Baku TV-nin "Hərbi xronika" rubrikasının budəfəki buraxılışında Azərbaycan Ordusunda sovet dövründən qalan"PDM-1" zirehli maşınlarının modernləşdirilməsi və onlara TOLGA antidron sistemi qüllələrinin inteqrasiyası çərçivəsində görülən işlər diqqətə çatdırılıb.
Bildirilib ki, bu layihənin əsas məqsədi köhnə "PDM-1" platformalarını müasir döyüş şərtlərinə uyğunlaşdırmaq, ekipajın sağ qalma şansını artırmaq və FPV dronlar, kamikadze sursatlar, aşağı hündürlükdə uçan hədəflər və pilotsuz aparatlara qarşı effektiv müdafiə imkanları yaratmaqdır. Döyüş maşınlarına AESA radar, elektro-optik müşahidə, jammer, lazer silahı, müxtəlif kaliberli avtomatik toplar və "ENFAL-17" raketi kimi müasir silah sistemləri əlavə olunur.
Rubrikada vurğulanıb ki, yeni qüllə sistemi ekipajın korpus daxilində qalmasını təmin edir, bütün idarəetmə kameralar və ekranlar vasitəsilə həyata keçirilir, bu isə heyətin təhlükəsizliyini xeyli artırır.
Sonda qeyd olunub ki, layihə çərçivəsində "ortaq istehsal" modeli də nəzərdə tutulur, bu isə TOLGA-ya aid hissələrin Azərbaycanda istehsalını, texniki xidmət bazasının yaradılmasını və gələcək modernizasiya imkanlarını mümkün edir. Layihənin həyata keçirilməsi Azərbaycanla Türkiyə arasındakı strateji münasibətləri möhkəmləndirməklə yanaşı, sərfəli hərbi-texniki əməkdaşlıq nümunəsi kimi də qiymətləndirilir.