Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Məşhur avtomobil markasının Azərbaycanda istehsalına BAŞLANILDI
Rusiyanın minik avtomobilləri istehsalçısı “AvtoVAZ” şirkəti Azərbaycanda “Lada” modellərinin yığılmasına başladığını elan edib.
Bu barədə şirkətin mətbuat xidmətindən bildiriblər.
“Azərbaycanda “Lada” avtomobilləri ənənəvi olaraq sevilir. Onlara uzun onilliklər ərzində tələbat var və bu gün biz respublikadakı müştərilərimizə bir az da yaxınlaşırıq”, - deyə “AvtoVAZ”ın prezidenti Maksim Sokolov bildirib.
Onun sözlərinə görə, 2024-cü ildə Azərbaycanda 1 500-ə qədər avtomobil istehsal edilə bilər.
“Biz “Granta” ilə başlayırıq və 2024-cü ilin sonuna qədər “Niva” ailəsi – “Legend” və “Travel” ilə (sınaq nümunələri artıq yığılıb və keyfiyyət auditindən keçir), eləcə də “Vesta” ailəsi ilə yerli istehsalın çeşidini genişləndirməyi planlaşdırırıq”, - deyə o, bildirib.
Sokolov illik istehsal həcminin 4-5 min avtomobilə çata biləcəyini gözləyir. İstehsalçı yaxın bir neçə ildə bu rəqəmlərə çatmağa ümid edir.
Şirkət prezidentinin sözlərinə görə, Azərbaycanda istehsalın açılması “Lada”ya yerli bazar payını böhrandan əvvəlki səviyyəyə qaytarmağa və brendin respublikada mövcudluğunu artırmağa kömək edəcək.
Şirkətdən bildirilib ki, hazırda Azərbaycanda yerli istehsal sahələrindən birində avtomobil dəstlərinin qəbulu sahəsi, yığım sexi və hazır avtomobillərin saxlanılması üçün dayanacaq təşkil edilib.
Onlar əlavə ediblər ki, bu layihənin heyətinə Tolyattidən olan mütəxəssislər təlim keçiblər və istehsal olunan hər bir avtomobil yol sınaqlarından keçirilir.
Mənbə: RBK