Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Elxani hökmdarının kimya sevgisi və ölümü - TARİXİ FAKT
1255-ci ildə Möngke xaqan tərəfindən qərbə göndərilən Hülakü xan Baycunu əvəz etdi. Hülakü xan 1258-ci ildə Bağdadı alaraq Abbasilər dövlətinə son qoydu. Anadolu Səlcuqilər Dövlətini özünə tabe etdi. Monqollar Anadolunun elm, mədəniyyət və ticarət mərkəzləri olan şəhərləri dağıtdılar və yağmaladılar. Bu dövrdə Anadoluda ticarət zəiflədi. Türklər Şərqi və Mərkəzi Anadoludan qərb bölgələrinə doğru köçmək məcburiyyətində qaldılar. Monqollar Anadolu Səlcuqilər Dövlətinin yıxılmasında önəmli rol oynadılar.
Elxanilər dövlətinin əraziləri Fars körfəzindən Dərbəndə və Ceyhun çayından Misirə qədər uzanırdı. Ölkənin ən başlıca və mühüm məmləkəti Azərbaycan idi. Məhz burada dövlətin paytaxtları, əvvəlcə Marağa, daha sonra isə Təbriz yerləşirdi. Hülakü xanın vəfatından sonra ölkədə mərkəzi hakimiyyət bir qədər zəiflədi. Şimalda yerləşən Qızıl Orda (1226-1502) hökmdarları bundan istifadə etməyə cəhd göstərdilər. 1265, 1288, 1290-cı illər onlar dövlətin şimal əyalətlərinə yürüşlər etmişdilər. Bu yürüşlərdə ilk növbədə, Azərbaycan əhalisi, şəhər və kəndləri zərər çəkdi.
Hülakülər sülaləsinin dördüncü nümayəndəsi, Abaqa xan və onun xristian xanımı Haymaş xatunun oğlu Arqun xandır. Arqun xan xristian kimi doğulsa da, buddist kimi yaşayıb.
Arqun xan barədə maraqlı faktı Oxu.Az-a tarixçi-alim Əkbər Nəcəf verib.
Arqun xan kimyaya çox həvəskar idi. Bu məqsədlə Çindən və Hindistdandan çox sayda kimyagəri, daha doğrusu simyaçını gətirib ətrafında toplamış və onlara geniş səlahiyyətlər vermişdi. Dövrün Təbrizi kimyaçı və lamalarla dolu idi. Elxanın kimyaya marağı uzun yaşamaq sirrinin simyaçılar tərəfindən kəşfinə olan inancı idi.
Elə bu kimya sevgisi xanın gənc yaşda ölməsinə səbəb oldu. Kimyaçılar ona ömrü uzadan bir dərman verdilər. Dərman civə və sulfitin qarışdırılması ilə əldə edilmiş bir məlhəm idi. Xan 40 gün heç kimə görünmədən bu məlhəmdən içməli idi. Bu məqasədlə xan anidən ortadan qeyb olmuşdu. 40 gün boyunca ölkə bir-birinə dəyərkən Arqun Kuçanda ölümsüzlük seanslarına davam edirdi.
Məlhəmi qurtarıb ortaya çıxan Arqun qışı keçirmək üçün Arana gəldi. Lakin burada xan ağır xəstələndi. Tam 5 ay davam edən xəstəliyi sonunda gənc, yaraşıqlı, güclü xan bir bələyə sığışacaq qədər yumağa dönmüşdü. Dərisi qurumuş, sümükləri ərimiş, üstəlik ayaqları çürümüşdü. Danışıq qabiliyyətini tamamilə itirən Arqun elə qorxunc vəziyyətə düşmüşdü ki, yaxın adamları hətta onu boğmaq niyyətinə düşmüşdülər. Maraqlıdır ki, lama və baxşılar günahı özlərində deyil, xan haqqında cadu etdiklərini iddia etdikləri arvadı Tuğcaq Xatuna yüklədilər. Qadın işgəncə ilə bütün qadınların gözü qabağında öldürüldü...
Elxanlıların dördüncü hökmdarı Arqun xan 1291-ci ilin martında Bağçayi-Arranda vəfat etdi.