Xəbər verdiyimiz kimi, dünən axşam Sabirabadda 16 yaşlı yeniyetmə dayısını bıçaqla qətlə yetirib.
Sabirabad Rayon Polis Şöbəsindən verilən məlumata görə, mayın 2-nə keçən gecə saat 00:00 radələrində Sabirabadın Yaxa Dəllək kənd sakini, 1999-cu il təvəllüdlü Hacıyev Cavad Cabir oğlu dayısı - həmin kəndin sakini, 1972-ci il təvəllüdlü Hacıyev Vüqar Poladxan oğlunu bıçaqlayıb. V.Hacıyev xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Oxu.Az xəbər verir ki, Virtualaz.org saytı bu qətlin təfərrüatları ilə bağlı bəzi məlumatları əldə edib. Məlum olub ki, öldürülən Vüqar Hacıyev üst-üstə 14 il olmaqla iki dəfə məhkumluq həyatı yaşayıb. 5 ilə yaxındır ki, azadlığa çıxıb. O, türmədə dəmirçilik sənətini öyrənib və bu sənətlə məşğul olurmuş. Onun digər iki qardaşı da hazırda məhbəs həyatı yaşayır.
Qətli törədən Cavad Hacıyev isə orta məktəbin X sinif şagirdidir. O, dayısı V.Hacıyevi gecə saat 12 radələrində evdən bayıra çağırıb, elə həyət qapısının ağzında da qarın boşluğuna işləyən bir bıçaq zərbəsi endirib. Bu zərbə ölümcül olub. Qətlin ailə münaqişəsi zəminində baş verdiyi deyilir. Bununla belə Yaxa Dəllək kənd sakinləri dayı ilə bacıoğlu arasında indiyədək hər hansı münaqişənin olması barədə heç bir məlumata malik olmadıqlarını deyiblər. Onlar mərhum V.Hacıyevi iki dəfə məhkumluq həyatı yaşamasına baxmayaraq sakit bir adam kimi xarakterizə ediblər.
DİN-dən verilən məlumata görə, Cavad Hacıyev saxlanılıb.
09:42
Sabirabadda 16 yaşlı yeniyetmə dayısını bıçaqla qətlə yetirib.
Oxu.Az xəbər verir ki, Sabirabad polis şöbəsindən APA-nın Mil-Muğan bürosuna verilən məlumata görə, bu gecə saat 00.00 radələrində Sabirabad rayonunun Yaxa Dəllək kəndində qətl hadisəsi baş verib.
Sabirabad rayonunun Yaxa Dəllək kənd sakini 1999-cu il təvəllüdlü Hacıyev Cavad Cabir oğlu dayısı- həmin kəndin sakini 1972-ci il təvəllüdlü Hacıyev Vüqar Poladxan oğlunu bıçaqlayıb. İkinci xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Hal-hazırda hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları istintaq əməliyyatı aparılır. Hadisəni törədən şəxsin tutulması istiqamətində əməliyyat- axtarış tədbirləri həyata keçirilir.
Faktla bağlı Sabirabad rayon prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.
E.Ə.
www.oxu.az