Əvvəllər Yeni Suraxanı bələdiyyəsinin sədri işləmiş Fikrət Quliyevin cinayət işinin məhkəmə araşdırması başa çatıb.
Oxu.Az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Kərimovun sədrliyi ilə keçirilən yekun iclasda hökm oxunaraq Fikrət Quliyev doqquz il müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, ötən prosesdə dövlət ittihamçısı Fikrət Quliyevin 11 il müddətinə azadlıqdan məhrum edilməsini məhkəməyə təklif etmişdi.
İstintaqla müəyyən edilib ki, Fikrət Quliyevin həmin vəzifədə işləyərkən xidməti vəzifələrinin icrası ilə əlaqədar vətəndaşlara torpaq sahələrinin ayrılması, tikinti işlərinin aparılması və digər məqsədlərlə xeyli şəxsdən külli miqdarda pul vəsaitini rüşvət qismində almasına və digər qanunazid əməllər törətməsinə əsaslı şübhələr müəyyən edilib.
Toplanmış sübutlar əsasında Fikrət Quliyevə Cinayət Məcəlləsinin 311.3.2, 311.3.3 (rüşvət alma təkrar və külli miqdarda törədildikdə), 312-1 (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə yekun ittiham elan edilməklə barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Elgün Həsəni