“Məni həmişə dissonans maraqlandırır. Məsələn, bir işim var ki, Tupak və B.I.G. toyda meyxana oxuyurlar. Elə bir iş var ki, Karl Lagerfeld “Sədərək”də moda nümayişi keçirir”.
Bunu Oxu.Az-a müsahibəsində rəngarəng əsərləri ilə məşhurlaşan gənc rəssam Pərviz Abasov deyib. O, heykəltaraşlıqdan rəngkarlığa necə keçdiyi, pop-mədəniyyətə marağının haradan qaynaqlandığı və başqa maraqlı mövzular haqqında danışıb.
- Heykəltaraş necə rəngkar oldu?
- Heykəltaraşlığı bitirmişəm. 2008-19-cu illərdə yalnız heykəltaraşlıqla məşğul olmuşam. Amma özümü tapa bilmirdim. Rəngkarlığa keçdim, bir neçə il sonra öz üslubumu tapdım. Bəli, heykəl yarada bilirəm, amma rəsmdə özümü ifadə etməyi bacardım. Heykəltaraşlıqda çərçivə gördüm, kətanda isə - yox. Akademiyada da eyni quruluşlar olurdu, hər şey təkrarlanırdı və bu məni çox yorurdu. Sifarişlərdə də görürdüm ki, müştərilərin istəklərini kətan üzərində həyata keçirmək daha asandır, heykəl etsən, bu, suvenirə çevrilir.
Mən rəngkarlıq təhsili almamışam və düşünürəm ki, bu yaxşı haldır, çünki etdiyim hər şey öz-özünə yaranır. Səhvlər edirəm. Necə lazım olduğunu bilsəm, o zaman indiki kimi çəkməyəcəyəm. Təhsil bir çərçivə yaradır, qaydaları biləndə onları pozmaq çətindir. Məsələn, rəssam dostum deyir ki, mən rənglə eksperiment etməkdən qorxmuram, təhsillidən daha cəsarətli hərəkət edirəm.
“Görüş” adlı heykəlim var idi, onu kətana köçürmək istədim. Nəticəni bəyəndim və markerlə illüstrasiyalar çəkməyə başladım. Sonra birdəfəlik kətana keçdim. Rəngkar olacağımı heç düşünmürdüm. İndi isə köhnə tunc heykəllərimi də rəngləyirəm. Bir rəngdə heykəllər mənə darıxdırıcı görünür, dəyişikliklər olmalıdır. Mənim rəsmlərimdə də qaydalardan kənara çıxan məqamlar var, məsələn, fiqurların proporsiyaları.
- Heykəltaraşlıqla bitdi?
- Təbii ki, kiminsə heykəlini düzəltmək üçün sifariş alıramsa, niyə imtina edim? Amma bunu öz yaradıcılığınıza çevirmək, ömrü boyu eyni şeyləri yaratmaq... Bu kimə lazımdır? Hər halda, mən Mikelancelodan, Rodendən yaxşı olmayacağam. İndi də onları ötməyə çalışmaq... Nə üçün? Buna enerji sərf etməyə heyfim gəlir. Və ya portretlər çəkmək... Bunu artıq 3D-printer və ya kamera insandan daha yaxşı bacarır. Sual yaranır: yaradıcı insan kimdir? Düşünürəm ki, bu, dünyaya öz baxışı olan bir insandır.
- Rəsmləriniz necə yaranır?
- Əsərin yaradılmasında əsas ideyadır. Əgər o varsa, kətanı qarşına qoyub çəkirsən. Bütün rəsmlərimin ideyaları əvvəldən var idi, sadəcə, onları çəkməyə cəsarət etmirdim. Fikirləşirdim ki, heykəltaraş olaraq rəngkarlığa keçidim necə olacaq, xüsusən də bu qədər peşəkar rəssamlar varkən. Bu, mənim içimdə idi, sadəcə, öz vaxtını gözləyirdi.
Bəlkə, tezliklə “Bakı və bakılılar” mövzusundan çıxacağam. Son əsərlər mənə illüstrasiyaları xatırladır. Onlar birincilərdən çox fərqlidir. İndi daha çox detallara fikir verirəm, demək olar ki, boş yer saxlamıram. Rənglər haqqında da çox oxuyuram, bu yaxınlarda neon rənglərdən istifadə etməyə başladım.
İnsanlar rəsmlərdəki narlardan, Xəzərin sahilindən və başqa şeylərdən beziblər. Onlar yeni bir şey istəyirlər. Darıxdırıcı mövzularda çoxlu rəsmlər var, hər addımda satılır.
- Rəsmləriniz nədən bəhs edir?
- Mənim cəmiyyəti dəyişmək, insanlara bəzi mesajlar vermək kimi məqsədlərim yoxdur. Mən rəsmlərimə fəlsəfi mənalar yükləmirəm. Əksinə, mənə tamaşaçılar tərəfindən əsərlərə hansı mənalar yüklədikləri maraqlıdır.
- Əsərləri satmaq asandır?
- Rəsm çəkməyə başlayanda satış haqqında düşünmürdüm. Mən, sadəcə, nə olacağını görmək istəyirdim. Geyim brendi yaradarkən də mən pul haqqında düşünməmişəm. Yaradıcılıq prosesi mənim üçün önəmlidir. “Instagram” videolarım da yaradıcılığın bir hissəsidir. Bizdə videoart hələ o qədər də populyar deyil, amma məsələn, Avropada kuratorlar onunla çox maraqlı şəkildə işləyirlər.
Bizdə eyni vaxtda həm yaradıcılıqda, həm də marketinqdə güclü olan sənətkarlar azdır. Gözəl sənət adamlarını tanıyıram ki, sosial şəbəkələrdə normal səhifələri belə yoxdur. Reklama pul xərcləmirlər. Bunun nə qədər vacib olduğunu başa düşmürlər. Düşünürəm ki, özünüzə və işinizə hörmət etməli, onları qiymətləndirməlisiniz ki, başqaları da qiymətləndirsinlər.
Sənətçi ad qazandıqdan sonra divara yapışdırılmış bananı belə sata bilər. Bəziləri elə bilirlər ki, sadəcə, kətan üzərinə boya sıçradıb, özünü müasir rəssam adlandırıb, sonra da əsəri heç kimin almadığından şikayətlənməlisən. Bu belə işləmir. Bəli, indi nəyəsə nail olmaq üçün bütün gün təkcə emalatxanada oturub işləməməlisən. İndi beyin vaxtıdır. Kreativ nə etmisiniz? Bu gün vacib olan budur.
Ad qazandıqdan sonra öz qaydalarını diktə edə bilərsən. Öz qiymətlərini təyin edərsən.
Mən qalereyalarla işləmirəm. Bu, sərfəli deyil, çoxlu xoşagəlməz hadisələr baş verib. Yalnız akademiyanı bitirdikdən sonra qalereyalarla əməkdaşlıq etdim, məcbur oldum. Rəsm çəkməyə başlayanda qalereyaya bir iş təklif etdim və o, qiyməti “öldürməyə” başladı. Nəticədə bu əsəri özüm və planlaşdırdığımdan qat-qat baha satdım. Məhz o zaman anladım ki, qalereyasız da idarə edə bilərəm.
- Xəyalınızdakı sərgi necədir?
- Sərgi yaddaqalan olmalıdır. Mənim işlərim başqadır, öz üslubum var. Qrup sərgilərinin tez-tez iştirakçısı deyiləm, çünki formata uyğun gəlmirəm. Hətta kiminsə iş prosesinə müdaxilə etməsi mənim xoşuma gəlmir. Elə olur ki, məsələn, mən işləyəndə dostlar çox faydalı ola biləcək məsləhətlər verirlər, amma mən buna əməl etmirəm, çünki orijinal olmaq istəyirəm ki, əsər mənim olsun.
Sərgim haqqında düşünürəm. İstəyirəm ki, konseptual olsun, elə olmasın ki, hamı gəlib, təbrik edib, baxıb getsinlər. Fikirlərim var, sadəcə, tələsmək istəmirəm. Mənim işlərim də fərqlidir və sərgim də fərqli olmalıdır.
- Pop mədəniyyətinə maraq haradan qaynaqlanır?
- Məni həmişə dissonans maraqlandırır. Məsələn, mənim bir işim var ki, Tupak və B.I.G. toyda meyxana oxuyurlar. Ümumiyyətlə, Tupakla çox işim var, onun fanatıyam. Elə bir iş var ki, Karl Lagerfeld “Sədərək”də moda nümayişi keçirir.
Bit bazarlarına getməyi, müxtəlif əşyalar almağı, işimdə istifadə etməyi və baha qiymətə satmağı xoşlayıram. Bu proses də məni valeh edir. Məsələn, mən xarab mikrofon alıb sonra onu rəsm əsərində istifadə edə bilərəm.
Daha çox foto burada: PhotoStock.az
Firəngiz Ağalarova
Rəylər