Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Tarixçi: "Bəzi Avropa ölkələrində dövlətçilik ənənəsi olmayanda Azərbaycanda artıq bu var idi"
Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 106-cı ildönümüdür. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzalamaqla ölkənin müstəqilliyini dünyaya bəyan etdi. Azərbaycan Xalq Cümhuriyyəti türk və islam dünyasında ilk parlamentli respublika və demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi idi. Cəmi 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində demokratiya ənənələrinin formalaşmasına əhəmiyyətli təsir göstərib. Azərbaycan xalqı 1991-ci ildə öz dövlət müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan Xalq Cümhuriyyətinin ideallarını davam etdirərək bu tarixi varislik üzərində yeni müstəqil Azərbaycan dövlətini yaradıb.
Bu gün Azərbaycan artıq ərazi bütövlüyünü və suverenliyini bərpa etmiş bir dövlətdir. Üçrəngli bayrağımız dövlətimizin gücünün və xalqımızın milli birliyinin nişanəsi kimi Azərbaycanın bütün ərazilərində, dünyanın ən nüfuzlu beynəlxalq təşkilatlarında, mötəbər mərasimlərdə dalğalanır.
Oxu.Az azərbaycançılıq ideologiyasının, eləcə də Şərqdə ilk demokratik dövlət quruluşunu yaratmış Azərbaycan Xalq Cümhuriyyətinin tarixi və digər maraqlı faktlarla bağlı Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) əməkdaşı, dosent Zaur Əliyev ilə müsahibəni təqdim edir:
- AXC-nin yaranmasını şərtləndirən amillər nələr olub?
- Azərbaycan Cümhuriyyətinin yaranması bir günün, bir ayın işi deyildi. Cümhuriyyət ondan öncə mövcud olmuş Əfşarların, Səfəvilərin, Atabəylərin, Xürrəmilərin, Baharlı və digər dövlətlərin varisi idi. Bütün tarix boyu dövlətlərimizdə mövcud olan elementlər cümhuriyyətin dövlət rəmzlərində öz əksini tapmışdı. Bayraqlar belə, o dövlətlərin rənglərini özündə birləşdirmişdi. Zamanın tələbi idi cümhuriyyətin yaranması. Lakin çox çətinliklə gedirdi proseslər.
Cümhuriyyətin yaranma ərəfəsində mövcud olmuş fikri cərəyanlar içərisində milliyyət fikrinə xor baxan islamçı ittifaqlar və yenə milliyyət fikrini qəbul etməyən, kosmopolit ittifaq fikri cərəyanları var idi. Bunlar əsas etibarı ilə sağçı və solçulardan ibarət sosialist cərəyanlar olub, ümumilikdə isə milliyyətçi olmadıqları halda, Azərbaycan milliyyətçiliyinin mərkəzi bir nöqtədə olmasına səy göstərirdilər. Bu zümrənin əsas məqsədi Azərbaycana Rusiya daxilində muxtariyyət verilməsinə nail olmaq idi.
Azərbaycan davası həmin dövrdə mövcud olmuş siyasi və ictimai partiyaların əsas məqsədi idi. Müsavat Partiyası ilə 1911-ci ildə birləşmiş Türk Ədəmi-Mərkəziyyət Firqəsinin Bakıda keçirilən konqresi Azərbaycan və Rusiya daxilində yaşayan digər türk xalqları üçün mühüm tarixi proses idi. Qəbul olunan konqres proqramlarında Müsavat Partiyası heç bir qorxu hissi olmadan Azərbaycan xalqına və Rusiya ərazisindəki digər türk xalqlarına bərabər hüquqların verilməsi və ən vacib məsələ olan Azərbaycana muxtariyyətin verilməsi məsələsini irəli sürürdü. Cənubi Qafqaz xalqlarından olan erməni və gürcüləri Rusiya Dumasında təmsil edən Daşnaksütyun və Menşeviklər partiyaları kimi, Müsavat Partiyası da azərbaycanlıların hüquqlarını müdafiə edən, Azərbaycan davasını çəkən patriot partiya idi.
Azərbaycan Xalq Cümhuriyyəti elan olunanda bir çox dövlətlər onu tanımaq istəmirdi. Azərbaycan hökumətinə qarşı təzyiqlər vardı. Bu təzyiqlərin başında dayanan dövlətlərdən biri də İran idi. ABŞ və bir çox Avropa ölkələri də AXC-nin müstəqilliyini tanımaq niyyətində deyildi. Hətta Rusiya diplomatiyası da çalışırdı ki, Azərbaycanın müstəqilliyi tanınmasın. Lakin Paris Sülh Konfransında iştirak edən nümayəndə heyətimizin işi onu göstərdi ki, AXC-nin diplomatiyası bir il ərzində tam formalaşıb və qarşıya qoyulan hədəfə çatıb. Məhz bunun nəticəsində Antanta AXC-ni müstəqil dövlət kimi tanıdı. Bu onu göstərir ki, Azərbaycan müstəqilliyinin tarixi 1918-ci ildə ərazi bütövlüyü ilə bərabər, beynəlxalq səviyyədə tanınıb. Həmin ərazi bütövlüyünə daxil olan torpaqlara sonradan ermənilərin iddia etdikləri Qarabağ da daxil idi.
Azərbaycan Xalq Cümhuriyyəti dövrü, süvarilərin keçidi
Həmin vaxt hesab edirdilər ki, Cənubi Qafqazda bir türk dövlətinin qurulmasına ehtiyac yoxdur. Bütün bunlara baxmayaraq, Məhəmməd Əmin Rəsulzadə çox çətinliklə də olsa, Azərbaycan Xalq Cümhuriyyətini elan etdi. Əslində, Qafqazda iki cümhuriyyət yaradılmalı idi - Azərbaycan və Gürcüstan. Almaniyanın müdafiə etdiyi Gürcüstan və dəstəksiz qalan Azərbaycanın müstəqilliyi 26 may 1918-ci ildə elan edilməli idi. Ermənistan isə Osmanlı imperiyasının tərkibində muxtar dövlət olmalı idi, paytaxtı da Gümrü. Lakin Osmanlılar buna izn vermək istəmirdilər. Onlar əvvəldən Batumini tələb edirdilər və Zaqafqaziya Seymindən, Azərbaycandan tələb edirdilər ki, Batuminin Osmanlıya verilməsini dəstəkləsinlər. Ermənilər və gürcülər isə Batumi şəhərini türklərə verməmək üçün müharibə etmək istəyirdilər. Azərbaycan buna razı olmadı, Seymdən çıxdı və neytral qaldı. Bundan sonra İrəvanın ermənilərə verilməsi Ermənistanın müstəqil dövlət kimi tanınmasına yol açdı. Buna görə də iki gün gecikdi Azərbaycanın müstəqilliyinin elan edilməsi.
AXC parlamentinin üzvləri, 1919-cu il
- İşğaldan bir müddət sonra Mirzə Bala Məmmədzadə deyib ki, Azərbaycan neftə və pambığa görə sovetləşdirilib. Yəni doğrudanmı qara və ağ qızıl olmasaydı, işğal faktı da olmazdı?
- Azərbaycan Xalq Cümhuriyyəti regionda mövcud olmuş ən güclü dövlətlərdən biri olub, baxmayaraq ki, ilk olaraq Gürcüstanın müstəqilliyini tanıyıblar. Amma Azərbaycana qoyulan investisiyalar, maraqlar, beynəlxalq təşkilatların, neft şirkətlərinin diqqəti onu göstərdi ki, ölkə dünyanın diqqət mərkəzindədir. Bu gün Nobel mükafatı verilirsə, bu, Azərbaycanın təbii sərvətləri sayəsindədir. Beynəlxalq Neft Daşınmaları Gününün qeyd edilməsinin səbəbi ilk dəfə Azərbaycanda neft daşınmalarının həyata keçirilməsi ilə bağlıdır. Azərbaycan nefti nəinki Rusiyanın, həm də Avropanın bir çox ölkələrinin xilaskarı kimi çıxış edirdi. Məhz onun sayəsində Avropa dövlətlərinin bir çoxunda inkişaf səviyyəsi qalxırdı. Fransa, Almaniya, ABŞ kimi nəhəng dövlətlər, o cümlədən iri şirkətlər Azərbaycan neftində maraqlı idi. Ölkənin müstəqillik qazanmasında ən böyük rollardan birini məhz onun təbii sərvətləri oynayıb. Baxmayaraq ki, Rusiyanın bolşevik inqilabı Azərbaycandakı müstəqilliyi devirdi, özününküləşdirdi, lakin ölkə o günə qədər artıq sözünü demişdi. Buna görə də inanmıram ki, Azərbaycan Xalq Cümhuriyyətini hansısa dövlətlə müqayisəyə gətirmək olar. Çünki müqayisə üçün onun tarixinə nəzər salmaq lazımdır. Avropa ölkələrində dövlətçilik ənənəsi olmayanda Azərbaycanda artıq bu var idi.
Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin iclası, 1919-cu il
Cümhuriyyət dövründə Azərbaycanda 2 milyard 345 milyon rubl məbləğində pul nişanları emissiya edilib. Azərbaycan dövlət büdcəsinə də aşağıdakılardan məbləğlər daxil olurdu:
- birbaşa vergilər - torpaq, daşınmaz əmlak, dövlət gəlir, sənaye, kapital qoyuluşundan gəlir, hərbi mükəlləfiyyət, notarial vergilər;
- tütün, papiros kağızları, şəkər, çay, ağ neft, benzin, kerosin, sürtgü yağları və digər neft məhsullarından tutulan vergi, gömrük rüsumu və gəlirləri;
- möhür haqqı - məhkəmə, kargüzarlıq, sənəd yazışmaları gəlirlərindən tutulan vergilər;
- hökumət inhisarına aid vergilər - mədən gəliri, poçt gəliri, teleqraf gəliri, meşələrdən, balıq vətəgələrindən, pambıqçılıq təsərrüfatlarından gələn gəlirlər;
- dövlət dəmir yolundan - yükdaşımalarından gələn gəlirlər.
Ölkənin maliyyə-pul sisteminin qaydaya salınması, inflyasiyanın qarşısının alınması və xarici ölkələrlə iqtisadi əlaqələrin normal məcraya yönəldilməsi üçün milli valyuta məkanının formalaşması mühüm əhəmiyyət kəsb edirdi. Azərbaycan hökuməti 12 fevral 1919-cu ildə qəbul etdiyi qərarla Ticarət və Sənaye Nazirliyi nəzdində yaradılan Xarici ölkələrlə və qonşu vilayətlərlə mal mübadiləsi üzrə Komitənin əsasnaməsini təsdiq etdi.
Azərbaycan Cümhuriyyətinin Nəsibbəy Yusifbəylinin rəhbəri olduğu hökuməti
Bir sözlə, nəinki neft və pambıq, həmçinin Azərbaycanın mövcud gəlirləri, müqavilələri və sairə bolşeviklərin işğalçılıq planında yer tuturdu, ancaq tam əhəmiyyətli şəkildə yox. Sadəcə, bu da var idi. Azərbaycan Cümhuriyyətinin işğalına səbəb onun geosiyasi mövqeyi idi, sadəcə.
- AXC Azərbaycanda dövlətçilik ənənələrinin formalaşmasına nə kimi töhfələr verdi? Konkret punktlarla deyə bilərsinizmi?
- Azərbaycan Cümhuriyyəti dövründə təhsilə yüksək qiymət verilirdi. Məhz Azərbaycanda ilk universitet cümhuriyyət dövründə yarandı. Əgər sovet işğalı olmasaydı belə, ali məktəblərin sayı onlarla olacaqdı. Məhz orta məktəblərdə dini yox, dünyəvi təhsilin bünövrəsi cümhuriyyət dövründə qoyuldu. Xaricə 104 azərbaycanlı oxumağa göndərildi. Ölkədə pulsuz səhiyyə sistemi quruldu. Ən ucqar kəndlərdə belə, cümhuriyyət dövründə pulsuz tibbi xidmət hüququ almağa imkan yaradıldı. Ölkədə kifayət qədər azad media yarandı. Demokratik seçki keçirildi, söz azadlığı yarandı. Bütün xalqlar üçün seçmək və seçilmək hüququ verildi. Torpaqlarımızın çox hissəsi bizdə qaldı. Ölkədə kifayət qədər inkişaf baş verdi. Dövlətçilik ənənələri quruldu. Oğurluq və quldurluq yoxa çıxdı. Hər kəs vətən üçün əl-ələ verdi.
Hökumət müəllimlərə yüksək qayğı göstərirdi. Bu dövrdə müəllimlərin maaşı bir neçə dəfə artırılmışdı. Müəllimlər aztapılan ilkin tələbat və ərzaq malları ilə təmin olunurdular. Şagirdlərə də qayğı göstərilirdi. Kasıb ailələrdən olan uşaqlar təhsil haqqından azad edilirdilər. Orta təhsil müəssisələrində bu cür şagirdlər üçün təqaüd təsis edilirdi. Azərbaycan Xalq Cümhuriyyətinin hakimiyyəti illərində ədəbiyyat, teatr və musiqi, təsviri sənət və memarlıq sahələrində bir canlanma yarandı. Professional teatrımızın tarixi 1873-cü ildən başlasa da, yalnız cümhuriyyət dövründə dövlət teatrı statusu aldı. Azərbaycan xalqının öz istiqlalını əldə etməsi ədəbi mühitdə də böyük canlanmaya səbəb olmuşdu. Şair və yazıçılarımızın yaradıcılığında vətənpərvərlik ruhu güclənirdi və istiqlal uğrunda mübarizəni özündə əks etdirən əsərlər yaranırdı. Kütləvi şüurda dövlətçilik ənənələrinin bərqərar olunması baxımından yeni dövlət atributlarının qəbulu, tarixi günlərin qeyd edilməsi mühüm əhəmiyyət kəsb edirdi.
- Solmaz Tohidi xeyli sayda elmi-publisistik ədəbiyyatdan, mühüm mənbələrdən istifadə edərək dörd fəsildən ibarət gözəl bir kitab - "Cümhuriyyətin "Azərbaycan" adlandırılması və onun tarixi əhəmiyyəti"ni yazıb. Sözügedən kitabda müəllif qeyd edir: "Maraqlıdır ki, hələ Şimali Azərbaycan torpaqlarının işğalından əvvəl, XVIII əsrin sonlarında, qubalı Fətəli xanın 1782-ci ildə II Yekaterinaya fars dilində yazdığı və gürcü çarı II İraklidən şikayət etdiyi məktubun rus dilinə tərcüməsində qarabağlı İbrahim Xəlil xan nəzərdə tutularaq bir neçə dəfə "адырбайджанец" (adırbaycanes) - azərbaycanlı kəlməsi işlədilib". Bu məsələ ilə bağlı başqa nə kimi tarixi faktlar var?
- Dəfələrlə ermənilər Azərbaycan adı gələndə deyirlər ki, belə ad olmayıb, bu ad İosif Stalinin uydurmasıdır. Əzizlərim, minlərlə sənəd var bütün dövrlərə aid ki, Azərbaycan adı keçir. 1866-cı ildə Lazar Lazarev tərəfindən Moskvada nəşr edilən "Osmanlı və Ədərbican dialektlərinin türk dilinin müqayisəli müntəxəbatı" kitabını misal göstərə bilərəm. Dərbənd divarları üzərində Sasanilər dövrünə aid, pəhləvi dilində "Adurbadaqan hesabdarı Dariyus" yazılması sübut edir ki, Azərbaycan adından hələ Sasanilər dövründə də istifadə edilib. Qılman İlkin "Bakı və bakılılar" əsərində qeyd edir ki, 1786-cı ildə, 2-ci İraklinin dövründə Gürcüstanda səfir olan Burnaşov çara məktubunda qeyd edir ki, Azərbaycan adlanan torpaqlar Gürcüstan, İran, Türkiyə, Kaspi dənizi ilə sərhədlənir. Burada erməni ərazisi kimi bir qeyd yoxdur. Müəllif qeyd edir ki, bu gün bizim dediyimiz kimi "Azərbaycan" sözünə Barnaşovun raportunda rast gəlinib.
Parisə göndərilən nümayəndə heyəti iş masası arxasında, 1919-cu il
Azərbaycan elmində ən böyük problem, bilirsiniz, nədir? Dilçilərin tarixçilərdən uzaq durmaları. Ölkədə bir dilçi alim yoxdur ki, bu sözləri izah eləsin. Məsələn, 12-ci əsr ərəb mənbəsində "Azərbaycan", Avropa mənbəsində "Aserbaycan", qaynaqlarda "Aderbaydan" və sairə rast gəlinir. Amma bir dilçi çıxıb bunu təhlil eləmir. Şərqşünas alim M.A.Morrison "The Geographical Distribution of the Modern Túrki Languages ("Müasir türk dilinin coğrafi yerləşməsi") adlı məqaləsində yazır:
"Mən Qafqazın əsas silsiləsindən keçib başqa türk dili ilə - Azərbaycan və ya Cənubi Qafqaz dili ilə təmasda oluram. Cənubi Qafqazda və şimal-qərbi Farsda üç milyondan çox insanı əhatə edən, əhəmiyyətli oturaq əhalinin dilidir. Burada qədim Qızılbaş nəsli ilə tanış oluruq. Bu dil Gürcüstanın böyük rayonlarında, Şirvanda, Qaradağda, Xəzər dənizinin qərb sahilində, Rəştdən Dərbəndə qədər, İrəvan Sərdarlığında, [Cənubi] Azərbaycanın Fars əyalətlərində, Gilan və Mazandaranda danışılır".
Məqalədə diqqəti çəkən üç məqam var: Azərbaycan dilinin qızılbaş dili olması, Cənubi Azərbaycan adı və Cənubi Azərbaycanın fars əyalətləri. Məşhur hədis alimi Buxarinin kitabında səhabələrin Azərbaycanda olmasından bəhs edən tam səhih sənədli hədis var. 810-870-ci illərdə yaşayıb. Hədis Ömərin xilafəti zamanına aiddir. IX yüzillikdə yaşamış Əbu Cəfər Məhəmməd bin Cərir ət-Təbəri özünün "Tarixüt-Təbəri" adlı əsərində Azərbaycan haqqında daha dəqiq məlumat verir. IX yüzillik ərəb coğrafiyaçısı İbn Havqəlin "Sürətül-ərz" adlı əsərində "Azərbaycan xəritəsi" cızıb. Bunun kimi yüzlərlə fakt var əlimizdə.
- AXC-nin yaranmasında əməyi keçən, geniş kütləyə tanıdılmayan, adı hallanmayan hansı tarixi şəxsiyyətlər və gördükləri işlərdən danışmaq olar?
- Mütləq şəkildə bu "Difai" idi. "Difai" təşkilatı ədalətli mühakiməni bacarmayan çar üsul-idarəsinin əvəzinə ədalətli cəza üsulları ilə günahkarları cəzalandırmağı tələb edir və xalqımızın həmin dövrdə düçar olduğu fiziki və mənəvi fəlakətdən çıxış yolu axtarmağa çalışırdı. "Difai" fəaliyyəti dövründə əli məzlum azərbaycanlıların qanına batmış hər kəsin cəzasını verirdi. Məmurlar, satqınlar və milləti cəhalətə sürükləyib vicdanını pula satan mollalar bu təşkilatın qurbanına çevrilirdilər. Azərbaycan türklərinə düşmən kəsilmiş məmurların öldürülməsini birbaşa üzərinə götürən "Difai" hər belə qətldən sonra məsuliyyəti öz üzərinə götürməklə yanaşı, öz möhürü ilə bəyannamə də yayırdı. "Difai"nin möhürü Azərbaycan türkü üçün bir intiqam günəşinə, bu millətin qanını içməyə hazır olan yadelli məmurlar üçün isə ölüm hökmünə dönmüşdü. "Difai" milli-siyasi bir qurum olub və fəaliyyətini şəriət qanunlarına uyğun tənzimləyib. Əsas məqsədlərdən biri də xalqın milli şüurunun oyanması, elmin inkişafı olub.
Təbii ki, milyonlarla azərbaycanlının qanına susayan, onlara işgəncə və ölüm gətirən yüksəkrütbəli çar zabitlərinə qarşı da amansız olub. Dinimizi, müqəddəs məkanlarımızı təhqir edənləri layiqli formada cəzalandırıb. Fəaliyyət göstərdiyi müddət ərzində mühüm işlərə imza atan "Difai" Rusiya imperiyasının qorxulu yuxusuna çevrilmişdi. Çar hökuməti hər bir "Difai" üzvünü təhvil verənə 50 min qızıl pul təklif edirdi. Lakin heç bir halda nə möhür, nə də "Difai" üzvü ələ keçirilə bilmirdi. "Qafqaz Ümummüsəlman Müdafiə Komitəsi" adlandırılan "Difai" təşkilatı həmin çətin dövrdə Azərbaycan türklərinin imperiya və erməni terroruna qarşı müqavimətini təşkil etməklə, demək olar ki, onun milli varlığını, şərəf və ləyaqətini qoruya bilirdi. Azərbaycanın əksər qəzalarında geniş fəaliyyət göstərən, əhali arasında böyük nüfuza malik olan "Difai" sonralar terrorçu ermənilərə və onlara himayədarlıq edən məmurlara qarşı silahlı mücadiləyə başladı.
AXC tərəfindən xaricə göndərilən tələbələrin bir qismi
Əsas şüarlarından biri belə idi: "Daşnak Partiyası əmin olsun ki, heç bir vaxt biz öz millətimizin bədbəxtliyi üzərində erməni millətinin səadət və xoşbəxtlik qurmasına yol vermərik".
"Difai"nin yaranması prosesi 1906-cı il fevralın 20-dən martın 6-na qədər canişin qraf İ.İ.Vorontsov-Daşkovun sədrliyi ilə Tiflisdə keçirilmiş erməni-azərbaycanlı sülh danışıqlarından başlamışdı. Burada çıxış edən kərbəlayi İsrafil Hacıyev demişdi: "Biz də terrorçu ola bilərik. Biz də "Mauzer" tüfənglər saxlayıb, bomba ata bilərik, biz də ermənilərin ən yaxşılarını, qubernatoru da öldürə bilərik. Lakin biz bunların heç birini etmirik, çünki bu bir alçaqlıq və hökumətə xəyanət siyasətidir. Bu məsələni müzakirə etməkdə qəsdimiz ancaq hökuməti vadar etməkdir ki, öz vəzifəsini, öz işini, öz ədalətini qorxusuz, vahiməsiz, layiqincə yerinə yetirsin. Əgər elə etməsə, biz də terrora keçməyə məcbur olarıq".
- Məhəmməd Əmin Rəsulzadənin köməkçiləri və digər AXC üzvləri arasında münasibətlər necə idi? Hansısa sahələrdə fikir ayrılıqları var idimi?
- Bu suala Məmməd Əmin Rəsulzadənin 28 may 1919-cu il tarixli müraciəti ilə cavab vermək istəyirəm: "Azərbaycan gənci! Bu gün sənin gənc cümhuriyyətinin bir yaşı bitir. Kim bilir? Tarixi-ilahinin tofiqi ilə kaç, bəlkə də, yüzlərlə, minlərlə sənələr sən bugünkü gündə bayrağını götürüb səmimi bir sevinc, həqiqi bir vüqar hissi ilə istiqlal aldığın bu günü xatırlayacaqsan. Azərbaycan gənci! İftixar et, qardaş! Oğuz xan nəsli arasında birinci olaraq ən mədəni üsuli-idarəyə, cümhuriyyət üsuluna nail olan yenə sənsən!"
Məncə, xalqın bu müraciəti yüksək əhvali-ruhiyyə və sevgi ilə qarşılaması sualın cavabıdır.
Könül Cəfərli
"Azərbaycan Xalq Cümhuriyyəti" teqi üzrə xəbərlər
- Sahibə Qafarova: "AŞPA və Avropa Parlamenti Azərbaycanın daxili işlərinə müdaxilə etməyə çalışırlar"
- Bu gün ədliyyə işçilərinin peşə bayramıdır
- Bakını kim idarə edəcəkdi? - Nuru Paşa və Rəsulzadə arasında gərginlik
- Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının yaradılmasından 105 il ötür
- Ordu - Azərbaycan xalqının fəxridir