Dünən “Park Bulvar” ticarət və əyləncə mərkəzində 4-cü Avropa filmləri festivalının açılış mərasimi olub.
Oxu.Az AzərTAc-a istinadən xəbər verir ki, festival Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyi, quruma üzv olan dövlətlərin ölkəmizdəki səfirlikləri, “Park Cinema” kinoteatrlar şəbəkəsi ilə birgə təşkil edilib.
Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin müvəqqəti işlər vəkili Toralf Pilts bildirıb ki, bu tədbir Aİ ölkələri ilə Azərbaycan arasında mədəni əlaqələrin qurulmasına və inkişafına, Avropa dəyərlərinin, mədəniyyətinin daha geniş şəkildə təbliğinə xidmət edəcək.
Toralf Pilts, həmçinin vurğulanıb ki, belə festivalların keçirilməsinin məqsədi Azərbaycan və Aİ arasında mövcud olan mədəni əlaqələri daha da möhkəmləndirmək, Azərbaycan cəmiyyətinə Avropa mədəniyyəti, tarixi barədə məlumat təqdim etməkdir.
Diqqətə çatdırılıb ki, festivalda Aİ-yə üzv olan 17 ölkənin filmləri nümayiş etdiriləcək. Bu ekran əsərləri barədə ekspertlər və maraqlanan tamaşaçılar arasında dialoq aparmaq mümkün olacaq.
Filmlər, eləcə də Avropada müxtəlif ictimai təbəqələri narahat edən miqrasiya, işsizlik, bürokratiya, yaşlaşmaq məsələlərindən başlayaraq, qlobal istiləşmə və s. mövzuları əhatə edir.
Tədbirdə digər çıxış edənlər də festivalın böyük əhəmiyyət daşıdığını və bu ekran əsərlərinin kino sənəti ilə məşğul olan insanlar arasında yeni əlaqələrin qurulması üçün bir vasitə olacağını söyləyiblər.
Festival İsveç kinematoqrafçılarının ekranlaşdırdıqları “Antibə bir tərəfə bilet” filminin nümayişi ilə açılıb. Filmin rejissoru Riçart Hobert bu ekran əsərini tamaşaçılara təqdim edib.
Noyabrın 6-dək davam edəcək festivalda bütün filmlər ingilis dilində, bir neçəsi isə Azərbaycan və rus dillərində olan subtitrlərlə nümayiş olunacaq.