Bir neçə gündür ki, erməni silahlıları tərəfindən aramsız atəşə məruz qalan Tovuzun Əlibəyli kəndində insanların evlərini tərk etdikləri haqqında yayılan məlumatlara aydınlıq gətirilib.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, kənd rəsmiləri və yerli sakinlər bir mənalı olaraq bildiriblər ki, atəşkəsin ən intensiv pozulduğu vaxtda belə heç bir sakin doğma kəndini tərk etməyib
Gündüz vaxtı Əlibəylidə sərbəst hərəkət etmək asan olsa da gecələr bu yollar gülləbarandan keçilməz olur. Burada ilk dəfə olan adam real təhlükəni bir o qədər də hiss eləmir. Ta ki bir kənd sakini ona düşmən postunun nə qədər yaxın olduğunu göstərənədək. Əlibəylidə sakinlər sanki hərbi rejimə öyrəşib. Uşaqdan-böyüyə hər kəs az qala hərbi postların yerini əzbər bilir. Bu dəfə kənddə mənə 14 yaşlı Ayxan bələdçilik edir. O, düşmən gülləsinin qonşulıqdakı evlərə vurduğu ziyanları göstərir.
Bir neçə gün öncə erməni silahlılarının açdığı atəşdən güllə yarası alan Anya Ələkbərova da Əlibəylidə yaşamağın nə qədər çətin olduğundan danışır. Bununla belə torpaqlarını tərk etmək niyyətlərinin olmadığını deyir.
Yerli sakinlər deyir ki, atışma zamanı güllələrdən qorunmaq üçün bəzən saatlarla evlərdə və ya sığınacaqlarda qalmalı olurlar.
“Erməni silahlıları Əlibəyli kəndini atəşə tutmağa başlayanda kənd sakinləri bu köhnə tikilidə saxlanmağa çalışırlar. Amma atışma zamanı bura gəlməyin özü də cəsarət tələb edir və olduqca təhlükəlidir.”
Əlibəyli kənd icra nümayəndəliyi də günün əksər hissəsini sakinlərin arasında keçirir. İcra nümayəndəsinin müavini Ələddin Mehdiyev deyir ki, uzun müddətdir atışma intensiv hal alsa da bir ailə də olsun, kəndi tərk etməyib.
Cəbhəyə ən yaxın kəndlərdən sayılan Əlibəyli sakinlərinin əsas gəlir yeri əkin-biçindir. Lakin düşmən sakinlərə təsərrüfatla da məşğul olmaca macal vermir. Yerli sakinlər bəzi kommunal xidmətlərdə onlara güzəştlərin tətbiq olunmasını arzu edirlər.