Abşeron rayonu Xırdalan şəhərində hüquq-mühafizə orqanlarının əməkdaşları ilə silahlı şəxslər arasında insident baş verib.
Oxu.Az-ın APA-ya istinadən məlumatına görə, hadisə şəhərin Hacı Zeynalabdin Tağıyev küçəsində, dəmir yolu xəttinin yaxınlığında baş verib.
İlkin məlumata görə, hüquq mühafizə orqanı əməkdaşları iki silahlı şəxsin saxlanılması istiqamətində əməliyyat keçiriblər. Silahlı şəxslər müqavimət göstəriblər, güc strukturlarının əməkdaşları hər iki silahlını zərərsizləşdirib.
Hadisə yeri polis tərəfindən mühasirəyə alınıb.
Yaxınlıqda yaşayan sakinlər arasında zərərçəkən yoxdur. Zərərsizləşdirilmiş şəxslərin şəxsiyyəti müəyyənləşdirilir.
00:34
Abşeron rayonunun Xırdalan şəhərində atışma baş verib.
Oxu.Az Report-a istinadən xəbər verir ki, Quşçuluq massivində iki nəfər şübhəli şəxs saxlanılan zaman hüquq-mühafizə orqanları əməkdaşlarına silahlı müqavimət göstərib.
Cavab atəşi zamanı hər iki şəxs zərərsizləşdirilib. Onların üzərinə baxış zamanı silah-sursat aşkar edilib. Faktla bağlı araşdırma aparılır.
00:01
Bu gün bəzi Kütləvi informasiya vasitələrində Xırdalan ərazisində cinayətkarlarla hüquq-mühafizə orqanlarının əməkdaşları arasında atışma baş verməsi ilə bağlı yayılan xəbərlərin heç bir əsası yoxdur.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Ölkə.Az saytına DTX-dan məlumat verilib.
“Bu gün həyata keçirilən əməliyyatla bağlı rəsmi məlumat yaymışıq. Həmin əməliyyatın bu şəxslərlə əlaqəsi yoxdur”.
Hadisə ilə bağlı Abşeron polisindən və eləcə də, Xırdalan şəhər polis bölməsindən bildirilər ki, onlarda bu barədə məlumat yoxdur. Xırdalan şəhər Təcili və Tibbi Yardım Stansiyanın növbətçi həkimi də qeyd edib ki, bu barədə onlara heç bir çağırış olmayıb.
Xatırladaq ki, “yenicag.az” saytının yaydığı məlumata görə, 23 oktyabr 2017-ci il tarixdə Bakı-Astara-Bakı planlı dəmir yolu qarovulu ilə xüsusi təyinatlı vaqonda Bakı şəhərinə etap olunan xüsusilə ağır cinayətlərlə təqsirləndirilməklə həbs edilmiş Etibar Ələkbər oğlu Məmmədov və Əli Rasim oğlu Ağami Biləcəri qəsəbəsi ərazisində müşayiət altından qaçan şəxslərlə Xırdalan ərazisində hüquq-mühafizə orqanlarının əməkdaşları arasında atışma gedib. Hadisə zamanı ölən və yaralanlar olub.
23:16
23 oktyabr 2017-ci il tarixdə Bakı-Astara-Bakı planlı dəmir yolu qarovulu ilə xüsusi təyinatlı vaqonda Bakı şəhərinə etap olunan xüsusilə ağır cinayətlərlə təqsirləndirilməklə həbs edilmiş Etibar Ələkbər oğlu Məmmədov və Əli Rasim oğlu Ağami Biləcəri qəsəbəsi ərazisində müşayiət altından qaçdıqlarını məlumat vermişdik.
Oxu.Az xəbər verir ki, Yenicag.az-ın əldə etdiyi məlumatına görə, həmin şəxslərin hüquq-mühafizə orqanları tərəfindən yeri müəyyənləşdirilib.
Hazırda Xırdalan ərazisində cinayətkarlarla hüquq-mühafizə orqanlarının əməkdaşları arasında atışma gedir. Ölən və yaralıların olduğu bildirilir.
S.B.
www.oxu.az