Xalq artisti Habil Əliyevin durumu qəfildən pisləşib.
Oxu.Az xəbər verir ki, Publika.az-a bu barədə sənətkarın qızı Vəfa xanım məlumat verib. Atasının son durumu ilə bağlı bizə açıqlama verən sənətkarın qızı göz yaşlarını saxlaya bilmədi:
“Atam hazırda həkimlərin nəzarəti altındadır. İynə vurub yatırdıblar, çünki oyaq vaxtı çox narahat olur. Səhər yemək yedi, danışdı, amma durumu ürəkaçan deyil. Sağ olsun, nazirliklər də məsələni diqqətdə saxlayır, Habil müəllimlə bağlı xüsusi tapşırıq verilib, hər kəs atamın sağalması üçün çalışır. Ümid Allahadır. 88 yaşı var, bir yandan da xəstəlik. Ürək tab gətirmir”.
Qızının dediyinə görə, Habil müəllimin səhhəti yaxşı imiş, qardaşının ölümündən sonra özünü pis hiss edib:
“Əmimin qırxı hələ çıxmayıb. Onun dəfnində atam çox stress keçirdi, əziyyət çəkdi. Ordan gələndən səhhətində problem gücləndi. Biz istədik o xəstəxanada qalsın, amma özü razılıq vermədi. Dedi, evimi istəyirəm, məcbur olub gətirdik. Özümüz də həkimik, başqa həkimlər də yanındadır, əsas odur ki, atama Allah kömək olsun”.