Bakı Ağır Cinayətlər Məhkəməsində odlu silahla cinayət törətməkdə təqsirli bilinən Bakı şəhər sakini, 1959-cu il təvəllüdlü Lətifov Gülağa Ağaxan oğlunun məhkəməsi başlayıb.
Oxu.Az Virtualaz.org-a istinadən xəbər verir ki, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə olan əməkdaşın verdiyi məlumata görə, avqustun 4-də hazırlıq iclası olub, məhkəmə isə avqustun 12-nə təyin edilib.
Qeyd edək ki, əvvəllər məhkumluq həyatı yaşamış Gülağa Lətifov bu il fevralın 23-də saat 20:00-da Sabunçu qəsəbəsindəki 68 saylı orta məktəbin yaxınlığında ağır cinayət törədib. Gülağa Lətifov münaqişə zəminində qonşuluqda yaşayan Fərid Qədirova, Akif Nəzərova, Yusif Paşayevə və Asif Nəzərova odlu silahdan atəş açaraq hadisə yerindən qaçıb. Fərid Qədirov aldığı xəsarətdən ölüb, digərləri xəstəxanaya yerləşdiriliblər.
İstintaq araşdırması zamanı Gülağa Lətifov müvafiq dövlət orqanlarının icazəsi olmadan və yerli icra nümayəndəliyi tərəfindən edilmiş xəbərdarlıqlara məhəl qoymayaraq həmin məktəblə üzbəüz yerləşən açıq idman meydançasında xeyir-şər evinin tikilməsi adı altında tikinti işləri aparmağa başlayıb. Həmin torpaq sahəsinə özbaşına xeyli miqdarda mişar daşları və qum tökdürüb. Onun bu hərəkətləri ərazidə yaşayan sakinlərin narazılığına səbəb olub.
Tikinti işləri başlanan zaman qəsəbə sakinləri Fərid Qədirov, Akif Nəzərov, Asif Nəzərov və Yusif Alpaşayev ondan bu hərəkətlərinə son qaymağı tələb ediblər. Onun tökdürdüyü mişar daşlarını meydançanın kənarına yığarkən Gülağa Lətifov özünə məxsus “Nissan-Juke” markalı 90 SK 207 dövlət nömrə nişanlı avtomaşınla ora gəlib. Tikinti işləri aparmasına imkan vermədiklərinə görə onlarla mübahisə edib.
Yaranmış münaqişədə Gülağa Lətifov şəxsi avtomobilində gəzdirdiyi odlu silahdan qəsəbə sakinlərinə bir neçə dəfə atəş açıb. Atəş nəticəsində Fərid Qədirovla Yusif Alpaşayev hər ikisi dünyasını dəyişiblər. Akif və Asif Nəzərorlar ağır dərəcəli bədən xəsarətləri alıblar.
Hadisə yerinə gələn polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən oradan 1 ədəd qoşalülə ov tüfəngi və 4 ədəd giliz, habelə Gülağa Lətifovun Sabunçu qəsəbəsi, Tofiq Bünyadov küçəsi, ev 9-da yerləşən mənzilinə baxış zamanı 19 ədəd patron aşkar edilib.
Hadisə zamanı güllə yarası alan Akif Nəzirov Suraxanı Rayon Polis İdarəsinin rəis müavinidir. Digər yaralı - Akif Nəzərovun oğlu Asif Nəzərov isə Sabunçu Rayon Polis İdarəsinin 12-ci polis bölməsinin əməkdaşıdır.
Gülağa Lətifov Cinayət Məcəlləsinin 120.2.2 (xuliqanlıq niyyəti ilə adam öldürmə), 120.2.3 (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürmə), 120.2.4 (xüsusi amansızlıqla və ya imumi təhlükəli üsülla adam öldürmə), 120.2.7 (iki və daha çox şəxsi öldürmə) və 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd) maddələri ilə ittiham olunur.