Qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən Arif Nuriyevin (adı, soyadı şərtidir - red.) barəsindəki cinayət işinin bəzi detalları məlum olub.
Oxu.Az Pravda.az-a istinadla xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Ayşən Vəliyevanın sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan olunub.
İstintaq materiallarında qeyd olunur ki, təqsirləndirilən şəxs 2025-ci ilin may ayında qeyri-rəsmi nikah münasibətlərində olduğu zərərçəkmiş Günay Kərimova (adı, soyadı şərtidir - red.) ilə Masallı şəhərində birlikdə yaşadıqları kirayə mənzildə şəxsi münasibətlər zəminində mübahisə ediblər. Bu zaman A.Nuriyev qadına şillə və yumruq zərbələri vurub, üzünə yastıq sıxaraq onun müqavimət göstərməsinin qarşısını almağa çalışıb.
Nəticədə qadın sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül xəsarətlər alıb.
İstintaq materiallarına görə, bunun ardınca təqsirləndirilən şəxs qadının əllərini, ayaqlarını və ağzını bağlayıb, saçlarını kəsib. Daha sonra isə zərərçəkmiş şəxsi iradəsinə zidd olaraq həmin mənzildə saxlayaraq onu təxminən bir gün müddətində qanunsuz şəkildə azadlıqdan məhrum edib.
Cinayət işinin materiallarında əksini tapan digər epizod isə bir müddət sonra baş verib. Belə ki, tərəflər arasında münasibətlər pozulduqdan və qeyri-rəsmi nikah münasibətlərinə son qoyulduqdan sonra Arif Günayın "WhatsApp" və "TikTok" platformalarında onun və ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlətməsindən, eləcə də müxtəlif təhqiramiz və qıcıqlandırıcı paylaşımlar etməsindən hiddətlənib.
Həmin paylaşımlardan sonra təqsirləndirilən şəxs qadından qisas almaq məqsədilə onu öldürmək qərarına gəlib. Bu məqsədlə 2025-ci ilin iyun ayında gecə saatlarında Masallı rayonunun Göyəçöl kəndində yerləşən "Nurgün" kafesinə gedərək, orada qadınla dava edib.
Arif kafedə qadının üzərinə hücum çəkib və bıçaqla bədəninin müxtəlif nahiyələrinə bir neçə dəfə zərbə endirib. Nəticədə Günay qarın boşluğuna nüfuz edən, yoğun bağırsaq və digər daxili orqanların zədələnməsi ilə müşayiət olunan, həyat üçün təhlükəli hesab edilən ağır bədən xəsarəti alıb. Bundan əlavə, qadına qarın nahiyəsində sağlamlığın qısa müddətə pozulmasına səbəb olan digər kəsilmiş-deşilmiş yara da aşkarlanıb.
İstintaqla müəyyən olunub ki, zərərçəkmiş şəxsin aktiv müqavimət göstərərək təqsirləndirilən şəxsin qolundan tutması onun əlavə bıçaq zərbələri vurmasının qarşısını alıb. Eyni zamanda hadisə yerinə digər şəxslərin yaxınlaşdığını görən Arif qaçaraq oradan uzaqlaşıb. Yaralı qadın isə hadisə yerində olan şəxslərin köməyi ilə vaxtında xəstəxanaya çatdırılıb və ona göstərilən təxirəsalınmaz tibbi yardım nəticəsində həyatı xilas edilib.
Məhkəmə iclasında ifadə verən Arif Nuriyev ittiham üzrə özünü qismən təqsirli bildiyini deyib. O, ilk hadisənin zərərçəkmiş şəxsin ona xəyanət etməsi və əxlaqsız hərəkətlərə yol verməsi səbəbindən baş verdiyini deyib. Qeyd edib ki, Günayın saçlarını məhz buna görə kəsib, lakin onun əl-qolunu bağlamadığını və evdə məcburi saxlamadığını bildirib.
Təqsirləndirilən şəxs ikinci hadisə zamanı isə qadını öldürmək niyyətində olmadığını söyləyib. Onun sözlərinə görə, münasibətlər bitdikdən sonra zərərçəkmiş şəxs sosial şəbəkələrdə özü və valideynləri barədə təhqiramiz paylaşımlar edib. Arif uzun müddət bu paylaşımlara məhəl qoymamağa çalışdığını, lakin sonradan dözə bilməyərək qadından qisas almaq qərarına gəldiyini qeyd edib.
İfadəsində hadisə günü Günaydan valideynlərini niyə təhqir etdiyini soruşduğunu, qarşı tərəfin isə təhqirləri davam etdirdiyini bildirib. Bundan sonra əsəbiləşərək ona iki bıçaq zərbəsi vurduğunu etiraf edib. Təqsirləndirilən şəxs bıçağı əvvəlcədən özü ilə aparmadığını, onu hadisənin baş verdiyi kafedən götürdüyünü söyləyib.
Təqsirləndirilən şəxs törətdiyi əməlləri qadının hərəkətlərinə cavab olaraq həyata keçirdiyini desə də, onu öldürmək niyyətinin olmadığını vurğulayıb.
Məhkəmənin hökmü ilə Arif Nuriyevə 12 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin olunub.