işin hallarını araşdıraraq S.Qulamovun əməlini CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsinə tövsif edib və həmin maddəyə əsasən onun cəzasını 2 il endirməklə, qəti cəzasının 11 il olması haqda qərar qəbul edib.
C.H.
www.oxu.az