Son illər rayonların mədəniyyət mühitini yeni ideyalarla canlandırmaq üçün çoxsaylı respublika, beynəlxalq səviyyəli festivallar keçirilir, bir çox şəhərlər müxtəlif meyarlara görə mədəniyyət paytaxtları seçilir.
Oxu.Az xəbər verir ki, Bakı şəhərində “Bölgələrdən paytaxta” adlı layihəyə start verilmişdi. İndiyə qədər sözügedən layihədə Masallı, Qəbələ, Quba, İsmayıllı, Gədəbəy, Şəki, və Şəmkirin mədəniyyət kollektivlərinin proqramları Bakı şəhərinin ən nüfuzlu tamaşa salonlarında nümayiş etdirilib.
İndi isə nazirlik tərəfindən “Paytaxtdan bölgələrə” adlı Azərbaycan milli mədəniyyəti və incəsənətinin bütün sahələrini əhatə edən yeni bir layihənin həyata keçirilməsinə başlanılıb. Layihənin əsas məqsədi bölgələrdə yaşayan insanları müasir mədəni proseslərə cəlb etmək, paytaxtın aparıcı muzey və qalereyalarında qorunub saxlanılan mədəniyyət incilərinin bölgələrdə nümayişini, görkəmli sənətkarların və kollektivlərin çıxışlarını təşkil etmək, bölgələrin mədəni həyatını canlandırmaqdan ibarətdir.
Cari ildə ilk tədbir “Azərbaycanın Ədəbiyyat Paytaxtı” elan edilmiş Şamaxı şəhərində “Milli İncəsənət Muzeyinin kolleksiyasından Azərbaycanın ədəbiyyat korifeyləri” adlı sərginin təşkili olacaq. Sərgidə Azərbaycanın görkəmli rəssamları Səttar Bəhlulzadə, Tahir Salahov, Nəcəfqulu İsmayılov, Mikayıl Abdullayev, Oqtay Sadıxzadə, Qəzənfər Xalıqov və Sadıq Şərifzadə tərəfindən fırçaya alınmış xalqımızın dahi şair və yazıçıları Nizami, Xaqani, Füzuli, Nəsimi, Molla Pənah Vaqif, M.F.Axundzadə, Mirzə Şəfi Vazeh, Xurşudbanu Natavan, Mirzə Ələkbər Sabirin portretləri nümayiş olunacaqdır.
Sərginin açılış mərasimi oktyabrın 29-u saat 14.30-da Şamaxı şəhəri Heydər Əliyev Mərkəzində keçiriləcəkdir. Tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin, Şamaxı rayon İcra Hakimiyyətinin, yaradıcı ittifaqların rəhbərləri iştirak edəcəklər.

Aytən Sadıqzadə
www.oxu.az