Külli miqdarda rüşvət almaqda təqsirləndirilən, İsmayəllı rayon Diyallı kənd bələdiyyəsinin sabiq sədri Cahangir Surxayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Oxu.Az-ın məlumatına görə, prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə C.Surxayev 8 il 1 ay azadlıqdan məhrum edilib.
İttihamla görə, İsmayıllı rayon Diyallı bələdiyyəsinin sədri Cahangir Surxayev tələb etdiyi rüşvət məbləğinin bir qismini vətəndaşdan alarkən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən cinayət başında yaxalanıb.
İstintaqla Cahangir Məhyəddin oğlu Surxayevin vəzifə səlahiyyətlərini aşaraq icarə müqaviləsi və digər növ saxta sənədlərin tərtib edilməsi yolu ilə rəhbərlik etdiyi qurumun mülkiyyətində olan torpaq sahəsinin arıçılıq fəaliyyətinin həyata keçirilməsi məqsədilə icarəyə verilməsi müqabilində ona müraciət etmiş vətəndaşdan külli miqdarda pul vəsaitini rüşvət qismində hissə-hissə almasına əsaslı şübhələr müəyyən edilib.