Ali Məhkəmədə Kürdəmir Rayon İcra Hakimiyyətinin sabiq başçısı Ceyhun Cəfərov və rayonun digər vəzifəli şəxsləri barəsində hökmdən verilmiş kassasiya şikayətinə baxılıb.
APA-nın məlumatına görə, hakim Hafiz Nəsibovun sədrliyi ilə keçirilən iclasda kassasiya şikayətində iş üzrə dəymiş ziyanın tam ödənildiyi, digər əsasların nəzərə alınması, məhkum şəxslərə təyin olunmuş cəzanın yüngülləşdirilməsinin xahiş olunduğu bildirilib.
Məhkəmənin qərarına əsasən, sabiq icra başçısı Ceyhun Cəfərov, icra başçısının birinci müavini Tacəddin Novruzov, Rayon Mərkəzi Xəstəxanasının direktoru Eynulla Novruzov, həmin xəstəxananın baş həkimi Məhəmməd Musayev, rayon Təhsil Şöbəsinin müdiri Mətləb Allahverdiyev, Təhsil Şöbəsinin baş mühasibi Rəcəb Hüseynovun kassasiya şikayətləri qismən təmin edilib. Ceyhun Cəfərovun cəzası 4 il 6 aya, Tacəddin Novruzovun cəzası 4 il 5 aya, Eynulla Novruzov, Məhəmməd Musayev, Mətləb Allahverdiyev və Rəcəb Hüseynov cəzaları 4 il 4 aya endirilib. Şikayətin qalan hissələri təmin olunmayıb.
Xatırladaq ki, sabiq icra başçısı və rayonun digər vəzifəli şəxsləri Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən 2020-ci ilin avqust ayında keçirilən əməliyyatla həbs olunublar.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə sabiq icra başçısı Ceyhun Cəfərov, icra başçısının birinci müavini Tacəddin Novruzov və şöbə müdiri Natiq Kərimov 8 il 6 ay, Rayon Mərkəzi Xəstəxanasının direktoru Eynulla Novruzov, həmin xəstəxananın baş həkimi Məhəmməd Musayev, rayon Təhsil Şöbəsinin müdiri Mətləb Allahverdiyev, Təhsil Şöbəsinin baş mühasibi Rəcəb Hüseynov 8 il üç ay, Yaşıllaşdırma İdarəsinin rəisi Emin Sadıqov 4 il, Mənzil İstismar Sahəsinin rəisi Sərvər Məmmədov 2 il 6 ay azadlıqdan məhrum ediliblər. Kommunal Müəssisələr Kombinatının direktoru Məhəmmədəli Surxayev isə 3 il müddətinə azadlığın məhdudlaşdırılması şərti ilə 2 min manat cərimə olunub.
Sonradan Şirvan Apellyasiya Məhkəməsi hökmü dəyişib. Qərara əsasən, Ceyhun Cəfərovun cəzası 6 ilə endirilib.
Bundan başqa, sabiq icra başçısı ilə birgə tutulan İH başçısının birinci müavini Tacəddin Novruzov və şöbə müdiri Natiq Kərimovun cəzası 5 il 10 aya, Rayon Mərkəzi Xəstəxanasının direktoru Eynulla Novruzov, həmin xəstəxananın baş həkimi Məhəmməd Musayev, rayon Təhsil Şöbəsinin müdiri Mətləb Allahverdiyev, Təhsil Şöbəsinin baş mühasibi Rəcəb Hüseynovun cəzası 5 il 6 aya, Yaşıllaşdırma İdarəsinin rəisi Emin Sadıqovun cəzası isə 2 ilə endirilib.
Rəylər