Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
“Güllələnmiş Məxmərin şəklini görəndə uşaqları sevindilər ki, erməni əlinə keçməyib” - MÜSAHİBƏ + FOTO/VİDEO
Düz 32 il əvvəl Azərbaycan tarixinin ən amansız səhifəsi yazıldı - Xocalı soyqırımı...
Çoxumuza elə gəlir ki, aradan keçən bu 32 ildə Xocalı soyqırımı haqqında deyilə biləcək hər şey deyilib, yazıla biləcək hər şey yazılıb. Artıq olub-keçən hər şeyi bilirik. Əslində isə hər dəfə bu mövzuya qayıdanda məlum olur ki, hələ bilmədiyimiz nə qədər məsələlər var.
Bu gün Oxu.Az-ın həmsöhbəti olan Xocalı sakini, həmin vaxt xidmətdə olan polis polkovniki Akif Mirsiyab oğlu Hüseynovun ailəsi də Xocalıda həmin gecə itkin düşənlər arasındadır. Akif müəllimlə söhbətimiz zamanı bir daha 32 il əvvələ, bu gün azad olan Xocalının işğal gününə qayıtdıq.
- Akif müəllim, sizi oxuculara necə təqdim edək?
- 1958-ci ildə Xocalıda anadan olmuşam. Ailədə üç qardaş olmuşuq - mən, Azərbaycanın Milli Qəhrəmanı, Xocalı özünümüdafiə taborunun komandiri Tofiq Hüseynov və ortancıl qardaşım Bakir. O da Milli Ordunun zabiti idi, Xocalı faciəsində itkin düşüb. Özüm evin kiçik oğluyam. Atamızın əvvəlki nikahından bir bacımız da vardı, adı Qətibə idi. O, anası ilə birlikdə olurdu qonşuluğumuzda. 1987-ci ildə milis məktəbini bitirəndən sonra Ağdam rayonunda sahə inspektoru kimi işə başlamışam. Aradan bir neçə ay keçəndən sonra isə məlum Qarabağ hadisələri başladı. Xocalı faciəsinə qədər Ağdamda, Ağdərədə, Kəlbəcərdə, Şuşada, Laçında xidməti ezamiyyətlərdə olmuşam, torpaqlarımızın müdafiəsində, döyüşlərdə iştirak etmişəm.
- 1992-ci il fevralın 11-12-də Şuşanın Malıbəyli, Aşağı və Yuxarı Quşçular kəndləri erməni silahlı dəstələri tərəfindən tamamilə işğal olunanda Xocalını nə gözlədiyini təxmin edirdinizmi?
- Həmin dövrdə bizdə Müdafiə Nazirliyinin yeni yaradılması, tam təchizatın qurulmaması, ixtisaslı kadrların yoxluğu və vahid komandanlıq altında birləşmənin olmamasından istifadə edən ermənilər 10-13 gün intervalla Yuxarı Qarabağda olan yaşayış məntəqələrimizi işğal edirdilər. Ona görə də bizim hər birimiz bunun davam edəcəyini gözləyirdik. Digər yaşayış məntəqələrindən fərqli olaraq, Xocalıda ermənilər xüsusi amansızlıq göstərdilər. Həmin vaxt mən Ağdam polisində işləyirdim. Xocalıya “Mi-8” mülki vertolyotları ilə gedib-gəlirdik. Quru yolu tamamilə bağlanmışdı. Şuşaya uçan vertolyot vurulandan sonra isə bütün əlaqələr kəsildi. Xocalı tam mühasirəyə düşdü. Yeganə əlaqə vasitəsi Xocalıda olan poçt telefonu, bir də batalyonda olan radiostansiya idi.
- Ermənilərin Xocalı şəhərini hədəfə almalarının məqsədi nə idi?
- Xocalı Yuxarı Qarabağın ən strateji nöqtəsidir, məqsəd də onu ələ keçirmək idi. Birincisi, hamımız bilirdik ki, bütün planlar Xankəndidə ermənilər tərəfindən hazırlanıb ovaxtkı vilayətin ermənilərin çox olduğu dörd rayonuna paylanırdı. Bunlar Əsgəran, Ağdərə, Xocavənd və Hadrut idi. Bu rayonların da yeganə avtomobil yolu düz Xocalı şəhərinin ortasından keçirdi. Bundan da vacib məqam odur ki, vilayətdə yeganə aeroport Xocalıda yerləşirdi. Ermənistanla mütəmadi əlaqə saxlamaq üçün, ərzaq, silah-sursat gətirilməsi üçün ermənilərə Xocalı aeroportu hava-su kimi lazım idi. Üçüncü bir tərəfdən, Xocalı Xankəndi şəhəri ilə Əsgəran qəsəbəsinin arasında yerləşir. Dediyim ardıcıllıqla götürəndə Şuşa ilə Xocalının arasında Xankəndi, bir növ, mühasirədə olan kimi idi. Əsgəran isə Xocalı ilə Ağdamın arasında “mühasirədə” idi. Bu vəziyyəti aradan qaldırmaq üçün də ermənilər Xocalını aradan götürməyi hədəfləmişdilər. Həmin ərəfədə də - indi kimlərsə deyirlər, xəyanət vardı, satqınlıq vardı, mənə inandırıcı gəlmir - səhlənkarlıq vardı. Hakimiyyət davası vardı. Məsələn, Ayaz Mütəllibovun tərəfdarları kreslolarından əl çəkmək istəmirdilər, Xalq Cəbhəsi də hakimiyyətə can atırdı. Ona görə bunların heç birinin yadına nə Xocalı, nə Malıbəyli, nə Cəmilli, nə Kosalar, nə Şuşa düşürdü. Belə bir vaxtda, bayaq qeyd etdiyim kimi, təminatı, hərbi sursatı, vahid komandanlığı olmayan biz məğlubiyyətə düçar idik.
- Xocalı soyqırımı baş verən gün, fevralın 26-da, siz harada idiniz?
- Həmin gün Ağdamda idim. Ağdama Bərdə istiqamətindən gedəndə, yolun sol tərəfində, Uzunqala adlanan yerdə, Zaqafqaziya Hərbi Dairəsinin böyük yeraltı bazaları var idi. O yolun sağında sonradan xocalıların Şəhidlər xiyabanı salındı.
Həmin gün, dəqiq bilmirəm, orada olan rus komandanlığımı, ya hansısa qüvvələrmi o bazanı ələ keçirmişdilər. Hərbçilər hərbi hissəni tərk edib qaçandan sonra bu insanlar (omonçular) kazarmalara od vurmuşdular. Orada müddətdən artıq xidmət edən azərbaycanlı hərbi qulluqçulardan birinin - bu yerdə deyim ki, orada azərbaycanlı zabit olmayıb - sözlərinə görə, əgər o kazarmalardakı yanğın yeraltı anbarlara keçsə idi, beş-altı bal gücündə zəlzələyə bərabər yer silkələnməsi baş verə bilərdi. Ağdamın hadisə yerinə göndərilən yanğınsöndürən ekipajlarını da həmin bazanı ələ keçirənlər əraziyə buraxmırdılar deyə yanğın daha da şiddətlənirdi.
Həmin gün də bizim Ağdam polisinə yeni rəis təyin etmişdilər - Cəbrayılın keçmiş polis rəisi Rəşid Məmmədovu. Deyim ki, Rəşid çox igid adam idi. Tanıdığım yeganə polis rəisi idi ki, döyüşü kabinetindən yox, döyüşçülərin yanından idarə edirdi. Yəni bizimlə birlikdə bütün əməliyyatlarda iştirak edirdi. Özü də göyçaylı idi.
Bizi göndərdilər, getdik o kənar qüvvələri bazanın ərazisindən çıxartdıq, yanğınsöndürən maşınlar əraziyə daxil oldular və yanğını söndürdülər. Bazanın da, loru dillə desəm, ucu-bucağı yox idi. Tapança gülləsindən tutmuş, o dövr üçün ən müasir raketlərə qədər - aviasiya bombaları, piyada əleyhinə, tank əleyhinə minalar saysız-hesabsız idi. Yəni haradasa, dörd-beş il davamlı şəkildə müharibə aparmağa bəs edə biləcək hərbi sursat dolu bir anbar idi.
- Deməli, fevral ayının 26-da siz o anbarı söndürmək üçün tapşırıq almışdınız.
- Bəli, tapşırığa əsasən, Ağdam polisinin əməkdaşları olaraq ərazini mühafizəyə götürmüşdük.
- Bəs Xocalının işğalından necə xəbər tutdunuz?
- Həmin gün gecə saat 11 olardı, iş yoldaşlarımdan biri yaxınlaşdı, dedi, ratsiyada deyirlər ki, erməni Xocalını dağıdır. Oturdum maşına və sürdüm Ağdamın mərkəzinə. O beş, ya altı kilometrlik yolu necə gəlmişəm, bilmirəm. Gəldim Ağdam Polis İdarəsinin qarşısına, gördüm, dörd-beş Xocalı sakini də orada oturub. Həmin vaxt xocalıların da bir qismi qalmışdı Ağdam tərəfdə. Çünki hər dəfə Xocalıya hücum olunanda şəhərdən uşaqları, qadınları çıxarırdılar, qohumlarının evlərinə göndərirdilər, ara-sıra da imkan olanda qayıdırdılar orada qalan ailələrinə baş çəkməyə. Həmin adamlardan idi yığılanlar - vertolyot olmadığına görə qalmışdılar Ağdam tərəfdə. Bunlardan soruşdum, dedilər ki, bəs ermənilər 366-cı alayın bütün texnikası ilə üç tərəfdən Xocalıya hücum ediblər, bizimkilər də qarşısını saxlaya bilmirlər, vəziyyət gərgindir. Keçdim bizim polis idarəsinin növbətçisindən vəziyyəti soruşdum, o da dedi ki, Daxili İşlər Nazirliyinin növbətçi hissəsinə məlumat vermişik - həmin vaxt da nazir Aydın Məmmədov idi. Oturdum maşına, birinci getdim Qarağacı qəbiristanlığının çıxacağına.
Orada ermənilərin postu ilə üzbəüz, Xocalıya gedən yolun üstündə bizim 19 nömrəli postumuz vardı, oraya. Həmişə də Xocalıya atəş açılanda ratsiya ilə əlaqə saxlayırdıq, mənim böyük qardaşım Tofiq Xocalı batalyonunun komandiri idi. Bunlar deyəndə mən də həmin postda dayanan ZTR-dən - bizim polis alayının uşaqlar idi - deyirdim, Əsgərandakı postları vururdular, kifayət etməyəndə qalxırdım Qarqar çayının sol sahilində olan Şelli kəndində topçular vardı, deyirdim, onlar topla Əsgəranı vururdular. Çünki ermənilər görəndə ki, cavab veririk, atəşi dayandırırdılar. Nə isə, özümü 19-cu posta çatdırsam da, mənə dedilər, bizə tapşırılıb ki, Əsgəran tərəfə atəş açmayın.
- Təxminən saat neçə olardı?
- Dəqiq bilmirəm. Haradasa gecə saat 12 idi, bəlkə də. Yadımdadır ki, haradasa gecə saat 10-11 arası Xocalının vurulduğunu mənə dedilər, mən də gəldim Ağdam Polis İdarəsinə, orada qərargahda bir xeyli ləngiyəndən sonra getdim Qarağacı qəbiristanlığına. Ola bilər, müddət bir saat çəkər, ola bilər, bir az çox çəkər, dəqiq bilmirəm.
- Siz biləndə ki, posta Əsgəran tərəfə atəş açmamaq əmri verilib, nə etdiniz?
- Bunlardan bu cavabı eşidəndən sonra qalxdım Şellidəki topçuların yanına. Burada vardı polis qüvvələri, bir də Milli Ordu, özünümüdafiə batalyonu. Bunlar da dedilər ki, bəs bizə göstəriş veriblər ki, bu gecə Xocalını azad etmək üçün əməliyyat keçirəcəyik. Xocalıya tərəf atəş açmayın. Mən dedim: “Yaxşı, bəs eşitmirsiniz, ratsiya dağılır?! Xocalıların fəryadı hara yüksəlir?!”
Tutdum birini qolundan, çıxardım çölə, əlimlə göstərdim ki, “Baxırsansa, Əsgəranın üstünə bax - həmin gün də buludlu hava idi - görürsən, buludlar necə qıpqırmızıdır? Yanan evlərin şöləsi buludlara vurur, nə əməliyyat, hansı əməliyyat?! Erməni Xocalıdadır”. Dedilər, yox e, bizə belə əmr veriblər. Bunlar da atəş açmadılar. Təzədən qayıtdım gəldim Ağdama. Polis idarəsinə də dəydim. Gördüm, qərargahda da heç kim yoxdur. Ayrı vaxt operativ nəsə edirdilər, həmin gün isə qəribə susqunluq vardı.
Təzədən oturdum maşına, gəldim Şahbulaq yolunda dördyol var, oraya. Orada bizim iki ədəd “Qrad” qurğusu dayanırdı. Gəldim deyim ki, bəs Xocalı əldən gedir. Ratsiyada xocalılar biədəb sözlərlə deyirdilər ki, qeyrətiniz olsun, gözümüzün qabağından qız-gəlini ermənilər götürüb gedirlər, şəhəri vurun, ermənilərlə birlikdə biz də ölək, bu biabırçılığı görməyək, patronumuz yoxdur atmağa! Atmağa da guya nələri vardı ki? Ancaq “Kalaşnikov” avtomatı idi, o da məhdud sayda.
Gəldim çatdım ki, “Qrad” qurğuları da yerində yoxdur. Soruşdum, haradadır bunlar? Dedilər, bəs ruslar “Qrad” maşınlarını götürmək istəyirlər, ona görə aparıb Ağcabədidə gizlədiblər. Ağcabədi ilə də Ağdamın arası nə qədər yoldur da. Bir də təzədən onların arxasınca gedilib, onlar səhərə yaxın qaytarılıb. Bu dəfə də bəhanə gətirdilər ki, bəs koordinatlar qeyd olunmuş xəritəni tapa bilmirlər. Hava işıqlaşanda güc-bəla xəritəni də tapdım. Hər maşında 40 mərmili “Qrad”lar idi, BM21 markalı. Xocalıya tərəf atəş açdılar.
Bir də qayıtdım gəldim polis idarəsinə. Bir az keçmiş xəbər verdilər ki, bəs Şelliyə tərəf Xocalıdan çıxıb gələnlər var. Getdik ki, nə keçib gələnlər, keçib gəlmək nədir? Qaraqayada insanları necə qırıblar, necə qırıblar... (səsi titrəyir - red.)
Burada bir haşiyə çıxım ki, bayaq qeyd etdiyiniz Malıbəyli ilə Quşçular camaatı çıxarılanda onlara rəhbərlik edib çıxaran yaxın dostum idi, indi polkovnikdir - Azay Kərimov. Təşkil elədilər, Ağdam polisləri Abdal Gülablı istiqamətindən erməni kəndinə tərəf getdik, dəhliz yaratdıq. Düzdür, erməni kəndini keçmədik, amma sağ qalanlar mühasirədən çıxan kimi yaralılara, yeriyə bilməyən qocalara, uşaqlara kömək edib o dəhlizlə Ağdama gətirdik. Amma Xocalıda bu köməklərin heç biri olmadı. Üstəgəl səhər də. Görürlər ki, erməni Xocalını mühasirəyə salıb, əliyalın camaatı qırır, Ağdamda olan o qədər batalyonlardan biri də döyüşə girmədi. Kimin ki qeyrəti vardı, silahını götürdü, getdi Qaraqayaya...
- Həmin vaxt sizin ailəniz Xocalıda idi?
- Bəli. Bacım, atam, anam, iki qardaşım, bir qardaşımın yoldaşı Xocalıda idilər. Həyat yoldaşım üç uşaqla, böyük qardaşımın üç övladı, bir də ortancıl qardaşımın yoldaşı ilə iki azyaşlı uşağı bəri tərəfdə, Ağdamda idilər. Onları axırıncı vertolyotla Ağdama gətirə bilmişdik.
- Siz özünüz Xocalıya son olaraq nə vaxt çata bildiniz, nə vaxt görə bildiniz onları?
- Heç vaxt… Onların heç birini bir də görə bilmədim... Bircə faciə baş verən gündən təxminən 25 gün sonra böyük qardaşım Tofiqin cəsədini ala bilmişəm ermənidən. Qalan beş nəfərin isə bugünkü günə kimi nə öldüsü, nə qaldısı barədə heç bir məlumatımız yoxdur... (fikrə dalır - red.)
Xocalı faciəsindən 17 il keçəndən sonra internetdə bir şəklə rast gəlirlər. Baxırlar ki, Xocalıda, mənim evimin qabağında, hasarımın dibində üç qadınla iki körpənin güllələnmiş cəsədləri var.
Orada güllələnənlər isə qardaşım Tofiqin həyat yoldaşı Məxmər, o həm də xalamız qızı idi, Məxmərin kiçik bacısı Məhbubə iki azyaşlı uşağı ilə və bir də yaxın qohumumuzun qızı Rəsmiyyə idi - 20 yaşında. Onlar səhərə yaxın bizə gələndə - yəqin, elə biliblər ki, bizimkilər evdədirlər - ermənilər onları elə hasarımızın dibində güllələmişdilər.
- Bu şəkil haradan əlinizə keçdi? Kimin çəkdiyini, nə vaxt, necə çəkdiyini bilirsinizmi?
- Şəkli internetdə görmüşük. Bu şəkil adi şəkil deyil. Əslində, Xocalı hadisələrinin işıqlandırılmasında bu şəkil çox böyük dəlildir, sübutdur. Onu 1992-ci il fevral ayının 26-da, yəni faciədən üzü səhərə açılan gün - rusiyalı jurnalist vardı, tanınmış jurnalist (fotoqraf - red.) Viktoriya İvleva, o çəkib. 17 il gizlədib. Sonra necə olubsa, şəkli internetdə paylaşıb.
Necə çəkdiyinə gəlincə isə, o, həmin gün Xocalıya girən 366-cı motoatıcı alayın hərbi tibbi xidmət personalına qarışıb (rəfiqələri varmış rusların içində), öz dediyinə görə, onlar kimi ağ xalat geyinib və həkimlərlə birlikdə girib işğal olunmuş Xocalıya. Elə olub ki, bizim evin yanından keçəndə həmin bu şəkli çəkib və 17 il özündə saxlayıb. 17 ildən sonra necə olubsa, paylaşıb. Biz bu şəkli görəndən sonra bildik ki, Məxmər şəhid olub. Yoxsa itkin kimi onu da axtarırdıq. Qəribə də burasıdır ki, övladları bu şəkli görəndə kədərlənmək yerinə sevinmişdilər ki, yaxşı ki, anamız erməninin əlinə keçməyib. Çünki ermənilər qadınların, qızların başına elə oyunlar açmışdılar, elə ağır işgəncələr vermişdilər, onlara qarşı elə təhqiramiz hərəkətlər etmişdilər ki, o dəhşətləri yaşamaqdansa, ölmək yüz dəfə yaxşı idi... (yenə fikrə dalır - red.)
- Xocalı hadisələrinin işıqlandırılmasında bu şəklin çox böyük dəlil ola biləcəyini dediniz. Niyə soruşan olsa, necə izah edək?
- İzah edim sizə. Ona görə ki, Xocalı faciəsindən sonra ermənilər bütün dünyaya car çəkirdilər ki, “biz xocalılara humanitar dəhliz ayırmışdıq, əvvəlcədən məlumat vermişdik, onların sağ-salamat Xocalıdan çıxmasına təminat verib yola salmışdıq”. Ermənilər deyirdilər ki, “Ağdama yaxınlaşanda azərbaycanlılar Qaraqayada özləri xocalıları qırıblar ki, bizi şantaj eləsinlər”. Bunların yalanlarına sübutlardan biri, bax elə bu şəkildir - qardaşımın həyat yoldaşı Məxmərin və digərlərinin bizim evin qabağında güllələnməsi. Əgər bizə təhlükəsiz dəhliz vermişdilərsə, onda bu adamları kim güllələmişdi?.. Mən ona görə təklif edirəm ki, oranın açıq havada muzey kimi saxlanılması üçün tədbirlər görülsün.
Sözümün canı odur ki, əvvəl edilən səhvləri bir də etməyək. Vaxtında hər birimizin bu hadisələrlə bağlı xəbərimiz olsaydı, Əzizə xanım, mən inanmıram ki, 1992-ci ildə bu cür qanlı cinayətlə biz qarşılaşa bilərdik. Heç olmasa, əvvəlcədən xain düşmənimizin qonşumuz olduğunu bilsəydik, hazırlıqlı olardıq.
Daha çox foto burada: PhotoStock.Az
Əzizə İsmayılova
"Ağcabədi" teqi üzrə xəbərlər
- Ağcabədi Olimpiya İdman Kompleksinin direktoru vəzifəsindən ayrılıb
- Ağcabədidə dəm qazından boğulma: Bir nəfər öldü, digəri xəstəxanalıq oldu
- Ağcabədidə çətənə bitkisinin kultivasiyasını təşkil edən şəxs saxlanılıb
- Ağcabədidə yük maşını sexə çırpıldı
- Ağcabədidə avtoxuliqanlıq edən sürücü həbs edildi
Rəylər