Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Sosial şəbəkədə qızının adına saxta profil açanı döyən şəxslə bağlı qərar ləğv edildi
Ali Məhkəmədə qanunsuz azadlıqdan məhrum etmə və xuliqanlıqda təqsirləndirilən Gülağa Müslümovun barəsindəki qərardan dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az xəbər verir ki, sonuncu keçirilən prosesdə qərar elan edilib. Qərara əsasən, protest təmin edilib, Şəki Apellyasiya Məhkəməsinin çıxardığı qərar ləğv edilib, cinayət işi baxılması üçün aşağı instansiya məhkəməsinə yeni məhkəmə baxışına təyin olunub.
İstintaq orqanının mövqeyinə əsasən, təqsirləndirilən şəxs 2022-ci il tarixdə zərərçəkmiş Nağı Nağıyevə onun qızının adına sosial şəbəkədə saxta istifadəçi profilləri yaradaraq nalayiq ifadələr işlətməsini əsas gətirib. Gülağa Müslümov həmin şəxsdən qisas almaq məqsədilə zərərçəkmişin Yevlax rayonunun Xanabad kəndi ərazisindəki örüş-otlaq sahəsində olmasını əvvəlcədən bilib, VAZ-2107 avtomobili ilə həmin ərazisindəki otlaq sahəsində xırdabuynuzlu heyvanlarını otaran Nağının yanına gedib. Təqsirləndirilən şəxs zərərçəkmişə nə üçün qızının adına sosial şəbəkədə saxta istifadəçi profilləri yaradaraq nalayiq ifadələr işlətməsini deyərək onunla mübahisə edib. Sonra o, Nağının həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq edib, onu adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etmək məqsədilə əlindəki ağacla bir neçə dəfə zərərçəkmiş şəxsin bədənin müxtəlif nahiyələrinə qəsdən çoxsaylı zərbə vurub. Daha sonra Gülağa Müslümov xəsarət alaraq yerə yıxılan zərərçəkmişin əllərini arxadan bir-birinə iplə bağlayaraq, onu məcburi formada zorla avtomobilinin ön sağ oturacağına otuzdurub. Gülağa zərərçəkmiş şəxsin faktiki olaraq azadlığını məhdudlaşdırdıqdan sonra onun əynində olan şalvarını çıxardaraq, özü avtomobilin sükanı arxasına əyləşib, nəqliyyat vasitəsini idarə edib, təxminən 15 dəqiqə ərzində Nağını qanunsuz olaraq azadlıqdan məhrum edib. Sonra o, avtomobili ilə Nağını Xanabad kəndinin mərkəzində yerləşən çayxananın qarşısına gətirib. Orada özü avtomobildən düşdükdən sonra zərərçəkmiş şəxsi qolları bağlı halda insanların gözü qarşısında maşından düşürdüb. Daha sonra Gülağa Nağını təpiklə vurub zor tətbiq etməklə ona kömək edəcək şəxslərin ünvanına ucadan nalayiq ifadələr işlədib.
Hadisədən sonra Gülağa Müslümov cinayət məsuliyyətinə cəlb edilib və barəsində başqa yerə getməmək haqqında qətimkan tədbiri seçilib. Yevlax Rayon Məhkəməsinin hökmü ilə ona Cinayət Məcəlləsinin (CM) 145.2.5-ci (qanunsuz azadlıqdan məhrumetmə) maddəsi ilə bəraət verilib, CM-in 221.1-ci (xuliqanlıq) maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib və Gülağa Müslümova 1 il müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası təyin edilib. Hökmdən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti verib. Şəki Apellyasiya Məhkəməsi protesti təmin etməyib. Daha sonra dövlət ittihamçısı kassasiya protesti ilə Ali Məhkəməyə müraciət edib.
"Xuliqanlıq əməli" teqi üzrə xəbərlər
- Sumqayıtda şirkətdə mühasiblər dava etdilər, elektron qolbaq taxıldı
- Kafedə xuliqanlıq edən keçmiş məhkum narkotiklə tutuldu
- Məhkəmə Rüfət Səfərovla bağlı qərar verib
- Məhəlləyə gələni sorğu-suala tutdular, bıçaqlandılar: Məhkəmə qərar verdi
- Yuxudan ayılanda özünü çılpaq görən qız sevgilisini ölümcül hala saldı
Rəylər