Azərbaycanın xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev iyunun 29-da Belarusun paytaxtı Minskdə keçirilmiş Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin qeyri-rəsmi dialoq görüşündə iştirak edib.
Xarici İşlər Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, görüşdə iştirakçılar Şərq Tərəfdaşlığının Riqa Zirvə toplantısından sonra Avropa İttifaqı (Aİ) ilə tərəfdaş ölkələr arasında münasibətlərin gələcək perspektivləri haqqında müzakirə aparıblar.
Bu xüsusda nazir müavini M.Məmməd-Quliyev Azərbaycan Respublikası və Aİ arasında vətəndaşların hərəkəti, enerji və nəqliyyat bağlantılarının yaradılması və ticarət əlaqələrinin inkişaf etdirilməsi imkanlarına toxunub.
O, həmçinin Azərbaycan Respublikasında yaxşı idarəçilik, o cümlədən korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi, sahəsində aparılan islahatlar və həyata keçirilən tədbirlər haqqında məlumat verib və bu çərçivədə ASAN xidmətin səmərəli fəaliyyətini qeyd edib.
Nazir müavini Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri və digər beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş sənədlər əsasında Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həllinin beynəlxalq ictimaiyyət, o cümlədən Aİ tərəfindən dəstəklənməsinin vacibliyini vurğulayıb.
M.Məmməd-Quliyev qarşılıqlı maraqlara söykənən bərabərhüquqlu əməkdaşlığın təşviqi baxımından Azərbaycanın Aİ ilə gələcək münasibətlərini ikitərəfli formatda inkişaf etdirməkdə maraqlı olduğunu bildirib.